22 Dekabr 2024, Bazar

Azərbaycan I divizionunun 8-ci turu çərçivəsində “Araz-Naxçıvan” futbol komandası Qusar səfərinə yollanmışdı. Yerli “Şahdağ”ın qonağı olan muxtar respublika təmsilçisi bu görüşdən sonra aktivinə daha 3 xal yazdırmağı bacardı. Turun mərkəzi görüşü kimi hesab edilən oyunda qırmızı-ağlar iki dəfə rəqibi mərkəzə dəvət etməklə liderliklərini qorumuş oldular. Məlumat üçün bildirək ki, “Şahdağ”la oyun müstəqil çempionatlarımız tarixində muxtar respublika klubunun 50-ci çempionat oyunu kimi də yaddaşlara həkk olundu.

Qusar səfərindən öncə I divizionun liderlər cərgəsində yer alan komandalar “Araz-Naxçıvan”ın bu turda xal itirəcəyini güman edirdilər. Çünki qusarlılar doğma arenada istənilən rəqibi büdrətməyə layiq futbol oynayırlar. Təbii ki, onların bu cür təsir bağışlamasında stadion amili də mühüm rol oynayır. Ot örtüyünün bərbad vəziyyətdə olduğu arenada komandaların baxımlı oyun sərgiləməsi müşkül məsələyə çevrilib. “Araz-Naxçıvan” futbol komandasının baş məşqçisi Əsgər Abdullayev də “Şahdağ”la oyuna məhz bu aspektdən yanaşmışdı.

Daha çox atletik oyun tərzinə üstünlük verən baş məşqçi meydana sürətli oyunçuları buraxmışdı. Maraqlı görünən hal isə təcrübəli məşqçinin səfərdə oynamasına baxmayaraq, hücum futboluna üstünlük verməsi idi. 4-3-3 taktikası ilə meydana çıxan “Araz-Naxçıvan”da daha çox üstünlük yarımmüdafiə xəttinə verilmişdi. Bununla Ə.Abdullayev məhz yarımmüdafiə xəttində rəqibi əks-hücumda yaxalamağı planlaşdırırdı.
Meydan sahiblərində isə intizamsızlıq komandanın aşağı pillələrdə qərarlaşmasına səbəb olub. Halbuki “Şahdağ” hər mövsüm çempionata öz oyun üslubu ilə xüsusi rəng qatırdı və hər il çempionluq uğrunda mübarizə aparırdı.
Oyuna maraq gözlənildiyindən də artıq oldu. Matça tamaşa etməyə gələnlər arasında “Qaradağ Lökbatan” və “Neftçala” klubları rəhbərliyinin olması diqqətdən yayınmadı. Üstəlik, onların bu oyuna mükafat qoymaları qusarlı oyunçuları ruhlandırmaya bilməzdi. Çünki “Şahdağ”ın Naxçıvan təmsilçisi üzərindəki qələbəsi və ya oyunun bərabərliklə bitməsi qırmızı-ağları büdrədəcək, liderlik uğrunda mübarizə həmin komandalar arasında gedəcəkdi. Digər maraqlı məqam isə “Araz-Naxçıvan” futbol klubunun azarkeşlərinin sevimli komandalarını Qusarda da tək qoymamaları idi. 100-dən çox fanat Şövkət Orduxanov adına stadionda oyun boyu dayanmadan qırmızı-ağları dəstəklədi.
Əsgər Abdullayevin yetirmələri elə ilk dəqiqələrdən üstünlüyü ələ aldılar. Ardıcıl hücumlar şəraitində başlayan matçda hesabı açan tərəf qırmızı-ağlar oldu. 19-cu dəqiqədə rəqibin passiv oyundan kənar vəziyyət yaratması puça çıxdı. Bundan istifadə edən Akif Tağıyev qapıçı ilə qaldığı üzbəüz qol imkanını fövtə vermədi – 1:0. Bu qol meydan sahiblərinin daha sərt oynamasına səbəb oldu. Yerli azarkeşlərin dəstəyi ilə özlərini toparlayan qusarlılar ilk hissənin sonunadək qapımız önündə təhlükəli epizodlar yaratdılar. Onların bu hücumlarına “Araz-Naxçıvan” tez-tez əks-hücumlarla cavab verirdi. Xüsusilə cinahlarda Bəxtiyar Soltanov və Elmin Çobanovun, yarımmüdafiə xəttində isə Elgiz Kərimli və Eşqin Quliyevin təmkinli, sərbəst oyunu rəqibi çaşbaş salmışdı. İlk hissənin son dəqiqələrində meydan sahibləri tablodakı birləri bərabərləşdirə bilərdilər. Belə ki, əvvəlcə Zeynal Hacıyevin zərbəsini qapıçımız Emil Balayev geri qaytardı. Yaranan qarmaqarışıqlıqda Şıxqayıb Şıxqayıbovun qüvvətli zərbə ilə qapıya doğru yönəltdiyi topu isə Ruslan Abıyev gözlənilməz reaksiya ilə qapıdan uzaqlaşdırdı.
Xüsusilə bundan sonra görüşün ikinci hissəsinin çətin keçəcəyi öncədən məlum idi. “Şahdağ” hesabı bərabərləşdirmək üçün irəli atılacaq, “Araz-Naxçıvan” isə bu hesabı sonadək qorumağa çalışacaqdı. Odur ki, ilk hissədəki kəşfiyyat xarakterli oyun ikinci hissədə də davam etdi.
Rəqibin ardıcıl hücumlarını məharətlə dəf edən müdafiə xəttimiz rəqib hücumçuların fərqlənməsinə imkan vermədi. Qırmızı-ağların heyətində isə David Canıyev rəqib müdafiəçilər üçün problem yaratmaqda davam edirdi. Artıq məğlubiyyəti qəbul etməyə başlayan “Şahdağ” son 15 dəqiqədə 3 dəyişiklik etdi. Hücumlarının kəsərini artıran meydan sahibləri 80-ci dəqiqədən sonra meydanı “döyüş səhnəsi”nə çevirdilər. “Araz-Naxçıvan” futbolçularına qarşı kobud oynayan göy-ağların qapısına 85-ci dəqiqədə daha bir qol vuruldu. Meydana yenicə daxil olan Fərman Qəmbərovun mərkəzdən qapı ağzına havalandırdığı topa qapıçıdan öncə tullanan Elmin Çobanov toxundu. Torun silkələnməsindən sonra meydan sahibi komandanın futbolçuları hakim Rəhim Həsənovun üstünə hücum çəksələr də, refer qolu qeydə aldı. Ancaq bundan ürəyi soyumayan qusarlı futbolçular hakimin işinə əl-qol hərəkətləri ilə müdaxilə etməyə başladılar. Nəticədə, R.Həsənov “Şahdağ”ın heyətində Yusif Yusifzadəni meydandan uzaqlaşdırdı. Futbolçular isə buna etiraz əlaməti olaraq meydanı tərk etmək istədilər. Ancaq klubun prezidenti Ərəstun Niftiyevin göstərişindən sonra onlar yenidən meydana qayıtdılar.  Baş verən olayların ardından davam edən matçda başqa qol olmadı və “Araz-Naxçıvan” cari mövsümdə 7-ci qələbəsini qazandı. Bu uğurdan sonra qırmızı-ağlar xallarının sayını 22-yə yüksəltməklə turnir cədvəlinə şəriksiz liderlik etməkdədirlər.

Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR