Bu gün Azərbaycan Superkuboku uğrunda “Xəzər Lənkəran” və “Neftçi” komandaları Naxçıvan Muxtar Respublika Stadionunda üz-üzə gələcəklər. Artıq matçın iştirakçıları oyunun baş tutacağı məkandadırlar və hər iki komanda dünən oyunun keçiriləcəyi arenada son məşqlərinə çıxıblar. Azərbaycan futbolunda əzəli rəqib kimi tanınan bu komandalar dünən Naxçıvan şəhərinin baş meydanında ümummilli lider Heydər Əliyevin əzəmətlə ucalan abidəsini ziyarət ediblər. “Xəzər Lənkəran” və “Neftçi” futbol klublarının rəsmiləri, məşqçilər korpusu, futbolçuları, eyni zamanda Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Heydər Əliyev Muzeyinin qarşısındakı abidəyə gül dəstələri qoyublar. Sonra xatirə şəkli çəkdirilib.
Qeyd edək ki, Azərbaycan Superkuboku uğrunda keçiriləcək görüş bu gün saat 1500-də Naxçıvan Muxtar Respublika Stadionunda keçiriləcək. Bu görüşün baş hakimi kimi meydana Rəhim Həsənov çıxacaq. Ona Yaşar Abbasov və Vaqif Musayev köməklik edəcəklər. Rauf Cabbarov isə oyuna dördüncü hakim kimi təyinat alıb. “Xəzər Lənkəran”-“Neftçi” matçını AFFA nümayəndəsi kimi Şaiq Həmidov, hakim-inspektor kimi isə Xaqani Məmmədov izləyəcəklər.
Xəbərlər şöbəsi