22 Dekabr 2024, Bazar

Futbol üzrə Azərbaycan I divizionunun 12-ci turu çərçivəsində “Araz-Naxçıvan” futbol komandası dünən Mingəçevirdə “Energetik”in qonağı idi. Ötən həftə çətin “Şuşa” qələbəsindən sonra Aran zonasındakı oyun komandamız üçün bir qədər asan oldu. Mingəçevir şəhərində yerli komanda ilə oyunun taleyini muxtar respublika klubu elə ilk hissədəcə həll etdi. Bu qələbə ilə cari mövsümdə məğlubiyyətsizlik seriyasını 12-yə yüksəldən qırmızı-ağlar liderliyini də davam etdirdi.

İndiyə qədər “Energetik” futbol komandası ilə qarşılaşmayan “Araz-Naxçıvan” Mingəçevirə itkilərlə yollanmışdı. Belə ki, komandanın əsas müdafiəçiləri Mikayıl Rəhimov, Əlimirzə Daşzərini və yarımmüdafiəçi Fərman Qəmbərov bu oyunu buraxmalı olmuşdular. “Şuşa” ilə matçda sarı vərəqə limitini dolduran bu futbolçular baş məşqçi Əsgər Abdullayev tərəfindən heyətə daxil edilməmişdilər.

Adıçəkilən oyunçuların olmaması baş məşqçini dəyişiklik etməyə vadar etmişdi. Belə ki, 4-3-3 taktikası ilə meydana çıxan qırmızı-ağlarda müdafiə xətti Ruslan-Cavid-Rəşad-Emin kvartetinə tapşırılmışdı. Yarımmüdafiə xəttində isə Elgün-Eşqin-Elgiz triosu rəqibin müdafiə xəttini yarmağa çalışdı. Həmişə olduğu kimi, qırmızı-ağlar yenə də hücumun sivri ucunda David Canıyevə bel bağlamışdılar. Bəxtiyar Soltanov və Elmin Çoban­ov isə cinahlardan rəqib qapısına yol tapmağa calışırdılar.
Oyun “Araz-Naxçıvan”ın istədiyi kimi başladı. Son 4 oyunda qapısından 18 top buraxan meydan sahibləri önündə hücum futbolu sərgiləyən qırmızı-ağlar oyunun 15 dəqiqəsi tamam olmamış rəqib qapıçını məyus etməyə müvəffəq oldular. Belə ki, sol cinahdan Emin İmaməliyevin etdiyi asmanı rəqib müdafiəçi açıq şəkildə əli ilə ram etdi. Hakim Sərxan İsmayılov isə tərəddüd etmədən 11 metrlik nöqtəni göstərdi. Topa yaxınlaşan David Canıyev qapıçının əks istiqamətindən topu tora göndərdi – 1:0. Qeyd edək ki, bu, hücumçumuzun cari mövsümdə vurduğu 10-cu qol oldu.
Bundan sonra hücumlarını davam etdirən qonaq komanda bir neçə epizodda hesab arasındakı fərqi artıra bilərdi. Di gəl ki, futbolçuların bir qədər qeyri-dəqiqliyi buna imkan vermədi.
İkinci hissəyə də “Araz-Naxçıvan” yaxşı başladı. Ardıcıl hücumlar nəticəsində David Canıyev oyunda dublunu rəsmiləşdirdi. Belə ki, cərimə zərbəsindən edilən asmanı hamıdan yüksəyə tullanan Ruslan Abıyev başı ilə komanda yoldaşına ideal ötürmə verdi. David isə, öz növbəsində, boş qapını dəqiq nişan almaqda çətinlik çəkmədi – 2:0. Artıq tam rahat olaraq oynayan muxtar respublika klubu 66-cı dəqiqədə qapısında qol gördü. Futbolçumuz Ruslan Abıyev cərimə meydançasından kənarda rəqibə qarşı kobud oynasa da, referi Sərxan İsmayılov 11 metrlik nöqtəni göstərdi.
Hesab arasındakı fərqin minimuma enməsinə baxmayaraq, Naxçıvan təmsilçisi hücumlarına ara vermədi. Nəticədə, oyuna sonradan daxil olan Rəhman Musayev uzun fasilədən sonra qol hesabını açdı. Elvin Cəbrayıllının ideal ara ötürməsini R.Musayev dəqiq zərbə ilə qapıdan keçirdi – 3:1. Mingəçevirə təşrif buyurmuş naxçıvanlı azarkeşlər sevimli komandalarının timsalında daha bir dəfə qol sevinci yaşadılar. Buna kimi isə Eşqin Quliyev daha bir dəfə qapıçını məyus edə bilərdi. Üzbəüz epizodda onun zərbəsi qapıdan azacıq aralı keçdi. Ancaq Emin İmaməliyevin mükəmml qolu stadiona toplaşmış azarkeşləri ayağa qaldırdı. 85-ci dəqiqədə komanda yoldaşından ötürmə alan E.İmaməliyevin uzaqdan zərbə ilə vurduğu top toru silkələdi – 4:1. Bu qələbədən sonra xalını 34-ə yüksəldən “Araz-Naxçıvan” liderliyini bir qədər də möhkəmlətdi.
Qeyd edək ki, “Araz-Naxçıvan”ın növbəti oyunu dekabrın 4-də olacaq. Azərbaycan kubokunun 1/8 final mərhələsində komandamız doğma arenada Zaqatalanın “Simurq” komandasını qəbul edəcək. Oyunun başlama saatı isə 1400-dür.

Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR