Futbol üzrə Azərbaycan I divizionunun 12-ci turunda “Araz-Naxçıvan” futbol komandası Mingəçevirdə yerli “Energetik”in qonağı olacaq. Bu gün səhər saatlarında Gəncəyə yola düşən muxtar respublika klubu Nizami yurdundan Mingəçevirə yollanacaq. Qırmızı-ağlar günün ikinci yarısında oyunun keçiriləcəyi Yaşar Məmmədzadə adına Şəhər Stadionunda son məşqinə çıxacaq. Komandamız bu görüşə itkilərlə yollanıb. Belə ki, “Şuşa” ilə matçda 4-cü sarı vərəqələrini alan müdafiəçilərimiz Mikayıl Rəhimov, Əlimirzə Daşzərini və Fərman Qəmbərov bu oyunu buraxmaq məcburiyyətində qalıblar. “Araz-Naxçıvan”ın baş məşqçisi Əsgər Abdullayevin adıçəkilən futbolçuların əvəzinə meydana daha fərqli heyət çıxaracağını təxmin etmək olar.
“Energetik”ə gəlincə, Mingəçevir təmsilçisi I divizionda daim autsayder qismində iştirak edib. Bunun bariz nümunəsidir ki, cari mövsümdə Sahib Qocayevin yetirmələri cəmi 4 xal qazanıblar və turnir cədvəlində 15-ci pillədə qərarlaşıblar. Digər tərəfdən, bu klub son 4 matçda rəqib qapılarına yol tapa bilməyib, öz qapısından isə 18 qol buraxıb.
Ceyhun MƏMMƏDOV