UEFA 2019-2020-ci il mövsümünün ən yaxşı futbolçusu və baş məşqçisi adına namizədləri açıqlayıb.
UEFA-nın saytına istinadla xəbər veririk ki, ən yaxşı futbolçu adına namizədlər arasında üç futbolçu – yarımmüdafiəçi Kevin De Brüyne (Mançester Siti), hücumçu Robert Levandovski və qapıçı Manuel Noyer (Bavariya) yer alıblar.
Kevin De Brüyne ötən mövsüm Premyer Liqada 20 məhsuldar ötürmə verib və 13 qol vurub.
Bundesliqanın sonuncu mövsümündə uğurla çıxış etmiş Robert Levandovski 47 oyunda 55 dəfə fərqlənib. O, həmçinin UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümündə 15 qolla ən məhsuldar futbolçu olub.
Almaniya millisinin və “Bavariya”nın əsas qapıçısı olan Manuel Noyer də komanda yoldaşı Robert Levandovski ilə birlikdə sonuncu mövsümdə Bundesliqanın, ölkə kubokunun və UEFA Çempionlar Liqasının qalibi adını qazanıb.
Bundan başqa, qitənin ən yaxşı baş məşqçisi, qapıçısı, müdafiəçisi, yarımmüdafiəçisi və hücumçusu, eləcə də qadın futbolçusu adlarına namizədlər də müəyyənləşib. Ən yaxşı baş məşqçi adına namizədlər Hans Flik (Bavariya), Yurgen Klopp (Liverpul) və Yulian Nagelsmandır (Leyptsiq).
Qitənin ən yaxşı qapıçısı adı uğrunda Keylor Navas (Paris Sen-Jermen), Manuel Noyer (Bavariya) və Yan Oblak (Atletiko Madrid) yarışacaqlar. Ən yaxşı müdafiəçi adına üç əsas namizəd “Bavariya”nın futbolçularıdır. Belə ki, bu siyahıya David Alaba, Alfonso Deyvis və Coşua Kimmixin adları daxil edilib. İlin ən yaxşı yarımmüdafiəçisi adına Kevin De Brüyne (Mançester Siti), Tomas Müller və Tiaqo Alkantara (Bavariya), ən yaxşı hücumçusu adına isə Robert Levandovski (Bavariya), Kilian Mbappe və Neymar (Paris Sen-Jermen) namizəddirlər.
Qadın idmançılardan isə ən yaxşı futbolçu adına namizədlər Lyusi Bronz (Mançester Siti) Pernil Harder (Çelsi) və Vendi Renardır (Lion).
Qitənin ən yaxşı futbolçusu oktyabrın 1-də UEFA-nın Nyon şəhərindəki ofisində keçirilən mərasimdə elan ediləcək.
Qaliblər oktyabrın 1-də UEFA-nın Nyondakı ofisində keçiriləcək Çempionlar Liqasının 2020-2021-ci il mövsümünün qrup mərhələsinin püşkatma mərasimində müəyyənləşəcək.
Xatırladaq ki, 2018-2019-cu il mövsümü üçün ən yaxşı nominasiyasında qapıçı Alisson Beker, müdafiəçi Virgin van Diyk, yarımmüdafiəçi Frenki de Yonq və hücumçu Lionel Messi qalib elan olunmuşdular.