22 Dekabr 2024, Bazar

Cari mövsümə iddialı başlayan və məqsədinin Premyer Liqaya yüksəlmək olduğunu nümayiş etdirən “Araz-Naxçıvan” futbol komandası növbəti qələbəsini qazanıb. Muxtar respublika klubu bu dəfə “Kəpəz” futbol komandasını məğlub edib. Gəncədə yerli komandaya qarşı əzmkar oyun nümayiş etdirən qırmızı-ağlar minimal hesablı qələbə qazanaraq cari mövsümdə ilk dəfə turnir cədvəlində liderliyə yüksəliblər. “Araz-Naxçıvan”ın lider olmasında “Qaradağ Lökbatan”ın xal itirməsi də mühüm rol oynayıb. Belə ki, abşeronlular “Bakılı” ilə heç-heçə (1:1) edərək liderlik kürsüsünü naxçıvanlı həmkarlarına təhvil veriblər.

Gəncə səfərində ilk qələbə

Etiraf edək ki, “Araz-Naxçıvan”ın Gəncə səfərindən 3 xalla qayıdacağına ümid az idi. Çünki “Kəpəz” Premyer Liqanı yeni tərk edib və heyətində kifayət qədər təcrübəli futbolçular var. Bununla yanaşı, Gəncə təmsilçisi öz azarkeşi önündə həmişə mükəmməl oyun sərgiləyib. Naxçıvan klubu ilə görüşdə qələbə qazanmaq üçün “Kəpəz” bu matça ciddi hazırlaşmışdı.

Ümumiyyətlə, bu iki komanda müstəqillik dönəmində 4 dəfə üz-üzə gəliblər. 2000-2001-ci illər mövsümündə muxtar respublika klubu qərb təmsilçisi ilə keçirdiyi iki çempionat oyununda meydanı məğlub tərk edib (0:6, 1:3). Ancaq növbəti mövsümdə daha uğurla çıxış edən “Araz” doğma arenada “Kəpəz”i üstələyib (2:0), səfərdə isə büdrəmişdi – 1:4. Səfər sindromunu qırmaq üçün “Araz-Naxçıvan”a bu görüşdə mütləq qələbə lazım idi.
Hər oyuna fərqli heyətlə çıxan “Araz-Naxçıvan”ın baş məşqçisi Əsgər Abdullayev Gəncə səfərində də hamını təəccübləndirdi. Ötən oyunla müqayisədə baş məşqçi bu dəfə Akif Tağıyev və Bəxtiyar Soltanovu əsas heyətdə meydana buraxmışdı. Müdafiə xəttində isə Ruslan, Mikayıl, Cavid və Əlimirzə tandemi dəyişilməz olaraq qalmışdı. Hücum xəttində yalnız David Canıyevə bel bağlayan  Ə.Abdullayev ona köməklik etmək funksiyasını Emin İmaməliyevə həvalə etmişdi.
“Kəpəz”ə gəlincə, baş məşqçi Vidadi Rzayev son oyunlarda üzləşdikləri uğursuzluğu dəf etmək üçün doğma azarkeşləri önündə qələbə qazanmaq niyyətində idi. Buna görə əsas futbolçularını meydana buraxan V.Rzayev yetirmələrinə yalnız hücum tapşırığı vermişdi.
Anar Niyazov yenə qolu qeydə almadı
Xatırlayırsınızsa, hələ ötən mövsüm “Kəpəz”in arenası bərbad vəziyyətdə olduğundan Peşəkar Futbol Liqası komandanı Bakıya köçürmüş və oyunlarını buradakı “Dalğa Arena”da keçirməyi məsləhət bilmişdi. 6 aya yaxın Bakıda məskunlaşan “Kəpəz”in stadionu isə təmirə dayandırılmışdı. Ot örtüyünün bərbad vəziyyəti, həmçinin sektorların bir neçəsinin qəzalı durumda olması PFL-i belə addım atmağa məcbur etmişdi. Plana görə, Gəncə stadionu yeni mövsümə kimi tam hazır vəziyyətdə olmalı, ən azından arenanın ot örtüyü süni örtüklə əvəzlənməli idi. Ancaq yeni mövsümün başlamasına baxmayaraq, arenada heç bir iş görülməyib və Gəncəyə səfər edən komandalar daha çox stadionun vəziyyətinin pis olmasından şikayətlənirlər. Elə “Araz-Naxçıvan”ın futbolçuları da arenanın vəziyyətini gördükdə xeyli təəccübləndilər. Ot örtüyünün bərbad durumda olması, həmçinin oyuna hakim kimi Anar Niyazovun təyin edilməsi matçın gərgin vəziyyətdə keçəcəyindən xəbər verirdi. Buna baxmayaraq, qələbə əzmi ilə meydana çıxan “Araz-Naxçıvan”ın futbolçuları ilk dəqiqələrdən hücuma atıldılar. Artıq 7-ci dəqiqədə qırmızı-ağlar yerli fanatları susdura bildilər. Belə ki, künc zərbəsindən edilən asmanı rəqib müdafiəçilər uzaqlaşdırmağa çalışdılar. Ancaq topa bir qədər inamsız yanaşan “Kəpəz”in futbolçuları buna nail ola bilmədilər. Emin İmaməliyev qarşısına düşən topu David Canıyevə ötürdü. O isə qüvvətli zərbə ilə toru silkələdi – 1:0. Qolun təsirindən ayılmayan meydan sahibləri ikinci dəfə mərkəzə dəvət oluna bilərdilər. Belə ki, künc zərbəsindən edilən asmada hamıdan yüksəyə tullanan Mikayıl Rəhimovun başla zərbəsində bir qədər dəqiqlik çatmadı.
“Kəpəz” “Araz-Naxçıvan”ın hücumlarını dəf etməklə yanaşı, ara-sıra qapıçımız Nicat Əliyevi də narahat edirdi. Belə epizodların birində Pərvin Paşayevin uzaqdan zərbəsini dəri əlcək sahibimiz bacarıqla zərərsizləşdirdi. İlk hissənin ortalarında Anar Niyazov “Mil-Muğan”la oyunda olduğu kimi, yenə öz “bacarığını” göstərdi. Edilən asmadan sonra başla dəqiq oynayan Elgün Abbaslı toru silkələdi. Ancaq hakim bu dəfə qolu qeydə almadı. Muxtar respublika təmsilçisi futbolçularının etirazına baxmayaraq, Anar Niyazov E.Abbaslının qayda pozuntusuna yol verdiyini bildirdi.
İkinci hissə də “Araz-Naxçıvan” üçün yaxşı başladı. Ardıcıl hücumlar təşkil edən Əsgər Abdullayevin yetirmələri 60-cı dəqiqədən sonra bir qədər rahatladılar. Bundan istifadə edən meydan sahibləri hücuma başladılar. Ancaq müdafiəçilərimizin sayıqlığı və qapıçımızın inamlı oyunu rəqibin fərqlənməsinə imkan vermədi. İkinci hissədə meydana daxil olan Elmin Çobanov isə tablodakı rəqəmləri dəyişə bilərdi. Yarımmüdafiəçimizin zərbəsi təhlükəli alınsa da, top qapıdan bir qədər aralı keçdi. Oyunda yeganə qolun müəllifi David Canıyev bu görüşdə də dubl edə bilərdi. Di gəl ki, onun cərimə meydançasının içərisindən vurduğu zərbəni qapıçı zərərsizləşdirməyə müvəffəq oldu. Bundan sonra oyunda başqa qol olmadı və “Araz-Naxçıvan” cari mövsümdə 5-ci qələbəsini qazandı. “Qaradağ Lökbatan”ın xal itirməsindən sonra aktivində 16 xal olan muxtar respublika klubu turnir cədvəlində liderliyə yüksəldi.
Qeyd edək ki, “Araz-Naxçıvan” növbəti görüşünü oktyabrın 26-da keçirəcək. Naxçıvan Muxtar Respublika Stadionunda, saat 1600-da başlayacaq oyunda qırmızı-ağların rəqibi Biləcərinin (Bakı) “Lokomotiv” komandasıdır.

Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR