“Sədərək” komandası yarışın qalibi olub
Muxtar respublika gömrük orqanları arasında keçirilən futzal turnirinə yekun vurulub. Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən yarışda 6 komanda mübarizə aparıb.
Turnir üç turdan ibarət olub. Oyunlar dairəvi sistem üzrə keçirilib. Əsasən, dörd komandanın çempionluq şansı yüksək qiymətləndirilsə də, bu şansı reallığa çevirən tərəf “Sədərək” olub. Birinci tur çərçivəsində oynanılan “Komitə”-“Sədərək” oyunu ümumi nəticə üçün həlledici olub.
Son oyun günündə üz-üzə gələn “Komitə” və “Şahtaxtı” komandalarının qarşılaşmasında ikinciliyin taleyinə aydınlıq gətirilib. Bu oyunda minimum bir xala ehtiyacı olan komitə təmsilçiləri 7:3 hesablı qələbə ilə xal ehtiyatını 12-ə çatdıraraq turnirin ikincisi olublar.
Komandaların mükafatlandırılması mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov ölkəmizdə, o cümlədən muxtar respublikamızda idmanın inkişafına və kütləviliyinə göstərilən yüksək dövlət qayğısından danışıb. Gömrükçülər arasında idmanı təbliğ etmək, onların fiziki sağlamlığının qayğısına qalmaq məqsədilə keçirilən yarışların ənənəvi xarakter aldığını qeyd edən komitə sədri idmanın gömrük əməkdaşları arasında qarşılıqlı münasibətlərin inkişafına müsbət təsir göstərdiyini, onların mübarizlik hisslərini artırdığını diqqətə çatdırıb.
Sonra komandaların və turnirdə fərqlənən idmançıların mükafatlandırılması mərasimi olub. Bütün oyunlarda maksimum nəticə göstərən “Sədərək” komandası turnirin keçici kuboku ilə yanaşı, kubok, diplom və medallarla təltif olunub. Həmçinin turnirin “ən yaxşı müdafiəçi”si, “ən yaxşı qapıçı”sı, “ən məhsuldar oyunçu”su və “ən yaxşı məşqçi”si adına layiq görülənlər də mükafatlandırılıblar.
Naxçıvan Muxtar Respublikası
Dövlət Gömrük Komitəsinin mətbuat xidməti