22 Dekabr 2024, Bazar

 

Son illər idman sahəsində həyata keçirilən tədbirlər onu deməyə əsas verir ki, muxtar respublikamızda bu sahə özünün inkişaf dövrünü yaşayır. Naxçıvanda müasir idman infrastrukturunun yaradılması, ölkədaxili və beynəlxalq səviyyəli yarışların sayının artması bu qədim diyarı həm respublikanın, həm də dünyanın idman mərkəzlərindən birinə çevirir. Həmçinin müxtəlif beynəlxalq yarışlarda nailiyyət qazanmış idmançıların adlarının Gənc İstedadların “Qızıl kitabı”na yazılması, onların Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülməsi idmana və idmançıya göstərilən dövlət qayğısından xəbər verir. 

Qeyd edilən bütün tədbirlər Naxçıvanda hər dövr üçün idmanın inkişafının diqqət mərkəzində saxlanıldığının mühüm göstəricisidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında yaradılan müasir təhsil və idman infrastrukturu gənc nəslin bacarığına görə peşə seçiminə və təhsil almasına, müxtəlif idman növləri ilə məşğul olmasına imkan verir. Bu sahədə görülən işlərin nəticəsidir ki, muxtar respublikada sağlam gənc nəsil yetişir. Gənclər zərərli vərdişlərdən və hüquqazidd hərəkətlərdən uzaqdır. Hər il ali məktəblərə qəbul olan gənclərin, eləcə də yüksək bal toplayanların sayı artır, gənclər müxtəlif idman yarışlarında uğurla çıxış edir, muxtar respublika iqtisadiyyatının inkişafına öz töhfələrini verirlər”. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 14 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı” isə bu sahədə yeni mərhələnin əsasını qoymuşdur. Muxtar respublikada idmanın inkişafı sahəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə hazırlanan proqramda 37 bənddən ibarət tapşırıqlar nəzərdə tutulmuşdur.

İdman sahəsində maddi-texniki bazanın möhkəmləndirilməsi sağlam və gənc nəslin yetişməsi üçün mühüm amildir. Dövlət proqramında bu istiqamətdə infrastrukturun modernləşdirilməsi, istirahət parklarında sadə idman qurğularının yerləşdirilməsi ilə bağlı tapşırıqlar müəyyən olunmuşdur. Mayın 10-da – ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 97-ci ildönümündə Naxçıvan şəhərində Sahil Parkı istifadəyə verilmişdir. Ali Məclisin Sədri bu münasibətlə keçirilən tədbirdə iştirak etmiş və parkda yaradılan şəraitlə tanış olmuşdur. Məlumat verilmişdir ki, parkda 2 idman meydançası, tennis kortu və 4 stolüstü tennis masası quraşdırılmışdır. Hər birinin sahəsi 450 kvadratmetr olan idman meydançalarında müxtəlif idman qurğuları qoyulmuşdur ki, bu da sakin­lərin fiziki sağlamlığı baxımından mühüm əhəmiyyət kəsb edir. Parkın ərazisində uzunluğu 2 min 834 metr olan velosiped zolağı salınmış, 11 velosipedin alınması təmin edilmişdir. Kəngərli rayonunun ­Qarabağlar kəndində trenajor zalı istifadəyə verilmişdir. Eyni zamanda inşası davam etdirilən Uzunoba çimərliyinin ərazisində Naxçıvanda ilk çimərlik futbolu meydançası ikinci rübdən sonra istifadəyə verilmişdir. Aprel-iyun aylarında Naxçıvan Muxtar Respublikası Paralimpiya Federasiyasında dart idman növü üzrə yaradılmış yeni bölmə idman qurğuları ilə təmin olunmuşdur. Pro­qramda nəzərdə tutulmuş muxtar respublikanın kəndlərində stadionların müasir tələblər səviyyəsində qurulması işi də diqqət mərkəzində olmuşdur. Belə ki, ikinci rübdə Culfa rayonunda mərkəzi stadion, Bənəniyar kənd stadionu, Sədərək rayonunda Sədərək kəndinin mərkəzi stadionu əsaslı təmir olunmuşdur.

Dövlət proqramında idmanın kütləviliyinin artırılması istiqamətində bu dövrdə idmanın müxtəlif növlərində 6 muxtar respublika, 2 şəhər birinciliyi, 2 yoldaşlıq görüşü təşkil edilmiş, şahmat üzrə 2 onlayn turnir keçirilmişdir. İyunun 16-da Şahbuz rayonunda təşkil edilən yüngül atletika və şahmat üzrə rayon birinciliklərində 150-dən çox idmançı iştirak etmişdir. Gənclərin fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi və onların Vətənin müdafiəsinə hazırlanması istiqamətində 4-9 may tarixlərdə hərbi beşnövçülük, 2-6 iyun tarixlərdə isə yüngül atletika və gimnastika üzrə yarışlar təşkil olunmuşdur.
Zərərli vərdişlərdən xilas olmağın ən mükəmməl yolu idmandır. Çünki idman gənclərdə məsuliyyət duyğusunu artırır və hissləri idarəetmə qabiliyyətini formalaşdırır. Dövlət pro­qramında da bədən tərbiyəsi və idman vasitəsilə xəstəliklərin, zərərli vərdişlərin qarşısının alınması ilə bağlı tapşırıq müəyyən edilmişdir. Tapşırığın icrası məqsədilə iyunun 23-də “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi altında keçirilən Sədərək rayon və Daxili Qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadasının voleybol komandaları arasında yoldaşlıq görüşündə 25 idmançı iştirak etmişdir.
İdmanın digər sosial əhəmiyyəti isə sağlamlıq imkanları məhdud şəxslərin reabilitasiyası və cəmiyyətə inteqrasiyasının təmin edilməsində mühüm rol oynamasıdır. Bu sosial kateqoriyanın nümayəndələrində nitq və davranış problemlərinin aradan qaldırılmasında, idrak fəaliyyətinin inkişaf etdirilməsində idman əvəzolunmaz vasitədir. Dövlət pro­qramının icrasına uyğun olaraq iyunun 3-də Şərur Olimpiya İdman Kompleksində sağlamlıq imkanları məhdud şəxslər arasında Şərur və Sədərək rayon stolüstü tennis komandalarının yoldaşlıq görüşü, 15 iyun – Milli Qurtuluş Günü münasibətilə yüngül atletika üzrə Naxçıvan şəhər və boccia idman növündə muxtar respublika birincilikləri keçirilmişdir. Eyni zamanda ikinci rübdə 4 sağlamlıq imkanı məhdud idmançı tələbatlarına uyğun olaraq 7 reabilitasiya vasitəsilə təmin edilmişdir.

Tələbə və şagirdlərin idmanın müxtəlif sahələrində istedadlarının üzə çıxarılması gənc yaşlarından düzgün istiqamətləndirilmələrinə və gələcəkdə qazanılacaq nailiyyətlərin bünövrəsinin qoyulmasına səbəb olur. Bu, eyni zamanda onların zərərli vərdişlərdən uzaq durmalarına və sağlam fəaliyyətlə məşğul olmalarına da imkan yaradır. Ona görə də Dövlət proqramında müəyyən edilmiş təhsil müəssisələrində müxtəlif idman klublarının yaradılması, tələbə və şagirdlərin idmana cəlb edilməsi ilə bağlı tapşırığın mühüm əhəmiyyəti vardır. Tapşırığın icrası məqsədilə ikinci rübdə Naxçıvan Musiqi Kollecində voleybol, şahmat və yüngül atletikanın qaçış növü üzrə idman klubları yaradılmışdır.

İdmançıların sosial problemlərinin həlli onların bu sahəyə marağının daha da artırılması və səmərəli fəaliyyətlərinin stimullaşdırılması deməkdir. Proqramın icrasına uyğun olaraq aprel-iyun aylarında aztəminatlı ailələrdən olan 35 yeniyetmə və gəncin ödənişsiz idmanla məşğul olmasına şərait yaradılmışdır. Bu dövrdə “İdman könüllüləri”nin yarışların keçirilməsinə cəlb edilməsi işi də davam etdirilmişdir. İyunun 24-də Sahil Parkında təşkil edilən “Labirint” stolüstü oyununda hakim qismində könüllü gənc­lərin iştirakı təmin olunmuşdur.
Gənclərin idmana həvəsləndirilməsində düzgün təbliğat işinin aparılması önəmli rola malikdir. Təşviq məqsədli müxtəlif maarifləndirici tədbirlərin keçirilməsi idmanla məşğul olan gənclərin sayının artmasına və idmanın kütləviləşməsinə şərait yaradır. İkinci rübdə Dövlət proqramının icrasına uyğun olaraq idmanın təbliği məqsədilə Naxçıvan Dövlət Televiziyasında 9 proqram, 1 veriliş, 3 videoçarx efirə təqdim edilmişdir. Eyni zamanda Naxçıvan Dövlət Radiosunda 13 veriliş hazırlanmış, “Şərq qapısı” qəzetində 2 yazı dərc edilmişdir.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR