22 Dekabr 2024, Bazar

Xəbər verdiyimiz kimi, “Araz-Naxçıvan” futbol komandası birinci divizionun V turunu da itkisiz başa vurdu. Muxtar respublika klubu doğma arenada Yevlaxın “Karvan” komandasını qəbul etdi və qazandığı qələbə ilə liderlik uğrunda mübarizəsini davam etdirdi. Son turda turnir cədvəlinin lideri “Qaradağ Lökbatan” futbol komandasının “Şahdağ”la oyunda xal itirməsi (0:0) qırmızı-ağların işinə yaradı. Böyük azarkeş kütləsi önündə “Karvan”la matçda komandamız əsl əzmkarlıq nümayiş etdirdi və aktivinə 3 xal yazdırmağı bacardı.

“Karvan”ın “karvanı” burdan keçməyib
Azərbaycan çempionatları tarixində bu komandalar bir dəfə də olsun qarşılaşmayıblar. Buna səbəb “Karvan”ın XXI əsrin ilk 10 illiyində yaranması və həmin zaman “Araz-Naxçıvan”ın çempionatda çıxış etməməsi olub. Məhz bu amil “Araz-Naxçıvan” komandasının baş məşqçisi Əsgər Abdullayevin meydana hansı taktika ilə çıxacağına olan marağı artırmışdı.

Yevlax klubu cari mövsümdə keçirdiyi görüşlərin yalnız birində qələbə qazanıb və hər matçda meydana fərqli taktika ilə çıxıb. “Araz-Naxçıvan”ın baş məşqçisi “ev”də keçirəcəkləri görüşün taleyini elə ilk yarıda həll etmək üçün meydana iki forvard buraxmışdı. Əslində, ampulası yarımmüdafiəçi olan Emin İmaməliyev Yevlax klubu ilə oyunda hücumçu funksiyasını yerinə yetirirdi. Bu işin öhdəsindən gəlmək üçün ona David Canıyev də yardımçı olurdu. Adət etdiyimiz kimi, baş məşqçi yenə də doğma arenada keçirilən və nisbətən asan hesab edilən görüşdə qapını təcrübəli Hüseyn Məhəmməd­ova yox, gənc qapıçı Nicat Əliyevə tapşırmışdı. Müdafiə xəttində Ruslan Abıyev-Mikayıl Rəhimov-Əlimirzə Daşzərini-Cavid Həsənov dördlüsünə yenə mərkəzdə “E” kvarteti (Elgün, Elgiz, Eşqin, Elmin) yardımçı olurdu. Daha çox oyunu hücum üzərində quran Əsgər Abdullayev yarımmüdafiəçilərə tez-tez forvardlara köməklik etməsini tapşırmışdı.
“Karvan”a gəlincə, Yevlax təmsilçisi cari mövsümə heç də yaxşı başlamayıb. Bu matça kimi 4 oyundan yalnız birində qələbə sevinci yaşayan Kənan Kərimovun yetirmələri Naxçıvana autsayder qismində gəlmişdilər. Elə oyundan öncə baş məşqçi ilə söhbətimizdə bu, özünü açıq şəkildə göstərirdi. Düzdür, Kənan Kərimov bütün oyunlara qələbə əzmi ilə çıxdıqlarını, muxtar respublikadan da ən yaxşı halda bir xalla qayıtmaq niyyətində olduqlarını demişdi. Buna görə o daha çox müdafiəni sağlam saxlayıb fürsət düşən kimi hücumda çoxalmağı yetirmələrinə tapşırmışdı. 4-5-1 taktikası ilə meydana çıxan “Karvan” “Araz-Naxçıvan”ın qapısının yolunu cinahlardan axtarmağa çalışırdı. Bununla yanaşı, cari mövsümün reqlamentinə əsasən, yaşlı və təcrübəli oyunçularından istifadə edə bilməyən Yevlax təmsilçisi 2004-2005-ci il mövsümündə sərgilədiyi oyunu heç cür “tapa” bilmir. Həmin mövsüm “Karvan” ölkə çempionatında bürünc medal qazanmış və Azərbaycanı UEFA İntertoto kubokunda təmsil etmişdi. Yevlaxlılar ilk dəfə bu turnirdə mərhələ adlayan Azərbaycan klubu adına da sahibdirlər.
İki fərqli hissə
Feyzulla Feyzullayevin fiti ilə başlayan oyun komandamız üçün yaxşı başladı. Elə ilk dəqiqədə “Araz-Naxçıvan” hesabı aça bilərdi. Komanda yoldaşından ideal ötürmə alan Emin İmaməliyev qapıçı ilə üzbəüz epizoddan yararlana bilmədi. Rəqib qapısına ardıcıl hücumlar təşkil edən qırmızı-ağlar heç bir halda “Karvan”ın qapıçısı Amil Oruc­ovu keçə bilmədilər. Qapıçının bir qədər inamlı oyunu və futbolçularımızın bir qədər qeyri-dəqiqliyi tablodakı hesabın dəyişməsinə maneçilik törədirdi. Yevlax klubu isə bu hücumların qarşısını almaqla yanaşı, ara-sıra “Araz-Naxçıvan”ın da qapısına yol tapmağa çalışırdı. Belə epizodların birində rəqib futbolçu Əli Bağırovun zərbəsini qapıçı Nicat Əliyev zərərsizləşdirdi. Ancaq         32-ci dəqiqədə Ə.Bağırov istəyinə nail oldu. Sağ cinahdan Elvin Ağamal­ovdan ötürmə alan Ə.Bağırov iki müdafiəçimizi keçərək qapıçı ilə təkbətək qaldı. Əlinə düşən bu fürsəti qola çevirən 25 yaşlı hücumçu komandasını hesabda önə keçirdi. Qeyd edək ki, bu qol “Karvan”ın cari mövsümdə səfər oyunlarında vurduğu ikinci qol idi və bunların hər ikisində Əli Bağırovun imzası var. “Araz-Naxçıvan” isə çıxış etdiyi oyunlarda ilk dəfə olaraq hesabda geri düşürdü.
Qol Əsgər Abdullayevin yetirmələrini, əsl mənada, silkələdi. Ardıcıl olaraq hücumlar təşkil edən “Araz-Naxçıvan” rəqib qapıçını keçsə də, toru tərpədə bilmədi. 37-ci dəqiqədə ilk zərbəni rəqib qapıçı qaytardı, Cavid Həsənovun sonrakı zərbəsini isə müdafiəçi qapı xəttindən çıxartdı. İlk hissənin son dəqiqələrində David Canıyev hesaba tarazlıq gətirə bilərdi. Ancaq Elnur Soltanlının sağ cinahdan ötürməsini o, qapıdan xeyli aralı vurdu.
İkinci hissəyə Əsgər Abdullayev dəyişikliklərlə başladı. İlk hissənin son dəqiqələrində Eşqin Quliyev və Elgiz Kərimlini müvafiq olaraq Elnur Soltanlı və Akif Tağıyevlə əvəzləyən baş məşqçi bu dəfə Elmin Çobanov­un yerinə Bəxtiyar Soltan­ovu meydana buraxdı. Bundan sonra oyunun axarında tam olaraq də­yişiklik hiss edilməyə başladı.
Sağ cinahda B.Soltanov, sol cinahda isə E.Soltanlının uzun reydləri qarşısında “Karvan”, sadəcə, 70 dəqiqə tab gətirə bildi. 70-ci dəqiqə Elnur Soltanlının künc zərbəsindən sonra hamını qabaqlayan David Canıyev başla mükəmməl oynayaraq topu tora göndərdi – “status-kvo”nu bərpa etdi. Bu qol həm də Yevlax təmsilçisinin büdrəməsinə, oyun tərzini itirməsinə səbəb oldu. Hücuma daha çox köklənən qırmızı-ağlar 6 dəqiqə sonra tablodakı hesabı öz xeyirlərinə dəyişməyə müvəffəq oldular. Bəxtiyar Soltanov qapı önündə D.Canıyevə ideal ötürmə verdi, hücumçu isə, öz növbəsində, topu saxlamadan qapıçının sağından tora göndərdi. Qeyd edək ki, bu, Davidin cari mövsümdə dördüncü qoludur. “Göyəzən”lə matçda dubl edən hücumçu bu oyunda da nəyə qadir olduğunu nümayiş etdirdi. Artıq azarkeşlərə qələbə sevincini yaşadan “Araz-Naxçıvan” rəqib qapısı önündə lövbər salmağa başladı. Uzaqdan zərbələrlə qapıçının sayıqlığını yoxlayan futbolçular 83-cü dəqiqədə fanatları daha bir dəfə sevincə qərq etdilər. Meydana sonradan daxil olan Akif Tağıyev uzaqdan zərbə ilə hesab arasındakı fərqi iki topa çatdırdı – 3:1. Son dəqiqələrdə isə muxtar respublika təmsilçisi hesabı artıra bilərdi. Belə ki, Ruslan Abıyev künc zərbəsindən edilən asmanı başla qapıya göndərdi. Ancaq qapıçının bir qədər inamlı oyunu dördüncü qolun vurulmasına maneçilik törətdi. Bundan sonra komandaların səylərinə baxmayaraq, tablodakı hesab dəyişmədi və “Araz-Naxçıvan” cari mövsümdə 4-cü qələbəsini qazandı. Bu qələbədən sonra qırmızı-ağlar xallarının sayını 13-ə yüksəltdi və “Qaradağ Lökbatan”la birlikdə turnir cədvəlində ikihakimiyyətlik yaratdı.
Qeyd edək ki, “Araz-Naxçıvan” növbəti oyununu oktyabrın 20-də Gəncə şəhərində “Kəpəz”ə qarşı keçirəcək.
Oyundan sonra fikirlər...
Əsgər Abdullayev (“Araz-Naxçıvan”ın baş məşqçisi): “Oyun istədiyimiz kimi başlamadı. Rəqib ilk hissədə əlinə düşən fürsəti qola çevirməyi bacardı və hesabda irəli çıxdı. Bundan sonra futbolçularımızın səylərinə baxmayaraq, hesabı dəyişə bilmədik. Ancaq ikinci hissədə inamlı təsir bağışladıq və  3 qol vurmağa müvəffəq olduq. Buraxdığımız səhvlər üzərində çalışacağıq və növbəti oyunlarda bunun təkrarlanmasına yol verməyəcəyik”.
Kənan Kərimov (“Karvan”ın baş məşqçisi): “Qələbə münasibətilə “Araz-Naxçıvan”ı təbrik edirəm. İlk hissədə komandamız daha yaxşı oynadı. Hesabı qoruya bilərdik, ancaq alınmadı. Qısa vaxt kəsiyində belə bir komandanın formalaşması təqdirəlayiq haldır. Naxçıvanda klub üçün hər bir şərait yaradılıb. İnanıram ki, qarşıdakı illərdə Naxçıvan futbolu daha sürətlə inkişaf edəcək”.
Ceyhun Əhmədov (“Karvan”ın futbolçusu): “Oyuna qələbə əzmi ilə çıxmışdıq. Məlum olduğu kimi, komandamız mövsümün başlamasına az qalmış yığışıb. Gələcək oyunlarda daha yaxşı oynayacağımızı düşünürəm. Naxçıvan klubuna gəlincə, burda onlar üçün geniş imkanlar mövcuddur. Qalır indi onların oynamağı. Etiraf edim ki, Naxçıvanın bu qədər inkişaf etdiyini təsəvvür etmirdim”.
Rəhman Əzizov (“Karvan”ın futbolçusu): “Məğlub olduğumuz üçün çox məyusam. Bura qələbə üçün gəlmişdik, buna da çox yaxın idik. Qismət, indi növbəti oyunlara daha ciddi hazırlaşmalıyıq. Naxçıvanda gəzməyə elə də çox vaxtımız olmadı, ancaq stadiona gələnə kimi bir çox gözəl yerlər gördük. Yaradılan belə bir şəraitdə futbol oynamaq çox xoş olardı. Əgər komanda belə davam edərsə, yəqin ki, gələn mövsümdən Premyer Liqada çıxış edərlər. Qələbəyə görə naxçıvanlıları təbrik edirəm”.

Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR