Azərbaycan I divizionunun IX turu çərçivəsində “Araz-Naxçıvan” futbol komandası noyabrın 9-da Bakının “Bakılı” futbol komandasını qəbul etdi. Turnir cədvəlinə başçılıq edən muxtar respublika komandası qələbə seriyasını bu oyunda da davam etdirdi. Qırmızı-ağlar paytaxt təmsilçisi önündə mükəmməl oyun sərgiləməklə 4:0 hesablı qələbəni bayram etməyi bacardılar. Bu, Əsgər Abdullayevin yetirmələrinin cari mövsümdə ikinci belə böyükhesablı qələbəsidir.
Tanış rəqib
“Bakılı” Naxçıvan təmsilçisi üçün heç də yad komanda deyil. Belə ki, paytaxt klubu hələ komandamız əsas liqada oynayarkən bizə rəqib olmuş və bu arenadan “ev”ə əliboş qayıtmışdı. Bu görüşə kimi 4 dəfə “Araz-Naxçıvan”la qarşılaşan “Bakılı” bir dəfə belə olsun, 3 xal sevinci yaşamayıb. Qırmızı-ağlar paytaxt təmsilçiləri ilə 2001-2002-ci illər mövsümündə keçirdiyi hər iki matçdan qələbə ilə ayrılıblar – 2:0, 4:2.
Ötən tur Qusar səfərindən qayıdan “Araz-Naxçıvan” bu görüşə qələbə əzmi ilə çıxmışdı. Komandanın baş məşqçisi Əsgər Abdullayev Bakı təmsilçisinin üzərində qələbəni elə ilk hissədə qazanmaq üçün bəzi dəyişikliklərə əl atmışdı. Belə ki, məşq zamanı zədələnən Cavid Həsənovun yerinə meydana Fərman Qəmbərovu buraxan baş məşqçi meydana 4-3-3 taktikası ilə çıxmışdı. Artıq zədəsi sağalan Akif Tağıyev və Elgün Abbaslını meydanın mərkəzində oynadan baş məşqçi Eşqin Quliyevi bir qədər arxa plana çəkmişdi. Hücum xəttində isə həmişə olduğu kimi, David Canıyev-Bəxtiyar Soltanov-Elmin Çobanov triosu rəqibin müdafiə xəttini yarmaq üçün əllərindən gələni etdilər.
“Bakılı”ya gəlincə, komandanın baş məşqçisi Rakif Əliyev Naxçıvana ən azından bir xal qazanmaq üçün gəldiyini hələ oyundan öncə bizimlə söhbətində vurğulamışdı. Görünən o oldu ki, rəqibin baş məşqçisinin arzusu çin olmadı. Oyuna 4-5-1 taktikası ilə başlayan “Bakılı” “Araz-Naxçıvan” önündə heç nə ilə yadda qala bilmədi.
Taleyi ilk hissədə həll olunan oyun
Məlum olduğu kimi, bu görüşdən bir gün öncə qırmızı-ağların ən yaxın izləyicisi “Neftçala” doğma arenada “Ağsu”ya uduzmuşdu. Əlavə motivasiya qazanan “Araz-Naxçıvan”ın futbolçuları bu görüşdən mütləq üç xal qazanmaq üçün meydana çıxdıqlarını elə ilk dəqiqələrdə nümayiş etdirdilər. Matçın başlaması ilə hücuma atılan qırmızı-ağlar ilk 5 dəqiqədə iki əlverişli imkanı boşa verdilər. Ancaq muxtar respublika təmsilçisi birinci hissənin 1/3 hissəsi tamam olmamış tablodakı sıfırını birlə dəyişməyə müvəffəq oldu. Cərimə meydançasında Elmin Çobanova qarşı qayda pozuntusu hakim Elvin Əsgərovun diqqətindən yayınmadı. 11 metrlik nöqtəni göstərən referinin bu qərarı rəqib futbolçular tərəfindən heç də xoş qarşılanmadı. Onu da qeyd edək ki, bu, “Araz-Naxçıvan”ın 9 tur ərzində qazandığı ilk penalti zərbəsi idi. Topa yaxınlaşan Akif Tağıyev dəqiq zərbə ilə komandasını hesabda önə keçirdi. Bununla o, cari mövsümdə 4-cü qolunu vurmuş oldu.
Hesabda önə keçmələrinə baxmayaraq, qırmızı-ağlar hücumlarının kəsərini azaltmadılar. Rəqib isə ara-sıra Emil Balayevin qoruduğu qapıya uzaqdan zərbələr endirsə də, qapıçını keçmək mümkün olmadı. Əvəzində isə Elmin Çobanov stadiona toplaşmış azarkeşləri yenə ayağa qaldırdı. David Canıyevin qapıya zərbəsinə ayaq uzadan E. Çobanov ardıcıl üçüncü matçda da fərqlənməyə nail oldu – 2:0. Hakimin ilk hissəyə əlavə etdiyi dəqiqədə isə “Araz-Naxçıvan” tablodakı hesabı üçə çatdırdı. Bu dəfə səhnəyə David Canıyev çıxdı. Eşqin Quliyevin sağ cinahdan asmasını hücumçu başla qapıdan keçirdi.
Artıq birinci hissədə oyunun taleyini həll edən qırmızı-ağlar ikinci hissəyə təmkinli oyunla başladılar. “Bakılı”nı daha çox yarımmüdafiə xəttində qarşılayan komandamız 67-ci dəqiqədə daha bir dəfə fərqlənməyə imkan tapdı. Sol cinahdan edilən ötürməni David Canıyev mükəmməl ram edərək qapıya göndərdi – 4:0. Bununla forvardımız cari mövsümdə vurduğu qolların sayını 8-ə yüksəltdi. Bu qoldan sonra komandamız bir neçə dəfə fərqlənməyə yaxın olsa da, qeyri-dəqiqlik buna imkan vermədi. “Araz-Naxçıvan” bu görüşdən 3 xal qazandı. Komandanın əsas müdafiəçisi Mikayıl Rəhimov rəqiblə ikili mübarizədə sol dizindən zədə aldı və meydanı tərk etmək məcburiyyətində qaldı. Müdafiəçimizin qarşıdakı turlarda oynayıb-oynamayacağına həkimin son rəyindən sonra qərar veriləcək.
Bu qələbədən sonra “Araz-Naxçıvan” xalını 25-ə yüksəltdi və liderliyini davam etdirdi. Qeyd edək ki, qırmızı-ağlar növbəti oyununu noyabrın 17-də Bakıda MOİK-ə (Mərkəzi Ordu İdman Klubu) qarşı keçirəcək.
Ceyhun MƏMMƏDOV