Birinci divizionun ikinci turunda “Araz-Naxçıvan” futbol komandası ilk rəsmi “ev” oyununda Şəmkirin eyniadlı komandasını sentyabrın 22-də Naxçıvan Muxtar Respublika Stadionunda qəbul etdi. İlk turda başqa bir qərb təmsilçisi “Turan T”-ni məğlubiyyətə uğradan muxtar respublika klubu bu matçda da qələbəni bayram edib, liderlər qrupunda qərarlaşmaq istəyirdi. Odur ki, “ev” oyunu qırmızı-ağlar üçün böyük önəm kəsb edirdi. Xüsusilə 12 il bundan öncə bu arenada “Şəmkir”ə məğlub olan komandamız bu dəfə mütləq qələbə qazanmalı idi.
Asan hesab edilməyən rəqib – “Şəmkir”
“Araz-Naxçıvan” çıxış etdiyi 2000-2001 və 2001-2002-ci illər mövsümlərində “Şəmkir”lə 4 dəfə qarşılaşmış, onların 2-də məğlub olmuş, bu arenada keçirilən görüşdə isə hesab açılmamışdır. Həmin dövr şəmkirlilərin ən parlaq illəri hesab edilirdi. Belə ki, Azərbaycanın ən istedadlı futbolçularını heyətinə cəlb edən qərb klubu məhz bu iki mövsümdə çempionluq sevinci yaşamışdır. Bununla yanaşı, “Qızıl oyun”la çempion olduğu dövrdə şəmkirlilər Çempionlar Liqasında böyük əzmkarlıq göstərmiş və tur adlamışdır. Elə 2001-2002-ci il mövsümünü də lider kimi başa vuran şəmkirlilər yenə UEFA kubokunda baxımlı oyunları ilə yadda qalmışdılar. Belə bir komandaya qarşı oynamaq, təbii ki, yeni formalaşan bir klub üçün asan deyildi.
Daha çox hücum futbolu oynayan “Şəmkir”in Naxçıvanda bir qədər müdafiətipli oyuna üstünlük verəcəyi gözlənilən idi. Çünki qərb klubu yaxşı bilirdi ki, muxtar respublikadan xalla qayıtmaq mümkün olmayacaq. Odur ki, komandanın məşqçisi Ruslan Abbasov ən yaxşı halda qapılarından daha az qol buraxmağı yetirmələrinə tapşırmışdı. Meydana komandanın əsas futbolçularını buraxan baş məşqçi 4-2-3-1 taktikasını seçmişdi. Oyunu rəqibi əks-hücumda tutma taktikasında quran Ruslan Abbasov eyni zamanda müdafiəni də gücləndirmişdi. Baş məşqçi bütün oyunu Vüsal İbrahimovun üzərində qurmuşdu.
Hər iki hissənin qalibi – “Araz-Naxçıvan”
“Araz-Naxçıvan”a gəlincə, ilk matçda 4-5-1 taktikasına üstünlük verən baş məşqçi Əsgər Abdullayev bu görüşdə bir qədər dəyişiklik etmişdi. Onun belə addım atmasına əsas səbəb komandanın kapitanı Emin İmaməliyevin zədəli olması və meydana çıxa bilməməsi idi. Emin İmaməliyevin işi isə meydanda Eşqin Quliyevə həvalə olmuşdu. Bütün hücumları Eşqin Quliyevin üzərində quran Ə. Abdullayev həmçinin cinahlardan da rəqibin müdafiəsini yarmağı düşünmüşdü. Bəxtiyar Soltanov, Elgün Abbaslı və Elmin Çobanov hücumun sivri ucunda Rəhman Musayevə dəstək olmaqla yanaşı, rəqib qapıya tez-tez zərbələr endirmək tapşırığını almışdılar. İlk oyundan fərqli olaraq, bu dəfə qapını qorumağı baş məşqçi Nicat Əliyevə tapşırmışdı. Müdafiənin dördlüsündə isə Mikayıl Rəhimov, Cavid Həsənov, Ruslan Abıyev və Əlimirzə Daşzərini nəyə qadir olduqlarını göstərdilər.
Oyun “Araz-Naxçıvan” üçün yaxşı başladı. Elə ilk dəqiqələrdən hücuma atılan qırmızı-ağlar rəqib qapısı önündə lövbər salmağa başladılar. Daha çox cinahlardan gələn asmaları hava mübarizəsində qazanan komandamız hesabı 18-ci dəqiqədə açmağa müvəffəq oldu. Sol cinahda “Şəmkir”in kobud oyunu hakimin diqqətindən yayınmadı. Təyin olunmuş cərimə zərbəsini isə Əlimirzə Daşzərini birbaşa qapıya göndərməklə tablodakı sıfırları dəyişdi. Qeyd edək ki, bu, Əlimirzənin “Araz-Naxçıvan”ın heyətində üçüncü qoludur. Qoldan ruhlanan meydan sahibləri hücumlarının sayını daha da artırmağa başladılar. Cinahdan edilən asmalarda Ruslan Abıyev hamıdan yüksəyə tullansa da, top qapıdan aralı keçdi.
Oyunun gedişində bütün komponentlərdə üstün olan “Araz-Naxçıvan” ilk hissədə bir qədər maraqlı addım atdı. Belə ki, baş məşqçi Əsgər Abdullayev əvvəlcə 32-ci dəqiqədə Fərman Qəmbərovu Elgiz Kərimli ilə əvəzlədi və orta xətdə liderliyi ələ keçirməyə müvəffəq oldu. İlk hissənin başa çatmasına bir dəqiqə qalmış isə Rəhman Musayev Amil Həsənovla əvəzləndi. A.Həsənovun oyun təcrübəsinin bir qədər az olması həmin cinahda “Şəmkir”li futbolçuların rahat hərəkət etməsinə səbəb oldu. İlk hissədə, demək olar ki, muxtar respublika klubu bir neçə epizodda hesab arasındakı fərqi artıra bilərdi. Xüsusilə Bəxtiyar Soltanovun sağ cinahdan etdiyi driblinqlər və verdiyi ötürmələr alqışlarla qarşılandı.
İkinci hissə də komandamızın hücumları ilə başladı. Bir qədər hücumameyilli futbol oynamağa başlayan “Araz-Naxçıvan” rəqib qapıçını daha çox cinahlardan narahat edirdi. Belə hücumların birində qapıçı ilə üzbəüz qalan Bəxtiyar Soltanov qırmızı-ağların heyətində ilk qoluna imza atdı. O, müdafiəçiləri geridə qoyaraq topu qapıçının başı üzərindən tora göndərdi – 2:0. Bu qol həm də komandamızın bir qədər sakit oynamasına səbəb oldu. Yarımmüdafiə xəttində Eşqin Quliyevi Akif Tağıyevlə əvəzləyən Əsgər Abdullayev yetirmələrinə daha çox uzaqdan zərbələrlə hesabı artırmağı tapşırdı. Bir epizodda Amil Həsənov qola yaxın olsa da, buna bir qədər dəqiqlik çatmadı. Ancaq “Araz-Naxçıvan” istəyinə 71-ci dəqiqədə nail oldu. Epizodların birində cərimə meydançasında yaranan qarışıqlıqdan Bəxtiyar Soltanov layiqincə istifadə etdi. O, qapıçıdan dönən topu boş qapıya göndərməklə oyunda dublunu rəsmiləşdirdi. Artıq qələbəni tam olaraq sığortalayan qırmızı-ağlar son 10 dəqiqədə daha iki dəyişiklik etdi. Hesabı qorumaq istəyən Əsgər Abdullayev hücumçunu müdafiəçi ilə əvəzlədi. Ancaq son dəqiqədə qapıçı Nicat Əliyevin kobud səhvindən “Şəmkir” bacarıqla istifadə etdi. N.Əliyevin uzaqlaşdırmaq istədiyi top “Şəmkir”li Vüsal İbrahimovun qarşısına düşdü. O da boş qapını dəqiq nişan almaqla hesab arasındakı fərqi ikiyə endirdi. Bundan sonra oyunda başqa qol olmadı və “Araz-Naxçıvan” ilk rəsmi “ev” oyununda rəqibi məğlub etməyi bacardı – 3:1. Bu qələbədən sonra komandamız 2 oyundan maksimum xalla (6 xal) “Neftçala” və “Qaradağ Lökbatan”la birlikdə liderlər cərgəsində qərarlaşıb.
Qeyd edək ki, “Araz-Naxçıvan” növbəti oyununu sentyabrın 29-da səfərdə keçirəcək. Komandamızın budəfəki rəqibi İmişli təmsilçisi “Mil-Muğan”dır.
Baş məşqçilərin fikirləri...
Ruslan Abbasov (“Şəmkir”in baş məşqçisi): “Oyun istədiyimiz kimi başlamadı. Birinci qoldan sonra futbolçularım sanki özlərini itirdilər. Əgər ilk hissədə hesabı bərabərləşdirə bilsəydik, o zaman oyun başqa cür olardı. Ancaq alınmadı. Komandanın növbəti turlarda daha inamlı oynayacağını düşünürəm. “Araz-Naxçıvan”a qarşıdakı oyunlarda uğurlar arzulayıram”.
Əsgər Abdullayev (“Araz-Naxçıvan”ın baş məşqçisi): “İlk olaraq, futbolçularımızı, stadiona gələn bütün azarkeşləri qələbə münasibətilə təbrik edirəm. İlk “ev” oyununda qələbə qazanmaq istəyirdik, buna da nail olduq. Hesab daha böyük olardı, ancaq bir qədər səhvlərimiz oldu. İndi bu səhvlər üzərində çalışıb digər oyunlarda bunu təkrarlamaq istəmirik. Oyunçuların hər biri meydanda əzmkarlıq göstərdi. Qarşıdakı oyunlara hazırlaşıb qələbələrimizi davam etdirmək istəyirik”.
Ceyhun MƏMMƏDOV