Dünən İlham Əliyev adına Olimpiya İdman Kompleksində kişilər arasında basketbol üzrə Naxçıvan Muxtar Respublika birinciliyinə start verilib. Bu münasibətlə keçirilən tədbiri Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Kütləvi bədən tərbiyəsi və idman şöbəsinin müdiri Taleh İbrahimov açaraq muxtar respublikada idmana göstərilən qayğıdan danışıb və yarış iştirakçılarına uğurlar arzulayıb.
Üç gün davam edəcək muxtar respublika birinciliyində 8 komanda 2 yarımqrupda mübarizə aparır. “Babək”, “Şərur”, “Culfa”, “Ordubad”, “Naxçıvan Özəl Universiteti”, “Naxçıvan Dövlət Universiteti”, “Naxçıvan-1” və “Naxçıvan-2” komandalarının birincilik uğrunda mübarizəyə başladığı yarışda qrup mərhələsini ilk pillədə başa vuran komandalar final görüşü keçirəcəklər. İlk mərhələni ikinci kimi tamamlayan komandalar isə üçüncü yer uğrunda mübarizə aparacaqlar.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasının birgə təşkil etdiyi birinciliyin əsas məqsədi istedadlı top sehrbazlarını aşkar etmək və muxtar respublikanın yığma komandasına cəlb etməkdir. Federasiyanın sədr müavini Ənvər Məmmədov bizimlə söhbətində keçirilən turnirin mahiyyətindən danışdı: “Bu turniri keçirməkdə əsas məqsədimiz basketbolun Naxçıvan Muxtar Respublikasında geniş yayılmasına təkan vermək və gəncləri bu idman növünə cəlb etməkdir. Belə turnirlərin sayını daha da artırmaq fikrindəyik”.
Federasiyanın sədr müavini onu da qeyd etdi ki, Naxçıvan Muxtar Respublika birinciliyində yer tutan komandalar mükafatlandırılacaq: “Turnirin qalibi olan komanda federasiya tərəfindən kubok və diplomla təltif olunacaq. Bununla yanaşı, ilk 3 pillədə qərarlaşan komandalara həm diplomlar, həm də qiymətli hədiyyələr veriləcək”.
Qeyd edək ki, dünən başlayan Naxçıvan Muxtar Respublika birinciliyinə sabah yekun vurulacaq. Artıq turnirin ilk günündə maraqlı nəticələr qeydə alınıb. Belə ki, “Naxçıvan Özəl Universiteti” “Babək” komandasından üstün olub – 18:6. Naxçıvan Dövlət Universitetinin basketbolçuları isə “Naxçıvan-2” komandasındakı həmkarlarından səbətə daha çox top sala biliblər – 36:18. Günün ən maraqlı qarşılaşması “Naxçıvan-1” və “Şərur” komandaları arasında olub. Topla daha mükəmməl oynayan “Naxçıvan-1” komandasının üzvləri şərurlu həmkarlarını böyük fərqlə məğlub ediblər – 60:7.
Xəbərlər şöbəsi