Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və muxtar respublika Güləş Federasiyasının tədbirlər planına uyğun olaraq, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və İslam Hümbətov adına Uşaq-Gənclər İdman Məktəbinin təşkilatçılığı ilə cüdo üzrə şəhər birinciliyi keçirilib. Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən yarışda iki yaş qrupunda 80-ə yaxın idmançı mübarizə aparıb. Qalib idmançılar diplomlarla təltif ediliblər.
* * *
Naxçıvan şəhər ümumtəhsil məktəblərinin komandaları arasında şahmat birinciliyi keçirilib. Naxçıvan şəhərindəki Şahmat Mərkəzində təşkil edilən, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin keçirdiyi yarışda 17 komandada 100-ə yaxın şahmatçı mübarizə aparıb. İki gün davam edən birinciliyin ilk mərhələsində şahmatçılar olimpiya sistemi, ikinci mərhələyə qalan komandalar isə dairəvi sistemlə yarışıblar. Yekun nəticəyə görə, Naxçıvan şəhər 8, 10 və 11 nömrəli tam orta məktəblərin komandaları müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri tutublar. Fəxri yerləri tutmuş komanda və şahmatçılara diplomlar verilib.
* * *
Dünən Culfa Rayon Uşaq-Gənclər Şahmat Məktəbində 9 Noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar paralimpiyaçılar arasında şahmat üzrə muxtar respublika birinciliyi keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının birgə təşkil etdiyi birinciliyin açılış mərasimində federasiyanın sədr müavini Elçin Nəzərəliyev və Culfa Rayon Gənclər və İdman İdarəsinin rəisi Ümid Həsənli çıxış edərək yarışın əhəmiyyətindən danışıblar. Birincilikdə 30 paralimpiyaçı iştirak edib. Gərgin mübarizədən sonra Kəngərli rayon paralimpiyaçısı Sücaəddin Seyidov qalib olub. Babək rayon təmsilçisi Elşən Əliyev ilə Kəngərli rayon idmançısı Ələkbər Əsgərov ikinci və üçüncü yerləri tutublar.
Sonda qaliblərə Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasının hədiyyələri təqdim edilib. Həmçinin yer tutmayan digər iştirakçılara həvəsləndirici mükafatlar verilib.
Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti