“Neftçi” və “Xəzər Lənkəran” futbol komandaları arasında keçirilməli olan Superkubok matçının yeri və tarixi artıq məlum olub. Son ölkə çempionu ilə Azərbaycan kubokunun finalçısı Naxçıvanda üz-üzə gələcək. Görüş oktyabrın 23-də Naxçıvan Muxtar Respublika Stadionunda keçiriləcək.
Artıq hər iki klubun rəsmiləri oyunun muxtar respublikada keçirilməsinə münasibətlərini bildiriblər. İlk olaraq, “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov Superkubokun oktyabrın 23-də Naxçıvanda keçirilməsi ilə bağlı verilən qərara mövqeyini açıqlayıb. 2012-2013-cü il mövsümündə Azərbaycan kubokunun finalında ölkə çempionu “Neftçi”yə uduzan Lənkəran təmsilçisi rəqibi udmaq iddialarını ortaya qoyub: “Xəzər Lənkəran” Azərbaycan Superkubok oyununa hazırdır. Biz ölkənin istənilən yerində oynamağa razıyıq. Bizim üçün fərq etməz. İstənilən yerdə oynayıb, qalib gələ bilərik”.
“Neftçi” futbol klubunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Gündüz Abbaszadə isə Superkubok üçün təyin olunan vaxtın və məkanın onlar üçün problem yaratmayacağını düşünür: “Biz Avroliqada hər 3 gündən bir oynamağı öyrənmiş komandayıq. Buna görə də qəbul olunan tarixin və yerin bizə hər hansı bir əngəl yaradacağını düşünmürəm”.
“Neftçi”-“Xəzər Lənkəran” arasında Superkubok oyununun Naxçıvanda keçirilməsinə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev də fikir bildirib. O, belə mötəbər oyunun muxtar respublikada keçiriləcəyinə bu cür reaksiya verib: “Bəli, Superkubok matçı Naxçıvanda keçiriləcək. Çünki orda “Neftçi” və “Xəzər Lənkəran” azarkeşləri çoxdur. Naxçıvan ölkənin ən gözəl yerlərindən biridir. Orda futbolun inkişafı üçün yaradılmış şərait, infrastruktur göz önündədir. Superkubok oyununun Naxçıvanda keçirilməsinə səbəb olan digər amil isə bu regionda futbola olan hədsiz maraqdır. Gəncədə keçirilmiş “Qızıl oyun”da, Quzanlı qəsəbəsində “Qarabağ”-“İnter” matçında stadiona gələn azarkeşləri görmək çox gözəl hiss idi. Ümid edirəm ki, bu hissləri Naxçıvanda da yaşayacağıq. Naxçıvan əhalisinin futbola böyük sevgisi var. Azarkeşlərin çox maraqlı oyunun şahidi olacaqlarına inanıram”.
Ceyhun MƏMMƏDOV