Rusiyanın Anapa şəhərində boks üzrə yeniyetmələr arasında Avropa birinciliyinə yekun vurulub, bu yarışda həmyerlimiz mükafata layiq yer tutub.
Bu barədə qəzetimizə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, yeniyetmə idmançılar arasında keçirilən yarışda iştirak edən muxtar respublika idmançısı Tayfur Əliyevin döyüşləri yaddaqalan olub. 52 kq çəki dərəcəsində mübarizə aparan yeniyetmə idmançımız yarımfinala Rumıniya və Macarıstandan olan rəqibləri üzərində qazandığı inamlı qələbə ilə vəsiqə alıb. Boksçumuz yarımfinalda İtaliya təmsilçisi Marko Amorozona qalib gələrək həlledici mərhələyə vəsiqə əldə edib. Finalda isə həmyerlimiz Rusiya idmançısı ilə qarşılaşıb. Həlledici döyüşdə qələbəni əldən verən idmançımız ikinci yerə layiq görülüb. Mükafata layiq yeri tutmuş boksçumuza diplom, medal və qiymətli hədiyyələr təqdim edilib.
Xəbərlər şöbəsi