Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının birgə təşkil etdiyi kişilər arasında basketbol üzrə muxtar respublika birinciliyinə yekun vurulub. 8 komandanın mübarizə apardığı turnirin final və üçüncü yer uğrunda oyunları dünən keçirilib. “Babək”, “Culfa”, “Ordubad”, “Şərur”, “Naxçıvan Dövlət Universiteti”, “Naxçıvan Özəl Universiteti”, “Naxçıvan-1” və “Naxçıvan-2” komandalarının qatıldığı turnirin final görüşü gözlənildiyi kimi gərgin mübarizə şəraitində keçib.
İlk olaraq qrup mərhələsini ikinci pillədə başa vuran iki komanda – “Ordubad” və “Naxçıvan Özəl Universiteti” meydana çıxıb. Bu görüşdə Ordubad təmsilçisinin basketbolçuları səbəti daha yaxşı “nişan” alıblar və turniri üçüncü pillədə başa vurmağa müvəffəq olublar – 52:39. Daha sonra qrup mərhələsini itkisiz tamamlayan “Naxçıvan-1” və “Naxçıvan Dövlət Universiteti”nin top sehrbazları öz bacarıqlarını nümayiş etdiriblər. İlk perioddan başlayaraq oyunun gedişatına nəzarət edən birincilər digər periodda da rəqibin hücumlarının qarşısını məharətlə almağa nail olublar. Nəticədə, universitet tələbələrini 21 sayı fərqi ilə (68-47) məğlubiyyətə düçar edən “Naxçıvan-1” komandası birinciliyin qalibi adını qazanıb.
Keçirilən görüşlərdən sonra Naxçıvan Muxtar Respublika birinciliyində yer tutan komandaların təltifetmə mərasimi olub. Qaliblərə diplom və hədiyyələr verilib.
Ceyhun MƏMMƏDOV