Şərq Döyüşü Sənəti Federasiyasının zəhməti hədər getmir
Naxçıvan Muxtar Respublikası Şərq Döyüşü Sənəti Federasiyasının yetirmələri bu yaxınlarda respublika birinciliyindən qayıdıblar. Bu federasiyanın MMA növü üzrə 4 idmançı ilə paytaxta üz tutan həmyerlilərimizin hamısı mükafatçılar sırasına düşməyi bacarıb. Bu, 2002-ci ildən fəaliyyət göstərən federasiyanın ilk belə uğuru deyil.
Ümumilikdə, bu idman növünə gəlincə, hazırda MMA idman növü dünyada sürətlə inkişaf edir. Artıq Ümumdünya MMA Federasiyası təsis olunub və üzvlər qəbul edilib. Azərbaycan MMA liqası da federasiyaya üzv qəbul olunub. Ölkəmizdə idmana dövlət səviyyəsində dəstək göstərilir, digər idman növləriylə yanaşı, qarışıq döyüş növlərinin inkişaf etdirilməsi də diqqət mərkəzindədir. Dörd ildir ki, Azərbaycan nümayəndə heyəti Əlbəyaxa Döyüş Növləri üzrə Ümumdünya Assosiasiyası ilə əməkdaşlıq edir, azərbaycanlı idmançılar, bir qayda olaraq, təşkil edilən yarışlarda uğurla çıxış edirlər.
İdmanın bu növü ilk dəfə qədim Yunanıstanda təşəkkül tapıb. Daha sonradan yunanlar bu idmanın pankration növünü öz ölkələrində keçirilən Olimpiya Oyunlarına daxil ediblər. Lakin idmançılar çox zədə aldığı üçün bu idman növü sonralar Olimpiya Oyunlarının proqramından çıxarılıb. Qədim qladiatorların döyüşdüyü əlbəyaxa döyüş hazırda müasir pankration, MMA, M-1 və qrapplinq növüdür. Bu növ üzrə dünya və Avropa səviyyəli yarışlar, beynəlxalq turnirlər və müxtəlif idman yarışları keçirilir. Əsasən, fəndlərindən qaydasız döyüşlərdə istifadə edilən bu idman növündən törəyən kunq fu, döyüş sambosu, vale tudo, ciu-citsu kimi idman növləri dünyada məşhurdur.
Qeyd etdiyimiz kimi, Naxçıvan idmançıları keçirilən ölkə birinciliyində uğurla çıxış ediblər. Onların uğurlu çıxışında, təbii ki, baş məşqçi Gündüz Qarayevin əməyi böyükdür. Keçirilən məşqlər və idmançıların yarışa hazırlığı barədə baş məşqçi ilə söhbətləşdik. İlk olaraq G.Qarayev keçirilən məşq prosesindən danışdı: “Mən artıq 3 aydan çoxdur ki, Naxçıvandayam. Uşaqlar da bu məşqlərin və yarışlara daha ciddi hazırlığın müqabilində ümidverici səviyyəyə çatmışlar. Məqsədimiz Naxçıvanda bu idman növünü geniş yaymaq və gəncləri bu sahəyə cəlb etməkdir. İnanıram ki, qarşıdakı aylarda məşqlərimizə daha çox gənclər cəlb edə biləcəyik”.
Gündüz Qarayev daha sonra çıxış etdikləri respublika birinciliyi barədə məlumat verdi. Baş məşqçi yetirmələrinin qazandıqları uğurdan razıdır: “Üç aydan sonra uşaqları belə bir turnirə aparmaq risk idi. Ancaq mən onların hazırlığına tam inanırdım və qələbə qazanacaqlarını bilirdim. Bakıda keçirilən yarışa 4 idmançı – Rəhman Quliyev, Elnur Abdullayev, Əli Muradov və Mətin Ələsovla yollanmışdıq. Bu idmançılardan Rəhman, Mətin və Əli respublika çempionu adını qazandılar. Elnur isə finala kimi yüksəldi, ancaq əli zədəli olduğuna görə finalda döyüşə bilmədi və ikinci oldu”.
İdmançıların uğurlu çıxışından sonra baş məşqçi yetirmələrini daha bir neçə turnirdə sınamaq fikrindədir. Belə ki, cari ilin sonunda idmançılarımızı daha bir neçə yarış gözləyir: “İlin sonunadək yarışlar olacaq. Keçiriləcək bu turnirlərdə çıxış etməyi planlaşdırmışıq. Ancaq, hələlik, neçə nəfərlə gedəcəyimizi dəqiqləşdirməmişik. Mən hər zaman yetirmələrimə inanmışam və qarşıdakı yarışlarda da uğurla çıxış edəcəklərinə ümid edirəm”.
– Bəs idmanın bu sahəsi ilə məşğul olmaq üçün yaş həddi neçədir? Yəni hansı yaşda uşaqlar bura müraciət edə bilərlər?
– Bizim məşqlər təmənnasız keçirilir, yəni ödənişli deyil. 10 yaşından yuxarı hər kəs müraciət edə bilər. Bizim məqsədimiz Naxçıvanda bu idman növünü geniş yaymaq və inkişaf etdirməkdir ki, qısa vaxtda buna nail olacağımıza inanıram.
Sonda Gündüz Qarayev onlara göstərilən qayğıya görə minnətdarlığını bildirdi: “Qazandığımız bu uğurun əsasında ilk olaraq muxtar respublika rəhbərinin idmana göstərdiyi qayğı dayanır. Biz də, öz növbəmizdə, qazandığımız uğurlarla bizə göstərilən qayğının hədər getmədiyini göstərdik”.
İlk dəfə olaraq respublika çempionatında çıxış edən və birinci yerə layiq görülən Mətin Ələsov qazandığı uğurun əsas sirrini fasiləsiz məşqlərdə görür: “Bu yarışda uğur qazanacağıma inanırdım. Çünki hər gün davamlı məşq edirdim və zəhmətimin də bəhrəsini gördüm. Qazandığımız nailiyyətdə məşqçimizin böyük əməyi var. Bununla yanaşı, daim bizə dəstək verən federasiyanın da rolu böyükdür”.
Finala kimi inamla irəliləyən, ancaq zədə üzündən həlledici döyüşü keçirə bilməyən Elnur Abdullayev isə qarşıdakı yarışlara daha ciddi hazırlaşıb fəxri kürsünün ən yüksək pilləsinə yüksəlmək fikrindədir: “Bu yarışa çempion olmaq üçün yollanmışdım. Ancaq əlimdə olan zədə final döyüşünü keçirməyimə imkan vermədi. Buna baxmayaraq, ruhdan düşməmişəm və qarşıdakı yarışlara daha ciddi hazırlaşıram”.
Ceyhun MƏMMƏDOV