Futbol üzrə Azərbaycan I divizionunun 11-ci turu çərçivəsində “Araz-Naxçıvan” futbol komandası noyabrın 23-də doğma arenada “Şuşa” futbol komandası ilə qarşılaşacaq. Bakıda məskunlaşan rəqib komanda cari mövsümdə baxımlı oyunu ilə diqqəti cəlb edir. Nadir Qasımovun yetirmələri güclü rəqiblərə qarşı hücum futbolu sərgiləməklə onun müdafiə xəttində gərginlik yaratmağa çalışırlar. Cari ildə “Şuşa” futbol klubu keçirdiyi 10 oyunun 6-da qələbəni bayram edib. Yalnız bir dəfə heç-heçə ilə barışmalı olan şuşalılar 3 dəfə meydanı məğlub tərk ediblər. Ötən tur doğma arenada “Şəmkir”i darmadağın edən “Şuşa” Naxçıvana itkilərlə gəlir. Belə ki, 9-cu turda qırmızı vərəqə alan Frensis Boadi və ötən tur cəzalandırılan İsrafil Qarayev “Araz-Naxçıvan”la oyunu buraxmalı olacaqlar. Bununla yanaşı, komandanın baş məşqçisi Nadir Qasımov Nizam-İntizam Komitəsinin qərarına əsasən, “Araz-Naxçıvan”da daxil olmaqla, 5 oyunda oyunu tamaşaçı kimi seyr edəcək.
“Araz-Naxçıvan”a gəlincə, “MOİK” üzərində qələbədən sonra Əsgər Abdullayevin yetirmələri bu matça da ciddi hazırlaşırlar. Gündə iki dəfə məşq prosesi keçməklə 11-ci turun hazırlıqlarını davam etdirən muxtar respublika klubunun heyətində zədəli futbolçu yoxdur. Ötən tur sarı vərəqə ilə cəzalandırılan Elgün Abbaslı cari mövsümdə 4-cü dəfə hakimlərin qəzəbinə tuş gəlib və “Şuşa” ilə matçdan öncə cəzalı vəziyyətə düşüb.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublika Stadionunda keçiriləcək oyunun başlama vaxtı saat 1500-dir.
Ceyhun MƏMMƏDOV