22 Dekabr 2024, Bazar

Azərbaycan birinci divizionunun 7-ci turu çərçivəsində “Araz-Naxçıvan” futbol komandası oktyabrın 26-da Biləcərinin (Bakı) “Lokomotiv” komandasını qəbul etdi. Cari mövsümdə uğurlu çıxışı ilə hamının diqqətini cəlb edən muxtar respublika klubu bu dəfə də azarkeşlərini sevindirdi. Doğma arenada məğlub­edilməzlik seriyasını davam etdirən qırmızı-ağlar bu qələbədən sonra liderliyini davam etdirdi. Əsgər Abdullayevin yetirmələri “Bakı”nın “farm klubu” kimi ad qazanan “Lokomotiv”in qapısından üç cavabsız top keçirdilər.
Bu dəfə baş məşqçi Əsgər Abdullayev meydana 3-4-1-2 taktikası ilə çıxmışdı. Daha çox gücü yarımmüdafiə xəttinə verən baş məşqçi hücum yollarında iki hücumçuya bel bağlamışdı. Cari mövsümün ən çox qol sahibi David Canıyev, eləcə də Bəxtiyar Soltanov stadiona toplaşmış azarkeşlərə baxımlı və bolqollu oyun nümayiş etdirmək üçün əllərindən gələni etdilər.

Stadiona toplaşmış azarkeşlər matçın 28-ci dəqiqəsində sevimli komandalarını ayaq üstə alqışladılar. Sağ cinahdan rəqibin müdafiə xəttini yaran Bəxtiyar Soltanov Əlimirzə Daşzəriniyə ideal ötürmə verdi. Müdafiəçi də, öz növbəsində, fərqlənməklə tablodakı sıfırları dəyişdi. Daha çox hücuma meyilli oyun oynamağı yetirmələrinə tapşıran Əsgər Abdullayev bu qoldan sonra da yerində rahat durmadı. Daim futbolçularını hücuma səsləyən Ə.Abdullayev ikinci hissəyə dəyişikliklə başladı. Fərman Qəmbərovu Elgiz Kərimli ilə əvəzləyən baş məşqçi ikinci hissənin başlamasından 3 dəqiqə sonra daha bir qol sevinci yaşadı. Bu dəfə də qolun vurulmasında Bəxtiyar Soltanovun rolu böyük oldu. Rəqib müdafiəsinin kobud səhvindən istifadə edən B.Soltanovun sağ cinahdan ötürməsindən sonra David Canıyevə yalnız topu boş qapıya göndərmək qaldı – 2:0.
“Lokomotiv” böyük hesabla məğlub olmamaq üçün bu hesabı sonadək qorumaq istəyirdi. Ancaq onların istəyi mümkün olmadı. Meydana ikinci hissədə daxil olan Elgün Abbaslı     59-cu dəqiqədə uzaq məsafədən vurduğu mükəmməl qolla hesab arasındakı fərqi üç topa çatdırdı. Artıq qələbəni tam olaraq təmin etdiyinə inanan Əsgər Abdullayevin yetirmələri bu qoldan sonra oyunun tempini mümkün qədər aşağı salmağa çalışdılar ki, buna da nail oldular. Ancaq oyunun başa çatmasına 8 dəqiqə qalmış “Araz-Naxçıvan” ciddi itki ilə üzləşdi. Belə ki, rəqib futbolçu ilə toqquşan qapıçı Nicat Əliyev meydanı tərk etmək məcburiyyətində qaldı.
Beləcə, “Lokomotiv”in Naxçıvan Muxtar Respublika Stadionunda debütü uğursuz alındı. “Araz-Naxçıvan” isə bu qələbədən sonra xal ehtiyatını 19-a yüksəltdi və liderliyini davam etdirir.
Qeyd edək ki, Naxçıvan təmsilçisi növbəti görüşünü noyabrın 3-də Qusarda “Şahdağ”a qarşı keçirəcək.

Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR