Birinci divizionda mübarizə aparan “Araz-Naxçıvan” futbol klubunun rəsmi fan-klubu fəaliyyətə başlayıb. Fan-klub “ultrAraz” adı ilə azarkeşləri ətrafında cəmləyəcək. Yeni yaradılan azarkeş cəmiyyətinə isə Qadir Məmmədli rəhbərlik edəcək. Q.Məmmədli fan-klub rəhbəri kimi artıq ilk açıqlamasını da verib: “Artıq rəsmi fəaliyyətə başlamışıq. 8 nəfərdən ibarət idarə heyətimizi formalaşdırdıq. Yeni yaranmağımıza baxmayaraq, bir çox müraciət etmiş azarkeşlərimiz fan-kluba üzv qəbul olunublar. Çalışacağıq ki, bütün komandaların fan-klubları ilə əlaqə yaradaq. Biz yalnız 90 dəqiqəlik oyun zamanı rəqibik. Naxçıvana təşrif buyuracaq fan-klubları da burda hörmətlə qarşılayıb, xoş təəssüratla yola salacağıq. Hələ ki, Naxçıvan şəhərini əhatə edən fəaliyyətimizi qısa zaman ərzində genişləndirmək niyyətindəyik”.
Yeni yaradılan fan-klub azarkeşlər üçün bir çox sürprizlər etməyi planlaşdırıb. İlk olaraq, qurumun üzvü onlanlara bəzi güzəştlər ediləcək:
1. Oyunlara pulsuz biletlər
2. Komandanın formaları
3. Loqolu bayraqlar və sair.
Məlumat üçün bildirək ki, fan-klub ictimaiyyətin maraq dairəsində olan bir insanın və ya toplumun heyranları, pərəstişkarları, azarkeşləri tərəfindən qurulan bir qurumdur. Azarkeşlər tərəfindən qurulan və idarə olunan fan-klubda, adətən, fanatlar aid olduqları qurum barədə məsləhətlər verir, işlər görür, cəmiyyəti maraqlandıran xəbərləri ictimaiyyətə çatdırırlar. Futbolda klublar üçün yaradılan fan-klubların isə əsas işi “ev” oyunlarında sevimli komandalarına dəstək vermək, insanları stadiona cəlb etmək üçün pankartlar hazırlamaq və müxtəlif şüarlar səsləndirməkdir. Günümüzdə fan-klubların işi bununla yekunlaşmır. Onlar yaratdıqları qurumu genişləndirmək, insanlara tanıtmaq üçün stadionlarda müxtəlif afişalar da nümayiş etdirirlər. Fan-klublar ilk dəfə İngiltərədə yaranıb. Hazırda bu tipli qurumların fəaliyyəti Almaniya, İtaliya, Türkiyə kimi ölkələrdə daha geniş vüsət alıb və fan-klublar futbolun inkişafı üçün təqdirəlayiq işlər görürlər.
Ceyhun MƏMMƏDOV