Bu gün “Araz-Naxçıvan” futbol komandası I divizionun 5-ci turu çərçivəsində növbəti oyununu keçirəcək. Qırmızı-ağlar Naxçıvan Muxtar Respublika Stadionunda Yevlaxın “Karvan” komandasını qəbul edəcəklər. Saat 1600-da başlayacaq matçı idarə edəcək hakimlər briqadası da artıq məlumdur. Oyunun baş hakimi kimi meydana Feyzulla Feyzullayev çıxacaq. Roman Vasilyev və Hüseyn İmanov bu görüşdə F.Feyzullayevə kömək edəcəklər. Oyunda dördüncü hakim funksiyasını Etibar Həsənov yerinə yetirəcək. Yavər Rəhimov isə Naxçıvanda keçiriləcək matçda hakimlərin işinə qiymət verəcək.
“Araz-Naxçıvan” “Karvan”la oynayacağı matça tam olaraq hazırdır. Komandanın heyətində zədəli və ya cəzalı futbolçuların olmaması baş məşqçi Əsgər Abdullayevi sevindirməyə bilməz. Cari mövsümdə məğlubiyyətsiz oyunlar seriyasını davam etdirmək üçün Naxçıvan təmsilçisinə mütləq qələbə lazımdır. “Karvan”a gəlincə isə Kənan Kərimovun rəhbərlik etdiyi komanda cari mövsümdə cəmi bir qələbə qazanıb. Səfər görüşlərində inamsız təsir bağışlayan Yevlax təmsilçisinin muxtar respublikadan 3 xalla qayıdacağı mümkünsüz görünür.
Ceyhun MƏMMƏDOV