22 Dekabr 2024, Bazar

Birinci divizionun ilk iki turunda qələbəni bayram edən “Araz-Naxçıvan” futbol komandasının səfərdən 3 xalla qayıdacağı güman edilirdi. Çünki digər oyunlarda komandamızın inamlı çıxışı, meydanın hər yerində topa sahib ola bilməsi və rəqiblərindən üstün oyun sərgiləməsi bunu deməyə əsas verirdi. Di gəl ki, “Mil-Muğan” futbol komandası ilə görüşdə hakim səhvləri “Araz-Naxçıvan”ın “ev”ə üç xalla dönməsini, sözün əsl mənasında, əngəllədi.
Keçilməz müdafiə xətti
Əsgər Abdullayev səfər matçından qələbə ilə qayıtmaq və növbəti oyunun hazırlıqlarını böyük əhval-ruhiyyə ilə keçirmək fikrində idi. Məhz buna görə baş məşqçi ideal heyətlə meydana çıxmışdı. “Şəmkir”lə görüşdən fərqli olaraq, bu dəfə çərçivə Hüseyn Məhəmmədova həvalə olunmuşdu. Təcrübəli qapıçıya, adətən, səfər oyunlarında güvənən Ə.Abdullayev yanılmadığını bir daha göstərdi. Müdafiədə isə dəyişilməz Mikayıl Rəhimov-Ruslan Abıyev-Əlimirzə Daşzərini-Cavid Həsənov dördlüsü rəqib hücumçular üçün keçilməz sədd yaratmışdılar. Əsgər Abdullayev digər oyunlarla müqayisədə bu dəfə meydana 4-2-3-1 taktikası ilə çıxmışdı. Müdafiə xəttinin qarşısında Fərman Qəmbərov və Elgiz Kərimlini oynadan Ə.Abdullayev hücumda ötən oyunu zədəyə görə buraxan Emin İmaməliyevi sınaqdan keçirdi. E.İmaməliyevin fərqlənməsi üçün isə cinahlardan Elmin Çobanov və Bəxtiyar Soltanov müdafiə xəttini yarmağa çalışırdı.

“Araz-Naxçıvan” futbol komandası yaradıldığı gündən bəri İmişli komandası ilə qarşılaşmayıb. Odur ki, bir qədər ehtiyatlı oyun oynamağa üstünlük verən Əsgər Abdullayev, əsasən, oyunu müdafiə xəttinin üzərində qurmuşdu. “Mil-Muğan” komandasına gəlincə, Mətləb Məmmədovun ilk dəfə məşqçi kimi özünü sınadığı İmişli təmsilçisi ilk iki oyunda cəmi bir xal qazanmışdır. Səfərdə “Şəmkir”lə heç-heçə edən Aran klubu ötən tur hesabda irəli keçsə də, məğlubiyyətdən yaxa qurtara bilməmişdi. Daha çox yarımmüdafiə xəttində oynamağa üstünlük verən İmişli təmsilçisinin “ev” oyununda “Araz-Naxçıvan” qarşısında bir qədər hücumameyilli oyun sərgiləyəcəyi öncədən bəlli idi. Mətləb Məmmədov da oyundan öncə açıqlamasında Heydər Əliyev adına Stadionda keçiriləcək bütün matçlara yalnız qələbə qazanmaq üçün çıxacaqlarını bildirmişdi.
“Araz-Naxçıvan” iki rəqibə qarşı: “Mil-Muğan” və hakim
Oyundan öncə hakimlər briqadasına Anar Niyazovun rəhərlik edəcəyi bilinəndə “Araz-Naxçıvan”ın işinin çətin olacağı aydın idi. Demək olar ki, hər çempionatda onun haqqında hakimlər komitəsinə, Peşəkar Futbol Liqasına şikayətlər daxil olur. Ancaq bir müddət hakimlikdən uzaqlaşdırılan fit sahibi sonradan meydanlarda yenidən peyda oldu.
Bu ifadələri işlətməyimizin səbəbi oyun ərzində Anar Niyazovun iki dəfə penalti nöqtəsini göstərməməsidir. Oyuna sürətli başlayan “Araz-Naxçıvan” ilk dəqiqələrdən hesabı açmağa çox yaxın idi. Emin İmaməliyev əlinə düşən fürsətdən yararlana bilmədi. Belə ki, künc zərbəsi ilə edilən ötürmədə iki futbolçumuz topun üzərindən atladı. Boş qalan Eminin zərbəsi isə qapı dirəyinə tuş gəldi. Bundan sonra sol cinahdan Elmin Çobanovun uzun reydi və ötürməsindən sonra topa heç bir futbolçumuz çata bilmədi. İlk hissədə, demək olar ki, bütün üstünlüyü ələ keçirən komandamız rəqibinə künc zərbələrində daha çox təhlükəli anlar yaşatdı. Edilən asmalarda Mikayıl Rəhimov və Ruslan Abıyevin baş zərbələrində bir qədər dəqiqlik çatmadı. Oyunda hay-küyə səbəb olan epizod isə cərimə meydançasında yaşandı. Belə ki, cinahdan edilən asmadan sonra top “Mil-Muğan” komandasının futbolçusunun əlinə dəydi. Açıq şəkildə qapıya gedən topu əllə “ram” edən müdafiəçinin bu hərəkəti hakimin gözündən “yayındı”. Etirazlara baxmayaraq, Anar Niyazov 11 metrlik məsafədəki ağ nöqtəni göstərmədi.
İkinci hissəyə də qələbə əzmi ilə çıxan “Araz-Naxçıvan” indi meydanda bir yox, iki “komanda” ilə mübarizə aparmaq məcburiyyətində idi. Hakimlə də mübarizə aparan komandamız bir neçə epizodda hesabı dəyişə bilərdi. Xüsusilə Elgün Abbaslının cərimə zərbələri rəqib qapısı önündə təhlükəli anlar yaşatdı. Tez-tez “Mil-Muğan” komandasının qapıçısını narahat edən qırmızı-ağlar daha çox cinah hücumlarında qol epizodları əldə edirdilər.
İkinci hissənin ən çox yaddaqalan anı isə yenə hakimin penalti təyin etməməsi oldu. Bu dəfə də İmişli təmsilçisinin cərimə meydançasında top rəqib futbolçunun əlinə dəydi. Maraqlısı odur ki, müdafiəçinin əlinə dəyən top sonradan digər “Mil-Muğan” futbolçusunun da əlinə tuş gəldi. Anar Niyazovun fiti yenə də susdu. Komandaların səylərinə baxmayaraq, tablodakı sıfırlar dəyişməz olaraq qaldı və “Araz-Naxçıvan” səfər matçından bir xalla “ev”ə qayıtdı. Əldə edilən heç-heçədən sonra qırmızı-ağlar rəqiblərinin də xal itirməsindən sonra turnir cədvəlində ikinci pilləyə yüksəldilər. 3 oyundan maksimum xal toplayan “Qaradağ-Lökbatan” komandamızdan yalnız 2 xal irəlidədir.  
Qeyd edək ki, “Araz-Naxçıvan” komandası növbəti oyununu da səfərdə keçirəcək. Belə ki, oktyabrın 6-da komandamız Qazaxda yerli “Göyəzən”in qonağı olacaq.

Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR