22 Dekabr 2024, Bazar

Azərbaycan I divizionunun 10-cu turu da “Araz-Naxçıvan” futbol komandası üçün uğurlu oldu. Bundan əvvəlki oyunda doğma arenada “Bakılı”nı məğlubiyyətə uğradan muxtar respublika klubu bu dəfə paytaxtın digər bir təmsilçisi “MOİK”i də (Mərkəzi Ordu İdman Klubu) məğlub etməyi bacardı.

İki görüş

“Araz-Naxçıvan” hələ 2001/2002-ci illər mövsümündə “MOİK”lə 2 dəfə qarşılaşmış və birində qələbə qazanmış, digərində isə meydanı məğlub tərk etməli olmuşdu. Xüsusilə Bakıda keçirilən oyun qolların sayına görə yadda qalmışdı: 3:4.
“Araz-Naxçıvan”ın baş məşqçisi Əsgər Abdullayev yetirmələrini bu matç üçün xüsusi hazır­lamışdı. Düzdür, komandamız 11 il bundan öncə səfərdə məğlubiyyətlə üzləşmişdisə, “ev”də minimal hesabla qalib gəlməyi bacarmışdı. I divizionda öz dəst-xətti ilə seçilən “Araz-Naxçıvan” bu görüşdə də meydana 4-3-3 taktikası ilə çıxmışdı. Matçın taleyini elə ilk hissədə həll etmək istəyən Əsgər Abdullayev yetirmələrinə hücum xəttində aktiv olmalarını tapşırmışdı.

“MOİK”ə gəlincə, meydan sahibləri cari mövsümdə qeyri-adi çıxışları ilə hamını təəccübləndirməkdədirlər. Son iki turu qələbə ilə başa vuran “MOİK” ötən mövsümün çempionu “Ağ­su”dan da xal almağı bacarıb. Həmçinin Bakı klubu bir sıra iddialı komandalardan xal almaqla hamının diqqətini cəlb edib. Bu futbol komandası yeni baş məşqçi Namiq Adilovun rəhbərliyi altında istənilən iddialı komandadan xal almağa qadir olduğunu nümayiş etdirməkdədir.

Davidin uğurlu seriyası

Turnir cədvəlinin 6-cı pilləsində qərarlaşan “MOİK” qarşısına ideal heyətlə çıxan “Araz-Naxçıvan”ı bu görüşdə azarkeşlər tək buraxmadılar. Belə ki, ötən həftə Bakıda yeni yaradılan “Nəqşicahan” fan-klubunun 200-dən çox azarkeşi matçın keçirildiyi stadionda sevimli komandalarını dəstəklədi.
İlk dəqiqələrdən sərt mübarizə şəraitində keçən matçı ələ almaq istəyən referi Anar Salmanov ara-sıra futbolçulara vərəqə göstərərək görüşdə təzyiqin artmasına səbəb olurdu. İlk hissənin ortalarında üstünlüyü tam olaraq ələ alan muxtar respublika təmsilçiləri bir neçə epizodda hesabı aça bilərdilər. Xüsusilə David Canıyevin mükəmməl zərbəsi qapı tirində “partlayandan” sonra rəqib qapısına hücumların sayı daha da artmağa başladı. Sol cinahdan edilən ardıcıl asmalar və uzaqdan zərbələr “MOİK”in müdafiə xəttində vəlvələ yaratmışdı. Buna baxmayaraq, topun qapı xəttini keçməməsi futbolçularımızın da psixoloji durumunu çətinə salırdı. Böyük azarkeş dəstəyi ilə keçən matçın ilk hissəsində tablodakı sıfırlar dəyişməz olaraq qaldı.
İkinci hissədə meydan sahiblərinin əsas məqsədi hesabı bu cür saxlamaq, qonaqların isə hədəfi Naxçıvana 3 xalla qayıtmaq idi. Buna görə rəqibin baş məşqçisi Namiq Adilov müdafiə xəttini gücləndirdi. Onun əksinə olaraq Əsgər Abdullayev qələbə qazanmaq üçün heyətdə bir sıra dəyişikliklər etdi. Akif Tağıyev və Eşqin Quliyevin əvəzinə meydana Emin İmam­əliyevlə Elgün Abbaslını buraxan baş məşqçi hücumdakı təzyiqi daha da artırdı. Oyunda cinahları tam olaraq ələ alan qırmızı-ağlar matçın son 15 dəqiqəsini, demək olar ki, rəqibin cərimə meydançasında keçirdi. Sərbəst zərbələrdən edilən asmalar isə “MOİK” müdafiəsinin çaxnaşmada olduğunu göstərirdi. Ardıcıl edilən bu hücumlar artıq qolun gələcəyini qabaqcadan xəbər verirdi. Hakimin matçın sonuna əlavə etdiyi son 4 dəqiqədə isə “Araz-Naxçıvan” istəyinə nail oldu. Sağ cinahdan Cavid Həsənovun cərimə meydançasında olan Emin İmam­əliyevə ötürməsinin qarşısını rəqib müdafiəçilər kobudluqla aldılar. Anar Salmanov isə tərəddüdsüz olaraq penalti nöqtəsini göstərdi. Referinin bu qərarı “MOİK” futbolçularının və rəsmilərinin etirazına səbəb oldu. Hətta bir məqamda rəqib futbolçular etiraz əlaməti olaraq meydanı tərk etmək istədilər. Sonradan meydana qayıdan “MOİK” futbolçuları penalti zərbəsinin yerinə yetirilməsinə tamaşa etdilər. Topa yaxınlaşan David Canıyev topu qapıçının əks tərəfindən tora göndərdi – 1:0. Bu, “Araz-Naxçıvan”ın hücumçusunun cari mövsümdə rəqib qapılarından keçirdiyi 9-cu qol oldu. Bundan sonra əsəblərinə hakim ola bilməyən meydan sahibləri oyunu azlıqda başa vurmağa məcbur oldular. Belə ki, “MOİK”in kapitanı Zeynal­abdin Hüseynov sürəkli etirazlardan sonra meydandan qovuldu. Hesabı sonadək qoruyan “Araz-Naxçıvan” cari mövsümdə 9-cu qələbəsini bayram etdi və liderliyini qorudu. Hazırda aktivində 28 xalı olan muxtar respublika təmsilçisi növbəti matçını noyabrın 23-də doğma arenada “Şuşa” futbol komandasına qarşı keçirəcək.

Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR