22 Dekabr 2024, Bazar

Dünən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Yüngül Atletika Federasiyasının birgə təşkilatçılığı ilə “Zərərli vərdişlərə “yox” deyək, həmişə sağlam olaq” devizi altında müvafiq məsafələrə qaçış üzrə Naxçıvan Muxtar Respublika birinciliyi keçirilib. Azərbaycan Atletika Federasiyasının nümayəndələrinin də iştirak etdiyi birincilikdə Şərur, Babək, Culfa, Ordubad, Kəngərli, Şahbuz, Sədərək və Naxçıvan şəhər komandaları iştirak ediblər. Yarışın əsasnaməsinə görə, hər komandanın heyətində 10 idmançı olub. 40 nəfər oğlan və 40 nəfər qız olmaqla, ümumilikdə, 80 atletin qatıldığı yarış məsafələrə görə müxtəlif olub. Belə ki, oğlanlar 100, 200, 400, 1000 və 1500 metr, qızlar isə 100, 200, 400 və 1000 metr məsafələrə qaçmaqla öz güclərini nümayiş etdiriblər. Bu yarışın keçirilməsində əsas məqsəd məktəblilərin bu sahəyə cəlbinə nail olmaq və qarşıdakı illərdə uğur qazanan idmançıları milli komandanın tərkibinə daxil etməkdən  ibarətdir.

Azərbaycan Atletika Federasiyasının Naxçıvana gəlmiş nümayəndəsi, məşqçi-müəllim, beynəlxalq dərəcəli lektor və respublika dərəcəli hakim Aqil Paşayev bizimlə söhbətində belə yarışların keçirilməsinin əhəmiyyətindən danışdı: “Naxçıvanda təşkil edilən yarışda ilk dəfədir, iştirak edirəm. Bizim federasiya atletikanın inkişafı üçün tədbirlər planı hazırlayıb ki, bu da 2012-2016-cı illəri əhatə edir. 5 il müddətində biz Azərbaycanın bütün regionlarında bu idman sahəsinin püxtələşməsi üçün seminarlar, turnirlər təşkil edəcəyik. Bu siyahıda Naxçıvan Muxtar Respublikası da var. Naxçıvanda istedadlı uşaqlar var. İnanıram ki, qarşıdakı illərdə Naxçıvanda yüngül atletika geniş yayılacaq və muxtar respublikanın idmançıları beynəlxalq turnirlərdə öz bacarıqlarını nümayiş etdirəcəklər”.
Qeyd edək ki, sonda Naxçıvan Muxtar Respublika birinciliyində yer tutmuş idmançılar diplomlarla təltif olunublar.

Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR