22 Dekabr 2024, Bazar

İdman qədim tarixə malik olan və çoxfunksiyalı xarakter daşıyan fəaliyyət növüdür. Bir tərəfdən insan sağlamlığının təmin olunmasının ən etibarlı vasitələrindən biri kimi qəbul edilən idman, digər tərəfdən ölkənin müxtəlif yarışlarda dünya səviyyəsində tanıdılmasında, gənclərin zərərli vərdişlərdən uzaqlaşdırılaraq düzgün istiqamətləndirilməsində və peşəkar idmançılar üçün məşğulluğun təmin olunmasında əhəmiyyətli rola malikdir. İdman artıq ölkəmizdə dövlət siyasətinin bir hissəsini təşkil edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “İdmanın inkişafı bizim dövlət siyasətimizdir və idman infrastrukturunun yaradılması prosesi davam edir. Biz gələcək illərdə də bu istiqamətdə işlərimizi davam etdirəcəyik ki, hər bir rayonda idmanla məşğul olmaq üçün ən müasir şərait yaradılsın”. 

Muxtar respublikamızda idmanın inkişafı diqqət mərkəzindədir və bu sahədə görülən işlər əhalinin sağlam həyat tərzinin təmin edilməsi üçün xüsusi önəm kəsb edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Sağlam cəmiyyət quruculuğunda və gənclərlə işin düzgün təşkilində bədən tərbiyəsi və idmanın mühüm rolu vardır. Muxtar respublikada idman sahəsi hər zaman diqqətdə saxlanılır, gənclərin idmana və təhsilə cəlbi istiqamətində ardıcıl tədbirlər görülür, hər il bədən tərbiyəsi və idmanın inkişafı ilə bağlı müşavirə keçirilir, vəzifələr müəyyənləşdirilir. Bu sahədə görülən işlərin nəticəsidir ki, muxtar respublikada sağlam nəsil yetişir. Gənclər zərərli vərdişlərdən uzaqdır. İdman sahəsində uğurlar qazanılır”. Qazanılan uğurlarda əməyi olan idmançıların fəaliyyətinin qiymətləndirilməsi isə Naxçıvanda idmana göstərilən dövlət qayğısının mühüm təzahürüdür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nda da bu istiqamətdə tədbirlər nəzərdə tutulmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 9 iyul tarixli Sərəncamı ilə idman sahəsi üzrə Babək rayon Vayxır kənd tam orta məktəbinin şagirdi Vüsal Seyidov Ali Məclis Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülmüş və onun adı Gənc İstedadların “Qızıl kitabı”na yazılmışdır. İyulun 14-də – ulu öndərin ölkəmizə rəhbər seçilməsinin 51-ci ildönümündə keçirilən mərasimdə Ali Məclisin Sədri təqaüd kartını gənc idmançıya təqdim etmişdir.

Naxçıvanda əhalinin bədən tərbiyəsi və idmana meylinin gücləndirilməsi ilə bağlı təşkil olunan tədbirlər sosial faydalı əhəmiyyətə malikdir. İdmanın kütləvi xarakter almasına yönələn bu tədbirlər müxtəlif yaş qruplarına məxsus şəxslərin cəmiyyətin sosial-iqtisadi və mədəni həyatında iştirakını təmin edir. Dövlət proqramının icrasına uyğun olaraq idmançıların sağlam ruhda böyümələri, zərərli vərdişlərdən uzaq durmaları üçün iyulun 23-də “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi altında voleybol üzrə Şahbuz və Ordubad rayon komandaları arasında yoldaşlıq görüşü, boccia üzrə Babək rayon birinciliyi keçirilmişdir. Avqustun 6-da yeniyetmə və gənclərin fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi və Vətənin müdafiəsinə hazırlanması məqsədilə interaktiv tir üzrə birincilik təşkil olunmuşdur. Həmçinin 1 oktyabr – Beynəlxalq Ahıllar Günündə ahıl şəxslər arasında stolüstü idman oyunları üzrə muxtar respublika birinciliyi keçirilmişdir. Ümumilikdə, Naxçıvanda iyul-sentyabr aylarında əhalinin fiziki inkişafa, sağlam həyat tərzinə olan tələbatının ödənilməsi, idmanın kütləviliyinin təmin edilməsi məqsədilə 176 idman tədbiri təşkil olunmuşdur.
Muxtar respublikamızda qədim tarixə malik olan mühüm idman növlərindən biri şahmatdır. Özünəməxsus cəhətləri ilə fərqlənən şahmat insanda məntiqi və abstrakt təfəkkürün aktiv inkişafına ciddi təsir göstərir. Naxçıvanın şahmat üzrə müxtəlif beynəlxalq yarışlara ev sahibliyi etməsi bu idman növünün muxtar respublikamızda yüksək inkişaf səviyyəsində olmasından xəbər verir. Üçüncü rübdə Dövlət proqramının icrası istiqamətində Naxçıvan Şahmat Federasiyası tərəfindən Türkiyə şahmatçıları ilə onlayn qaydada təşkil olunan 5 şahmat yarışı bu sahədə beynəlxalq əməkdaş­lığın genişləndirilməsinin diqqət mərkəzində saxlanıldığını göstərir.
Müxtəlif yarışlarla yanaşı, müasir idman infrastrukturunun yaradılmasında da beynəlxalq səviyyədə təcrübə mübadiləsi mühüm əhəmiyyət daşıyır. Üçüncü rübdə Naxçıvan Futbol Federasiyasının nümayəndələri Uzunoba gölünün ətrafında inşa olunan Təlim-məşq Kompleksinin tikintisində beynəlxalq təcrübədən faydalanmaq üçün Türkiyənin Mersin şəhərində olmuşlar.

Bu dövrdə muxtar respublikada dövlət büdcəsi hesabına Uzunoba Su Anbarı ərazisində çimərlik futbolu meydançasının yaradılması başa çatdırılmışdır. İdman sahəsində pullu xidmət növlərinin inkişaf etdirilməsi də diqqət mərkəzində olmuş, Kəngərli rayonunda süni örtüklü futbol meydançasının yaradılması davam etdirilmişdir.
Naxçıvanda idman ən önəmli strateji sahələrdən biridir. Bu sahədə kütləviliyin təmin olunması ilə yanaşı, qazanılan uğurların sayının çoxaldılması və beynəxalq şöhrətli idmançıların hazırlanmasına xüsusi önəm verilir. Qeyd edilən məqsədə nail olmağın bir yolu da təcrübəli məşqçilər tərəfindən idmançılara təlimlər keçirilməsi və müxtəlif görüşlərin təşkil olunmasıdır. Bu istiqamətdə iyulun 23-də Azərbaycan Milli Paralimpiya Komitəsinin boccia üzrə milli komandasının baş məşqçisi ilə muxtar respublikada sağlamlıq imkanları məhdud 18 yaşadək bocciaçıların, avqustun 14-də isə komitənin stolüstü tennis üzrə uşaq milli komandasının baş məşqçisi ilə stolüstü tennislə məşğul olan paralimpiyaçıların onlayn formatda görüşü təşkil edilmişdir. Eyni zamanda muxtar respublikaya təcrübəli məşqçilərin dəvət olunması da davam etdirilmişdir. 21-25 sentyabr tarixlərdə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının əməkdaşları tərəfindən Naxçıvanda futbol məşqçiləri üçün “C” kateqoriyalı məşqçilik kursları təşkil olunmuşdur.
Bütün sosial-iqtisadi fəaliyyət növlərində olduğu kimi, idman istiqamətində də ixtisaslı kadrların yetişdirilməsi və onların muxtar respublikanın idman həyatında aktiv iştirakının təmin edilməsi bu sahədə tərəqqini şərtləndirən amillərdəndir. Dövlət proqramının icrası məqsədilə üçüncü rübdə bədən tərbiyəsi və idman sahəsində tədrisin ixtisaslı müəllimlər tərəfindən aparılması diqqətdə saxlanılmışdır. Belə ki, bu dövrdə ümumtəhsil məktəblərində fiziki tərbiyə üzrə 12 ixtisaslı müəllim işlə təmin edilmişdir. Eyni zamanda ali təhsil müəssisələrində hamiliyə götürülən ixtisaslarda təhsil alan gənclərin muxtar respublikanın idman həyatında aktiv iştirakı da diqqət mərkəzində olmuş, 4 tələbə haqqı ödənilməklə Naxçıvan Muxtar Respublikasında keçirilən futbol oyunlarında hakim qismində iştirak etmişdir.
İdmançıların bu sahəyə marağının artırılması ilə bağlı görülən tədbirlər stimullaşdırıcı xarakter daşımaqla yanaşı, sosial əhəmiyyəti ilə də fərqlənir. Naxçıvanda üçüncü rübdə aztəminatlı ailələrdən olan 35 yeniyetmə və gəncin ödənişsiz idmanla məşğul olması üçün şərait yaradılmışdır. Həmçinin 66 idmançının müxtəlif geyim dəstləri və digər ləvazimatlarla mükafatlandırılması onların təminatlarının Dövlət proqramının icrasına uyğun olaraq diqqətdə saxlanmasından xəbər verir.
Muxtar respublikamızda fiziki imkanları məhdud insanların sosial rifahının yaxşılaşdırılması üçün lazımi şərait yaradılmışdır. Sağlamlıq imkanları məhdud şəxslərlə idmanın təbliği ilə bağlı həyata keçirilən tədbirlər isə onların cəmiyyətə inteqrasiyasını sürətləndirir. Məhdud fiziki imkanlara malik şəxslərdə bədən tərbiyəsi və idmana marağın artırılması onların müxtəlif yarışlara cəlb edilməsi ilə nəticələnir ki, bu da idmanın inklüziv cəhətini üzə çıxarır. Qeyd etmək lazımdır ki, Naxçıvan Üzgüçülük Mərkəzində sağlamlıq imkanları məhdud 10 şəxs üzgüçülük idman növü ilə məşğul olur. İyul-sentyabr aylarında bədən tərbiyəsi və idmanın məhdud fiziki imkanlı gənclərin reabilitasiyasında əhəmiyyəti ilə bağlı 40 gənc və onların valideynləri ilə maarifləndirici söhbətlər aparılmışdır. Həmçinin 12 avqust – Beynəlxalq Gənclər Günü münasibətilə sağlamlıq imkanları məhdud gənclər üçün 4 videoçarx hazırlanmışdır.
Bədən tərbiyəsi və idman sahəsində kütləviliyin təmin olunması, ilk növbədə, geniş təbliğat işinin aparılmasından asılıdır. Naxçıvanda idman sahəsində görülən maarifləndirici tədbirlər idmançıların sayının artması ilə yanaşı, onların mənəvi-ideoloji baxımdan hazırlıqlı olmasında da əsaslı rol oynayır. İyul-sentyabr aylarında yeniyetmə və gənclər arasında idman növlərinin təbliği ilə bağlı sosial şəbəkələrdə 70 paylaşım edilmişdir. Bu məqsədlə müasir texnologiyaların imkanlarından istifadə olunması istiqamətində Gənclər Fondunun “Instagram” sosial şəbəkəsi üzərindən 2 müsabiqə keçirilmişdir. Naxçıvan Turizm İnformasiya Mərkəzinin rəsmi internet səhifəsində, eləcə də sosial şəbəkə hesablarında Ağbulaq Xizəksürmə Mərkəzinin fəaliyyəti ilə bağlı 9 məlumat paylaşılmışdır. Üçüncü rübdə idmanın təbliği məqsədilə Naxçıvan Dövlət Televiziyasında 7 proqram, 4 veriliş, 1 film, 1 videoçarx efirə təqdim edilmiş, Naxçıvan Dövlət Radiosunda 23 veriliş hazır­lanmış, “Şərq qapısı” qəzetində 2 yazı dərc edilmişdir.
“2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın icrası muxtar respublikada bədən tərbiyəsi və idmanın gələcəyimiz olan gənc nəslin sağlam, intellektual, hərtərəfli böyüməsinə hesablanmış məqsədyönlü, həm də perspektivli iş olduğunu göstərir.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR