Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Voleybol Federasiyasının birgə təşkilatçılığı ilə 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə voleybol üzrə yoldaşlıq görüşü keçirilib.
Uzunoba çimərliyində yerləşən voleybol meydançasında keçirilən görüşdə “Naxçıvan” və “Sədərək” komandaları üz-üzə gəlib.
Gərgin keçən görüşün ilk setində Sədərək voleybolçuları qələbə qazanıblar – 25:18. İkinci setdə üstünlüyü ələ alan naxçıvanlı voleybolçular yarışı 25:20 hesablı qələbə ilə başa vurublar. Son set daha gərgin idman mübarizəsi şəraitində keçib. Belə ki, sonadək əzmlə mübarizə aparan “Sədərək” komandası bu setdə də qalib gələrək (25:22) görüşü 2:1 hesablı qələbə ilə başa vurub.
Sonda hər iki komanda təşkilatçılar tərəfindən mükafatlandırılıb.
Ceyhun MƏMMƏDOV