Müasir Naxçıvan futbolu zəngin ənənələr üzərində mərhələli inkişaf təəssüratı doğurur
Bir vaxtlar keçmiş SSRİ çempionatında mübarizə aparan, yaşından asılı olmayaraq hər kəsin azarkeşlik etdiyi “Neftçi” Azərbaycan futbolu üçün həm də bir çox istedadlı futbolçuların yetişdiyi klub olub. Komanda zaman-zaman haqsızlıqlara qarşı mübarizə aparmış, güclülər dəstəsini tərk etmək təhlükəsi ilə üz-üzə qalmışdı. 1974-cü ilin yayında Azərbaycan KP MK-nın birinci katibi, görkəmli dövlət xadimi Heydər Əliyevin təşəbbüsü ilə keçirilən respublika partiya təşkilatı fəallarının yığıncağı idman ictimaiyyətinin yaddaşında dərin iz buraxıb.
O vaxtlar çox işıqlandırılmayan və ancaq rəsmi tərəflərə məlum olan hadisələr barədə hətta Rusiyanın “Soverşenno sekretno” (“Tam məxfi”) qəzetində geniş məqalə dərc olunub. Məqalədə ümummilli liderin “Neftçi”ni necə ağır diskvalifikasiyadan xilas etməsi barədə də geniş məlumat verilir.
Dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin Azərbaycan futboluna köməyi sayəsində milli komandamız öz çıxışını davam etdirdi. Zaman keçdikcə qərəzli qərarlar yenidən baş qaldırmağa başladı və komandamız keçmiş Sovetlər Birliyinin süqutunun son 10 illiyində ardıcıl məğlubiyyətlərlə üzləş(diril)di. Bu, hər kəs tərəfindən açıqca hiss olunurdu. Elə Anarın ssenari müəllifi olduğu “Evləri köndələn yar” televiziya tamaşasının elçilik səhnəsində mərhum aktyorumuz Siyavuş Aslanın “Neftçi yenə uduzdu?” ifadəsi ilə də buna eyham vurulurdu.
Bütün bunlara baxmayaraq, ölkə futbolunun flaqmanı hesab edilən “Neftçi” milli futbolumuza bir çox istedadlı, tanınmış oyunçular bəxş edib. Naxçıvan Muxtar Respublikasında təşkil edilən 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr edilən “İdman festivalı”nda bu veteranların iştirakını xüsusi vurğulamaq yerinə düşər. “Saat meydanı” turistik istirahət mərkəzində diqqətimizi bir məqam daha çox cəlb etdi: veteran futbolçumuz, “Şöhrət” ordenli İsgəndər Cavadovun Naxçıvan Futbol Federasiyasının böyük məşqçisi Əsgər Abdullayevi görüncə hərbi salam verməsi... Fürsətdən istifadə edib buna və digər məqamlara aydınlıq gətirmək üçün İsgəndər Cavadov, Oqtay Abdullayev və Əsgər Abdullayevdən blits müsahibə aldıq.
– Nəyə görə məhz hərbi salam?
İsgəndər Cavadov: – Əsgərə yalnız belə bir salam vermək olar (gülür). Çoxdandır, görüşmürük.
Əsgər Abdullayev: – İsgəndər hər zaman kreativ və yaradıcı futbolçu olub. Onun salamlaşmağı belə, necə bir futbolçu olduğunun göstəricisidir.
– “İdman festivalı”nın iştirakçısısınız. Festival barədə fikirlərinizi bölüşmək maraqlı olardı...
İsgəndər Cavadov: – Naxçıvanda belə bir möhtəşəm festivalda iştirak etmək çox xoşdur. Məlumdur ki, ölkəmizdə bütün qurumlar yarandığı günü bayram kimi qeyd edirlər. Biz idmançılar buna görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarıq ki, belə bir gün idmançılar üçün də qeyd olunur. Ulu öndərimiz Heydər Əliyev 25 il bundan öncə Azərbaycanın tanınmış idmançıları ilə görüş keçirdi və həmin gün ölkəmizin idman tarixinə qızıl hərflərlə yazıldı. Çox şadam ki, budəfəki “İdman festivalı” Naxçıvanda təşkil olunub.
Oqtay Abdullayev: – Festivalın belə möhtəşəm təşkil olunacağını təsəvvür etmirdim. Hər şey mükəmməl hazırlanıb. Burada bizimlə yanaşı, Azərbaycanı müxtəlif idman sahələrində uğurla təmsil edən veteran idmançıların iştirakı və onların mükafatlandırılması xoş haldır. Çünki bu idmançılar zaman-zaman bütün çətinliklərə baxmayaraq, Azərbaycan bayrağını dünya arenalarında layiqincə dalğalandırıblar. Muxtar respublika rəhbərinə minnətdarıq ki, veteranlara hər zaman önəm verir, onların qayğısına qalır. Elə ötən ilin noyabr ayında veteran futbolçular arasında Naxçıvanda keçirilən futbol üzrə yoldaşlıq görüşü bunun bariz nümunəsidir.
Əsgər Abdullayev: – Naxçıvanda “İdman festivalı”nın keçirilməsi tarixi hadisədir. Hər bir federasiyanın hazırladığı nümunəvi çıxışları izlədim və stendlərlə tanış oldum. Deyərdim, federasiyalar onlara yaradılan şəraitdən hərtərəfli istifadə edirlər. Daha çox Naxçıvan Futbol Federasiyasının stendlərini bəyəndim, axı futbolu tərənnüm edirdi (gülür). Ayaq bilyardı və qapıda düzəldilən halqalara topu vurmaq yeniyetmə və gənclərin daha çox marağını cəlb edirdi. Təbii ki, belə festivallar muxtar respublikada uşaq və yeniyetmələrin idmanın müxtəlif sahələrinə axın etməsinə səbəb olur. Belə bir şəraiti yaratdığına görə ilk olaraq muxtar respublika rəhbərinə minnətdarlığımı bildirir, təşkilatçılara təşəkkür edirəm.
– Bu sizin Naxçıvana ilk səfərinizdirmi?
İsgəndər Cavadov: – Xeyr, muxtar respublikaya işlə bağlı çox gəlirəm. Bundan başqa, burada mənim yaxın dostlarım var və onlarla tez-tez görüşürəm. Naxçıvan son illər çox dəyişilib, müasirləşib, şəhərin hər bir küçəsində abadlıq işlər aparılıb. Naxçıvanın belə abadlaşması, müasirləşməsi muxtar respublika rəhbəri cənab Vasif Talıbovun gördüyü işlərin bəhrəsidir. “İdman festivalı”nın belə möhtəşəm təşkili isə Naxçıvanda idmana, idmançılara göstərilən diqqətin nümunəsidir.
Oqtay Abdullayev: – Naxçıvan mənim üçün doğma şəhərdir. 1977-1979-cu illər aralığında məhz “Araz”ın heyətində oynamışam. Deyərdim, bu illər karyeramın ən gözəl çağları olub, bir çox uğurlara imza atmışam. Onun üçün də Naxçıvanın mənim qəlbimdə başqa yeri var.
– Əsgər Abdullayev hazırda “Araz-Naxçıvan”ın baş məşqçisidir. Bir zamanlar isə onunla eyni komandada çıxış etmisiniz. Əsgər müəllimi digər futbolçulardan fərqləndirən cəhət nə olub?
İsgəndər Cavadov: – Əsgər Abdullayevlə eyni dövrün futbolçuları olmuşuq. Biz “Neftçi”də oynayarkən o, yeni gəldi və hələ gənc idi. Çox qısa vaxtda komandaya uyğunlaşdı və əsas heyətin aparıcı üzvünə çevrildi. Əsgər Abdullayev müdafiəçi olub və hücumçular üçün keçilməz sədd idi. Heç kimin ondan müdafiəçi kimi “xoşu gəlmirdi”, hətta mənim də (gülür). Sərt oynadığına görə hücumçuların hamısına “əziyyət verir”, “problem yaradırdı”.
Oqtay Abdullayev: – Əsgər, elə adı kimi əsgər idi. Məşqçinin bütün tapşırıqlarını meydanda qüsursuz və zamanında yerinə yetirirdi. Daha çox sərt oyunu ilə seçilir, hücumçular üçün əsl “başağrısı” idi.
– Bəs məşqçi kimi Əsgər Abdullayev barədə nə deyərdiniz?
İsgəndər Cavadov: – Məşqçi kimi artıq o özünü sübut edib. Elə Naxçıvanda “Araz-Naxçıvan”ı çempion etməklə hansı gücə malik olduğunu göstərib. Uzun illər milli komandamızda çalışıb və uğurlu nəticələr əldə edib. Həmçinin Azərbaycan klublarının “sükanı arxası”nda nailiyyətləri olub. Əsgər Azərbaycanın yetişdirdiyi ən istedadlı futbolçulardan olub. Deyərdim, o, əfsanədir. Naxçıvanda daha böyük uğurlara imza atacağına və muxtar respublika futboluna öz töhfəsini verəcəyinə inanıram.
Oqtay Abdullayev: – Əsgər Abdullayevlə bir yerdə oynadığımız kimi, bir yerdə də çalışmışıq. O, gözəl insan və dostluğa sadiqdir. Naxçıvan komandasını çempion etdikdən sonra Tovuza – “Turan”a gəldi. Ona çox inanırdım və komandanı çempion edəcəyinə əmin idim. Gəldiyi gündən komandada ab-havanı dəyişdi və hər kəs çempionluğa inanmağa başladı. Mövsümün sonunda isə onun boynunu qucaqladım və “səninlə bir yerdə işləmək bütün çempionluqlardan üstündür”, – dedim.
– Əsgər müəllim, bəs siz keçmiş komanda yoldaşlarınız barədə nə deyərdiniz?
Əsgər Abdullayev: – İsgəndər komandanın kapitanı olmaqla yanaşı, həm də lideri idi. Futbol oynayarkən onu komandanın kapitanı kimi tanıyırdım, məşqçiliyə başladıqdan sonra bildim ki, İsgəndər kapitan yox, sən demə, “general” imiş. O, SSRİ futboluna öz möhürünü vurmuş futbolçularımızdan biridir. Oqtay Abdullayev isə yüksək texnikaya malik bir futbolçu olub. Hətta son olaraq Naxçıvanda keçirilən veteranların görüşündə öz oyunu ilə hamını təəccübləndirməyi bacarmışdı. Topla bu cür rəftar hər futbolçuya qismət olmur. Futbolda belə bir deyim var: futbolçu var, topu idarə edir, futbolçu var, top onu idarə edir. Veteran futbolçularımız peşəkar oyunları ilə göstərdilər ki, topu idarə edən onlar olublar.
Oqtay Abdullayev: – Deməli, hələ qocalmamışam. Məni komandana götürə bilərsən?! (gülürlər).
Əsgər Abdullayev: – Əlbəttə, komandamda sənin kimi futbolçunun olması mənim də işimi asanlaşdırardı (gülür). Təəssüflər olsun ki, Oqtay karyerasını tez başa vurdu. Buna baxmayaraq, futboldan aralı düşmədi və Azərbaycan Futbol Veteranları İttifaqının sədri seçildi. Oqtay Abdullayev yaxşı futbolçu, yaxşı dost, həm də yaxşı insandır. Həftə sonları bütün veteranlar “Neftçibaza”da (indiki Olimpiya Növləri üzrə Milli Komandalar üçün Təlim-Məşq Mərkəzi ) bir araya toplaşır və oyunlar keçirirlər.
İsgəndər Cavadov: – Çox şadam ki, Əsgər mənim haqqımda belə yüksək fikirdədir. Komandanın hücumçusu və kapitanı olmuşam və çalışdığım qədər gənclərə köməklik etmək istəmişəm.
– Son olaraq futbolçulara və idman ictimaiyyətinə sözünüz...
İsgəndər Cavadov: – Azərbaycanda əsası ümummilli lider tərəfindən qoyulan idman siyasətinin uğurla davam etdirilməsi məqsədilə ölkə Prezidenti tərəfindən mütəmadi olaraq sərəncam və fərmanlar verilir. Təbii ki, bu, ölkədə idmanın inkişafına, kütləvi hal almasına xidmət edir. Futbol da bu qayğıdan hər zaman bəhrələnir. Hər il futbol mütəxəssislərimiz, məşqçilərimiz yüksək fəxri adlara layiq görülürlər. Bu da futbolun cənab Prezidentin diqqətində olduğunun göstəricisidir. Mən bütün veteran futbolçular adından ölkə rəhbərinə minnətdarlığımı bildirirəm. Həmçinin muxtar respublika rəhbərinə, Naxçıvanda bu möhtəşəm tədbirin təşkilatçılarına da minnətdaram. Çünki veteranlar burada çox gözəl qarşılandı və bizim rahatlığımız üçün hər bir şərait yaradıldı.
Əsgər Abdullayev: – Futbolun inkişafı məşqçilərin, futbolçuların şəxsi maraqlarından hər zaman üstün olmalıdır. Muxtar respublikada da zəngin futbol ənənəsi var və hazırda idmanın bu növünün inkişafı üçün rəhbərlik tərəfindən hər bir şərait yaradılıb. Futbol sistemli işi sevən bir sahədir və meydanda ani anda düşünüb qərar verməlisən. Məsələn, soruşsalar, şahmat oynamaq çətindir, yoxsa futbol? Məşqçi kimi cavab verərdim: futbol. Çünki şahmatda düşünmək üçün kifayət qədər vaxtın olur, lakin futbolda sən tez qərar verməlisən. Onun üçün də futbolda ayaqlarla yanaşı, baş da “işlətməlisən”. Ona görə də biz məşqçilər futbolçulara bunu aşılamalı, onları idmanla yanaşı, təhsilə də yönləndirməliyik.
Oqtay Abdullayev: – Deyilən fikirlərlə tam razıyam. Biz veteran idmançılar çalışıb gənclərə düzgün yol göstərməli, onları seçdikləri idman növlərində uğur qazanmağa motivasiya etməliyik.
Veteran futbolçuların verdiyi açıqlamalardan da göründüyü kimi, bu gün muxtar respublikamızda qədim ənənələri olan futbol əsl inkişaf dövrünü yaşamaqdadır. Şəhər və rayonlarla yanaşı, kəndlərimizdə də yeni stadionların tikintisi, yenidən bərpası uşaq və yeniyetmələrin bu növə marağını gündən-günə artırır, veteran futbolçularımız daim diqqət mərkəzində saxlanılır. Yaradılan şəraitdən istifadə edən yeni nəsil futbolçularımızın daha böyük arenalarda bu ənənəni layiqincə təmsil edəcəyi vaxt isə uzaqda deyil...
Ceyhun MƏMMƏDOV