Cari mövsümdən Azərbaycan I divizionunda çıxışını təmin edən “Araz-Naxçıvan” futbol komandası uğurlu oyunlar seriyasını davam etdirməkdədir.
Qısa vaxtda Naxçıvan təmsilçisinin belə nəticəyə imza atması futbol ictimaiyyətinin diqqətini cəlb edib. Ölkə mətbuatında artıq muxtar respublika klubunun uğurlu çıxışı, çempionat oyunları və gələcək planları haqda silsilə yazılar dərc olunur. Təbii ki, komandamızın təqdirəlayiq çıxışında tərəfdar amilinin də rolu vardır. I divizion komandaları arasında fanat ordusu baxımından özünəməxsus yer tutan qırmızı-ağların “ev” oyunlarını ən az halda 3000 azarkeş izləyir. Bu göstərici isə hətta Azərbaycan Premyer Liqasında mübarizə aparan bəzi komandaların oyunlarına gələn fanat sayını geridə qoyur.
Məlum olduğu kimi, “Araz-Naxçıvan” yenidən formalaşdırıldıqdan sonra Naxçıvanda “ultrAraz” fan klubu da fəaliyyətə başladı. “Ev” oyunlarında daim komandamızı dəstəkləyən fanatlar öz şüarları ilə Azərbaycan futbolunda artıq yeni dəst-xətt yaratmağa müvəffəq olublar. Doğma arenada keçirilən oyunlardan fərqli olaraq, səfər matçlarına yollana bilməyən azarkeşlər buna da bir əlac tapıblar. Belə ki, uzun müddət davam edən müzakirələrdən sonra Bakıda “Araz-Naxçıvan”ın daha bir fan klubu – “Nəqşicahan” azad azarkeşlər klubu yaradılıb. Qısa zamanda formalaşan fan klubun artıq idarə heyəti də müəyyənləşdirilib. Belə ki, Yağmur İbrahimovun rəhbərlik etdiyi azad azarkeşlər klubu idarə heyətinin 7 üzvü var.
Fan klubun sədri Y.İbrahimovun dediklərindən: “Biz “Araz-Naxçıvan” futbol komandası yaradıldığı gündən bu komandanın ətrafında birləşmək istəyənlərlə sosial şəbəkələrdə müzakirələrə başladıq. İlk dəfə Azərbaycan I divizionunun 8-ci turundan əvvəl məsləhətləşdik ki, komandamızı Qusar səfərində dəstəkləyək. 100-dən çox azarkeş toplaşaraq “Şahdağ”la oyuna yollandıq. 90 dəqiqə komandamızı durmadan dəstəklədik. Həm də əsas odur ki, komandamız bu oyunda qələbə qazanaraq bizi sevindirdi. Bu qələbədən ruhlanaraq geri dönərkən qərara gəldik ki, biz azad azarkeş klubu yaradaq və onun ətrafında cəmləşək. Bu barədə yenidən sosial şəbəkədə məlumatlar yaydıq. Əsas müzakirə isə bu klubun adı ilə bağlı keçirildi. Sonda “Nəqşicahan” adı qalib oldu.
Klubun sədri qarşıdakı planları barədə də danışdı: “İlk olaraq, “Nəqşicahan”ın formalaşmasında köməklik göstərən hər kəsə minnətdarlığımı bildirirəm. “Araz-Naxçıvan”ın səfər oyunlarında azarkeşlərin daha kreativ hallarla üzləşəcəyini deyə bilərəm. Artıq “MOİK”-lə matça ciddi hazırlaşmışıq. Bakıda olan naxçıvanlıların əksəriyyəti bizim kluba qoşulmaq istəyir və buna görə də müraciətlər ünvanlanır. Yarandığımız gündən etibarən 300-dən çox tərəfdar artıq bizimlə əlaqə saxlayıb və “Nəqşicahan” klubunun üzvü olmaq istəyir. Qapımız həmişə onlara açıqdır. İnanıram ki, gələcək səfər oyunlarında stadionları yalnız “Araz-Naxçıvan”ın fanat ordusu dolduracaq”.
Ceyhun MƏMMƏDOV