22 Dekabr 2024, Bazar

Azərbaycan kubokuna 1/16 final mərhələsindən başlayan “Araz-Naxçıvan” futbol komandası doğma azarkeşləri önündə daha bir qələbəyə imza atdı. Bu mərhələdə Ağsunun eyniadlı komandasını qəbul edən qırmızı-ağlar çətin keçən matçda azarkeşlərini sevindirməyə müvəffəq oldular. Minimal hesablı qələbə muxtar respublika təmsilçisini 1/8 finala yüksəltdi. Dekabrda keçiriləcək bu mərhələnin oyununda “Araz-Naxçıvan” Zaqatalanın “Simurq” komandasını qəbul edəcək.

Hücum futbolu və nəticəsi

Ötən mövsüm I divizionun qalibi olmuş “Ağsu”nun bu mərhələdə komandamızın qarşısına çıxması oyunun gərgin və çətin keçəcəyindən xəbər verirdi. Odur ki, “Araz-Naxçıvan”ın baş məşqçisi Əsgər Abdullayevin bu görüşdə daha çox hücum oyununa üstünlük verəcəyi gözlənilən idi. Heç vaxt qarşılaşmadığımız bir rəqibə qarşı belə taktika seçmək, sözsüz ki, təhlükəlidir. Di gəl ki, işinin öhdəsindən layiqincə gələn baş məşqçi meydana 4-3-3 taktikası ilə çıxdı.

“Ağsu”nun ötən mövsüm çempionluqdan sonra büdrəyəcəyini, cari ildə bir çox futbolçusunu itirdiyinə görə inamsız oyun göstərəcəyini deyənlər yanıldılar. Daha çox atletik futbol oynayan və topu yarımmüdafiə xəttində özlərində saxlamağı sevən Şirvan klubu Naxçıvana mərhələ adlamaq üçün gəlmişdi. Ən azı oyundan bir gün öncə göy-ağların baş məşqçisi Rüfət Quliyevin dediklərindən bu qənaətə gəlmək mümkün idi. Oyun onu göstərdi ki, “Ağsu”da bir çox oyunçu dəyişsə də, komandanın taktikasında, oyun tərzində ciddi bir dəyişiklik yoxdur. Sanki öz meydanlarında oynayırmış kimi daim rəqibi təzyiq altında saxlamağa üstünlük verən şirvanlılar naxçıvanlı həmkarlarının qarşısında sonadək tab gətirə bilmədilər.

120 dəqiqəlik mübarizə

Qeyd etdiyimiz kimi, 4-3-3 taktikası ilə meydana çıxan “Araz-Naxçıvan” ilk dəqiqələrdən üstünlüyü ələ aldı. “Ağsu”nun topu özündə saxlamaq tapşırığını öncədən sezən Əsgər Abdullayev yetirmələrinə meydanın rəqibə aid olan hissəsində pressinq etmək göstərişini vermişdi. Elə bu, özünü oyunun 15-ci dəqiqəsində açıq-aşkar büruzə verirdi. Ardıcıl hücumların birində David Canıyevin mükəmməl zərbəsi qapı dirəyinə tuş gəldi. Bu zərbə futbolçularımızın inamla irəli atılmalarına səbəb oldu. Artıq meydanda motivasiya baxımından üstün olan qırmızı-ağlar ilk hissədə daha iki ciddi epizodu boşa verdilər. Hər iki halda David Canıyev qapıçını keçməkdə aciz qaldı. Düzdür, hücumçularımız ikinci epizodda qapıçını keçsə də, son anda topu qapı xəttindən müdafiəçilər uzaqlaşdırmağa nail oldular.
İlk hissədə üstünlüyü ələ alan və bunu ikinci hissəyə də sirayət etmək istəyən “Araz-Naxçıvan” növbəti 45 dəqiqəyə itki ilə çıxdı. Kapitan Emin İmaməliyevin zədəsi onun Elgün Abbaslı ilə əvəzlənməsinə səbəb oldu. Məhz bu dəyişiklik Əsgər Abdullayevi taktikada da dəyişiklik etməyə vadar etdi. E.Abbaslını bir qədər hücumameyilli oynadan baş məşqçi rəqib qapısı önündə təzyiqi artırmağa müvəffəq oldu. Oyunda aktivliyi ilə seçilən David Canıyev ikinci hissədə də rəqib müdafiəçilər üçün əsl başağrısına çevrildi. Onunla yanaşı, Elgün Abbaslı və Əlimirzə Daşzərini də ara-sıra uzaqdan zərbələri ilə qapıçının sayıqlığını yoxlayırdılar. “Araz-Naxçıvan”ın futbolçularının səylərinə baxmayaraq, oyunun əsas vaxtında hesab açılmadı. Azərbaycan kubokunun reqlamentinə görə, bu mərhələdəki görüşlər bir oyundan ibarət olduğundan, oyuna vaxt əlavə olundu.
Futbolçuların daha inamlı təsir bağışlaması və rəqib qapısı önündə hücumların təzyiqinin artırılması üçün Əsgər Abdullayev bu dəfə meydana Rəhman Musayevi saldı. Təcrübəli futbolçumuzun oyuna daxil olması hücum xəttində canlanmanın yaranmasına və rəqib müdafiəçilərin çaşbaş düşməsinə səbəb oldu. Əlavə edilmiş ilk 15 dəqiqədə tablodakı sıfırlar dəyişilməz olaraq qaldı. İkinci 15 dəqiqəyə fırtına kimi başlayan muxtar respublika təmsilçisi stadiona toplaşmış azarkeşləri sevindirməyə müvəffəq oldu. Sağ cinahdan Elgün Abbaslının asmasını Elmin Çobanov ram etmədən birbaşa mükəmməl zərbə ilə qapıya göndərdi – 1:0. 107-ci dəqiqədə vurulan qoldan sonra oyunun gedişatını tam olaraq ələ alan qırmızı-ağlar 120 dəqiqənin tamam olmasına 2 dəqiqə qalmış daha bir dəfə fərqlənə bilərdilər. Rəhman Musayevin ideal ötürməsindən sonra David Canıyev yenə qapıçını keçə bilmədi. Buna baxmayaraq, “Araz-Naxçıvan” Anar Salmanovun idarə etdiyi matçı qələbə ilə başa vurdu və 1/8 final mərhələsinə yüksəldi. Bu mərhələnin oyunları isə dekabrın 4-də keçiriləcək və qırmızı-ağlar  azarkeşləri önündə “Simurq”u qəbul edəcəklər.

Oyundan sonra fikirlər

Əsgər ABDULLAYEV (“Araz Naxçıvan” futbol komandasının baş məşqçisi): “Oyunun çətin olacağını bilirdim, futbolçuları buna hazırlamışdım. Hər iki komanda oyunu ilə azarkeşlərə əsl futbol sərgilədi. İlk hissədə biz daha üstün oynadıq, qol epizodları da yaratdıq, lakin istifadə edə bilmədik. İkinci hissə isə qarşılıqlı hücumlar şəraitində keçdi. Qarşıda bizi “Simurq”la daha çətin oyun gözləyir”.
Rüfət QULİYEV (“Ağsu” futbol komandasının baş məşqçisi): “Araz Naxçıvan” klubunu qələbə münasibətilə təbrik edirəm. Hər iki komanda sona kimi mübarizə apardı. Əlavə vaxtda məğlub olduq. Komandama mübarizə əzminə görə təşəkkür edirəm. Burada bizi çox gözəl qarşıladılar. Bizə yaradılan şəraitə görə minnətdarlığımı bildirirəm”.

Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR