Ölkə Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyasının məntiqi nəticəsi olaraq, Azərbaycan regionun lider dövlətinə çevrilmişdir. Dövlətimizin iqtisadi qüdrətinin ildən-ilə artması, bütün sahələr kimi, idmanın tərəqqisinə də öz müsbət təsirini göstərməkdədir. Bu gün idmana dövlət səviyyəsində yüksək qayğı və diqqət göstərilir. Paytaxtda və regionlarda bir çox olimpiya idman komplekslərinin, müasir idman zallarının tikilib istifadəyə verilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi bunu deməyə əsas verir.
Azərbaycanın bir sıra mötəbər yarışlara ev sahibliyi etməsi, idmançılarımızın dünya və Avropa miqyaslı turnirlərdə təmsil olunması Azərbaycanı dünyada idman ölkəsi kimi tanıtmışdır.
Xalqımıza məxsus qədim milli idman növü olan güləş bu gün daha da inkişaf etdirilir və ildən-ilə bu sahədə yüksək nailiyyətlər qazanılır. Bu idman növü zəngin tarixə və özünəməxsus köklərə malikdir. Milli güləşin qədim elementlərinə Qobustan qayalarında, şifahi xalq ədəbiyyatında, klassik ədəbiyyatda rast gəlirik.
Tarixə ekskursiya
Güləş idmanın ən qədim növlərindən biridir. Hələ eramızdan 2500 il əvvəl Misirdə güləşlə məşğul olurdular. Qədim yunanlar da idmanın bu növünü sevirdilər. O vaxtlar, adətən, qumla örtülü meydançada güləşirdilər. İdmançıların çılpaq bədənlərinə qum yapışır və onların bədənləri nisbətən az sürüşkən olurdu; bu zaman idmançılar bir-birlərindən möhkəm yapışa bilirdilər. Pəhləvanlar meydanda dolaşır, elə bil ki, bir-birini başdan-ayağa süzür və birdən hücuma keçirdilər. Hər güləşçinin sevimli bir fəndi vardı. Biri öz rəqibinin ayağından tutmağa çalışır, o biri isə onun başını qoltuğu altında sıxırdı. Rəqibinin çiynini, kürəyini və ya dizini üç dəfə yerə vuran güləşçi qalib sayılırdı.
Müxtəlif ölkələrdə ayrı-ayrı güləşçilər bir çox fəndlərdən istifadə edirdilər. Müasir güləşçilər də bu fəndlərin bəzilərindən istifadə edirlər. Xüsusi geyimli güləşçilər xalça üzərinə çıxıb bir-birinin əlini sıxır və güləşməyə başlayırlar. Məqsəd rəqibin kürəyini yerə vurmaqdır. Buna “təmiz qələbə” deyirlər. Təmiz qələbə mümkün olmayanda xal hesabı ilə qalib müəyyənləşdirilir. Xallar hər bir uğurlu fənd üçün verilir. Sərbəst güləş, ilk baxışda, klassik güləşə oxşayır. Lakin klassik güləşdən fərqli olaraq, sərbəst güləşdə çarpaz vurmaq, badalaq gəlmək, beldən aşağı yapışmaq olar. Sərbəst güləşdə də bəzi xalqların güləş fəndlərindən istifadə edilir.
Xalqımızın yaddaşında olan milli güləş isə tarixən daha qədimdir. Güləşin qədimliyini sübut edən faktlardan biri Azərbaycanda toy və bayram şənliklərində insanların bu növdə özlərini sınamalarıdır. Azərbaycanda güləş yarışları xüsusi yerlərdə keçirilirdi ki, buna “zorxana” deyilir. Milli güləşin inkişaf etməsi və gənclərin hünərlərini nümayiş etdirən idman növünə çevrilməsi bir tərəfdən milli irsimiz və ənənələrimizlə bağlıdırsa, digər tərəfdən sonradan meydana gəlmiş peşəkar məktəblə əlaqədardır.
Azərbaycanda güləş peşəkar idman növü kimi öz təşəkkülünü ötən əsrin 50-ci illərində tapmışdır. “Kusturud” idman klubunun təşəbbüskarlarından və oradakı məşğələlərin iştirakçılarından olan əməkdar idman ustası Rza Baxşəliyev Azərbaycan Respublikasında peşəkar güləşin banilərindən sayılır.
Güləş Federasiyasının böyük işi
Naxçıvan Muxtar Respublikasında da qədim ənənəyə malik olan idmanın bu növü geniş yayılıb. Muxtar respublika rəhbərinin diqqət və qayğısı ilə yaradılan idman infrastrukturu diyarımızda idmanın inkişafına nə qədər önəm verildiyinin bariz nümunəsidir. Naxçıvanda güləşin geniş vüsət alması üçün Güləş Federasiyası bir çox tədbirlər həyata keçirir. Gənclərin bu sahəni seçməsi üçün hazırlanan planda əsas məqsəd ölkəmiqyaslı idmançılar yetişdirmək və gələcəkdə dünya arenalarında bayrağımızı yüksəldəcək gənclərə sahib olmaqdır.
Naxçıvan Muxtar Respublikası Güləş Federasiyasının cari ildə gördüyü işlərlə yaxından tanış olmaq üçün qurumun sədr müavini Yaşar Səfərovla söhbətləşdik. Y.Səfərov son illər güləşin muxtar respublikada daha geniş yayıldığını vurğuladı: “Son illər Naxçıvan Muxtar Respublikasında güləşə olan maraq artıb. Demək olar ki, gəncləri bura dəvət etmək üçün məşqçilərimiz bütün gücləri ilə çalışırlar. Hazırda Güləş Federasiyasında 22 məşqçi fəaliyyət göstərir. Onların işini qənaətbəxş hesab etmək olar. Məşqçilərimizin də səyləri nəticəsində muxtar respublikada 1350 idmançı güləşin sirlərini öyrənir. Onlar arasında respublika yarışlarının, beynəlxalq turnirlərin qalibləri var”.
Güləş Federasiyasının sədr müavini cari ildə keçirilən turnirlər barədə də danışdı. Yaşar Səfərov bu il Naxçıvan idmançılarının daha uğurla çıxış etdiyini bildirdi: “Cari ilin bu gününədək Güləş Federasiyası 2 daxili turnir və 2 muxtar respublika birinciliyi təşkil edib. Bununla yanaşı, idmançılarımız 2 dəfə ölkə səviyyəsində təşkil olunan turnirdə qüvvələrini sınayıblar. Yeniyetmələr arasında Azərbaycan birinciliyi və məktəblilərin 6-cı respublika oyunlarında naxçıvanlı güləşçilər iştirak ediblər. Həmçinin Naxçıvanda bu il ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş yunan-Roma güləşi üzrə gənclər arasında beynəlxalq turnir keçirilib. “Naxçıvan kuboku” adı altında keçirilən turnirdə güləşçilərimiz nəyə qadir olduqlarını nümayiş etdiriblər”.
Qazanılan uğurlar
Yaşar Səfərov cari ilin onlar üçün uğurlu olduğunu, idmançıların keçirilən turnirlərdə böyük nailiyyətlər qazandıqlarını vurğuladı. Bəs hansı güləşçilərimiz təşkil olunan yarışlarda Naxçıvan məktəbini layiqincə təmsil ediblər? Y.Səfərov buna da aydınlıq gətirdi: “Fevral ayında Bakıda keçirilən beynəlxalq turnirdə 63 kq çəki dərəcəsində Təbriz Məmmədov yalnız finalda məğlub oldu. “Olimpiyaçılar aramızda” adı altında keçirilən yarışda Əmrah Məmmədov gümüş medala layiq görüldü. Balakən rayonunda keçirilən məktəblilərin 6-cı respublika birinciliyində 3 güləşçimiz mükafatçılar arasında yer aldı. 42 kiloqram çəki dərəcəsində Sərdar Əliyev bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək zirvəsinə qalxdı. Bağır Zeynalov (38 kiloqram) və Qoca Əhmədov (50 kiloqram) isə bürünc medalla kifayətləndilər. May ayında keçirilən yeniyetmələrin Azərbaycan birinciliyində Təbriz Məmmədov (63 kiloqram) gümüş medal qazandı. Ən böyük uğur isə Naxçıvan komandasının yunan-Roma güləşi üzrə gənclər arasında “Naxçıvan kuboku” uğrunda Beynəlxalq Turnirin qalibi olmasıdır.
Qurumun sədr müavini qarşıdakı turnirlər barədə də məlumat verdi: “Yeniyetmələr arasında güləşin sərbəst növündə Rəşid Məmmədbəyov adına turnir keçiriləcək. Həmin yarışda Naxçıvan güləşçiləri də öz güclərini sınayacaqlar. Bu turnirdən sonra isə “Hünər meydanı” adı altında yarış təşkil olunacaq ki, burda yalnız yunan-Roma güləşçiləri mübarizə aparacaqlar”.
Sonda Yaşar Səfərov muxtar respublikada yaradılan şəraitdən, güləşçilərə göstərilən qayğıdan danışdı: “Naxçıvanda bu idman növünün inkişafı üçün xeyli iş görülüb. Biz də çalışırıq ki, etimadı doğruldaq və qazanılan uğurlarla Naxçıvanda güləşin hansı səviyyədə olduğunu nümayiş etdirək”.
Ceyhun MƏMMƏDOV