Futbol üzrə Azərbaycan I divizionunun 13-cü turu “Araz-Naxçıvan” futbol komandasının daha bir qələbəsi ilə yadda qaldı. Həftəiçi ölkə kubokunun 1/8 final mərhələsində “Simurq” üzərində qələbədən sonra Naxçıvan təmsilçisi bu dəfə “Ağsu” futbol komandasını büdrətdi. Cari mövsümdə ikinci dəfə qarşılaşdığı Şirvan klubu qarşısında mükəmməl oyun sərgiləyən qırmızı-ağlar qazandığı qələbədən sonra liderliyini davam etdirdi.
Tanış rəqib
“Ağsu” futbol komandası cari mövsümdə ikinci dəfə Naxçıvana səfər edirdi. Oktyabrın son günündə ölkə kubokunun 1/16 final mərhələsində “Araz-Naxçıvan”la qarşılaşmaq üçün muxtar respublikaya gələn şirvanlılar yenə məğlubiyyətlə üzləşdilər. O zaman Elmin Çobanovun əlavə edilmiş dəqiqələrdə vurduğu qol komandamızı növbəti mərhələyə daşımışdı. I divizionda ilk dövrənin başa çatmasına iki tur qalmış qırmızı-ağların qonağı olan “Ağsu” son 3 turda qələbə üzünə həsrət idi. Belə ki, “Qaradağ-Lökbatan” və “Turan-T”-yə məğlub olan ağsulular ötən turda doğma arenada “Şəmkir”in müqavimətini qıra bilməmişdilər. Naxçıvana qələbə əzmi ilə gələn “Ağsu”nun heyətində iki futbolçunun olmaması diqqəti çəkirdi. Baş məşqçi Naxçıvandan cari mövsümdə heç bir komandanın xal apara bilmədiyini də yaxşı bilirdi.
“Araz-Naxçıvan”a gəlincə, qırmızı-ağlar “Simurq” qələbəsindən sonra bu matça köklənmişdilər. Məhz buna görə baş məşqçi Əsgər Abdullayev yetirmələrinə oyunun taleyini elə ilk hissədəcə həll etmək tapşırığını vermişdi. Optimal heyətlə meydana çıxan Naxçıvan klubunda qapı yenə Emil Balayevə həvalə edilmişdi. Müdafiə xəttində dəyişilməz Cavid-Ruslan-Mikayıl-Əlimirzə “kvartetinə” orta xətdə Eşqin-Akif-Elgiz triosu köməklik edirdi. Hücumun sivri ucunda olan David Canıyevə isə cinahlarda mübarizə aparan Bəxtiyar Soltanov və Elmin Çobanovun sürətli reydləri nəticəsində öz işini görmək tapşırığı verilmişdi.
Naxçıvanda rekord göstərici
Matç başlamazdan öncə diqqəti cəlb edən məqam stadiona toplaşan azarkeşlərin çoxluğu idi. Azərbaycan çempionatında fanat baxımından qıtlıq çəkən komandalarımızdan fərqli olaraq, Naxçıvan Muxtar Respublika Stadionunu 7000 azarkeş doldurmuşdu ki, bu da istər Premyer-Liqada, istərsə də I divizionda bu tur üçün rekord göstərici idi. Ümumiyyətlə, bu rəqəmə cari mövsümdə I divizionda ilk dəfə rast gəlinirdi. Azarkeşlərin stadiona axını belə davam edərsə, o zaman mövsümün sonunda naxçıvanlı fanatlar Azərbaycan futbol tarixinə adlarını qızıl hərflərlə yazdıracaqlar.
Oyuna gəlincə, “Araz-Naxçıvan”ın futbolçuları baş məşqçi Əsgər Abdullayevin tapşırıqlarını meydanda layiqincə yerinə yetirdiklərini elə ilk dəqiqələrdə nümayiş etdirdilər. Hakim Teymur Fərhadovun fitindən sonra hücuma atılan meydan sahibləri ilk təhlükəli vəziyyəti David Canıyevlə yaratdılar. Ancaq hücumçumuzun zərbə ilə vurduğu top qapıdan bir qədər aralı keçdi. Matçın yarım saatının tamamında isə Mikayıl Rəhimov tablodakı sıfırları dəyişə bilərdi. Belə ki, cərimə meydançasında yaranan qarışıqlıqda topu önündə görən müdafiəçimizin zərbəsini qapıçı meydandan çıxartdı. Ardınca isə Ruslan Abıyevin uzaqdan zərbəsi stadiona toplaşmış azarkeşlərə həyəcanlı anlar yaşatdı. Muxtar respublika təmsilçisi istəyinə görüşün 39-cu dəqiqəsində çatdı. Meydanın mərkəzində qurulan hücumdan sonra sağ cinahda irəliləyən Cavid Həsənov komanda yoldaşlarından ideal ötürmə aldı. Rəqib müdafiəçini aldadaraq cərimə meydançasına daxil olan Cavidin mükəmməl asmasını David Canıyev eyni gözəlliklə qapıya göndərdi – 1:0. Bu, hücumçumuzun cari mövsümdə rəqib qapılarından keçirdiyi 12-ci qol oldu.
İkinci hissə də qırmızı-ağlar üçün pis başlamadı. Əvvəlcə Əsgər Abdullayev Akif Tağıyevi Fərman Qəmbərovla, David Canıyevi isə Emin İmaməliyevlə əvəzlədi. Xüsusilə ikincinin meydana daxil olmasından sonra hücum xəttindəki sürət bir qədər də aktivləşdi. Künc zərbələrinin birində yenə səhnəyə Mikayıl Rəhimov çıxdı. Onun başla oyununda tam dəqiqlik çatmadı. Ardınca E.İmaməliyev sağ cinahdan cərimə meydançasına daxil oldu, lakin onun zərbəsinin qarşısını rəqibin müdafiəçiləri ala bildilər. Bir epizodda isə Bəxtiyar Soltanov tablodakı rəqəmləri dəyişə bilərdi. Belə ki, rəqib müdafiəçilərin bir-birlərini anlamamasından sonra araya girən B.Soltanovun zərbəsini qapıçı dəf etdi. “Ağsu”nun nadir hücumlarından birində Nicat Tağıyevin zərbə ilə vurduğu top qapıdan aralı keçdi. Qapımız önündə yaranan bir təhlükəli epizodda isə müdafiəçilərimizin bir-birini başa düşməməsi diqqətdən yayınmadı. Künc zərbəsindən edilən asma iki müdafiəçimizdən keçsə də, rəqib futbolçuların topa toxuna bilməməsi təhlükəni sovuşdurdu. Beləliklə, “Araz-Naxçıvan” cari mövsümdə 12-ci qələbəsini qazandı və turnir cədvəlindəki mövqeyini qorudu. Bu qələbədən sonra komandamızın aktivindəki xal 37-yə yüksəldi.
Qeyd edək ki, “Araz-Naxçıvan” futbol komandası növbəti oyununu səfərdə keçirəcək. Dekabrın 15-də qırmızı-ağlar Nəriman Nərimanov adına Neftçala Şəhər Stadionunda eyniadlı komandanın qonağı olacaq.
Ceyhun MƏMMƏDOV