Ötən ay 2 fevral – Gənclər Günü münasibətilə Naxçıvan Dövlət Musiqili Dram Teatrında konsert proqramı, Naxçıvan Muxtar Respublikasının ictimai həyatında və yaradıcılıq sahəsində fərqlənən gənclərin mükafatlandırılması, yeniyetmələr arasında İntellektual Oyunlar Olimpiadasının Naxçıvan şəhər və Babək rayon mərhələləri, gənclərə “Fərdi inkişaf təlimi” adı altında “Özgüvənin həyatımızda rolu” mövzusunda seminar, gənclər arasında “Qış möcüzəsi” adlı fotomüsabiqə keçirilmişdir.
Gənclərin vətənpərvər ruhda tərbiyə olunması məqsədilə Xocalıda hər iki valideynini itirmiş 25 uşaq haqqında çəkilən “Böyüməyən uşaqlar” filmi, ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələrin “Welcome to Nakhchivan” adı altında Şərur rayonunda yerləşən muzeylərə ekskursiyası, Ağbulaq İstirahət Mərkəzində muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri üçün “Qış məktəbləri” təşkil olunmuşdur.
Fevral ayında “Yaradıcı Gənclər Akademiyası” adlı layihəyə start verilmiş, 2 fevral – Gənclər Günü münasibətilə yeniyetmə və gənclər arasında cüdo və boks üzrə Naxçıvan şəhər açıq birincilikləri, Naxçıvan Futzal Liqasında 14, 15, 16, və 17-ci turun oyunları, şahmat üzrə təsnifat turniri, Naxçıvan Muxtar Respublikasının 96-cı ildönümü münasibətilə Naxçıvan şəhər tam orta məktəblərinin qız komandaları arasında basketbol, “Şahmat beyinin gimnastikasıdır” devizi altında Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdləri arasında şahmat birinciliyi təşkil olunmuşdur.
Sağlamlıq imkanları məhdud şəxslər arasında armrestlinq (qol güləşi) üzrə Naxçıvan Muxtar Respublika birinciliyi, karate-do idman növü üzrə oğlanlar və qızlar arasında Ordubad rayon açıq birinciliyi, Şahmat Mərkəzi açıq birinciliyi, “Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq!” devizi altında voleybol üzrə Şərur və Ordubad rayon komandaları arasında yoldaşlıq görüşü keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası XVIII Futbol Çempionatının II dövrə oyunları, futzal üzrə “Badamlı-Naxçıvan Kuboku”nda yarımfinal oyunları olmuş, Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş Haçadağa yürüş olmuş, futbol hakimləri və məşqçi-müəllimlər üçün seminar keçirilmiş, muxtar respublikada fəaliyyət göstərən idman federasiyaları idmançılarının muzeylərə ekskursiyaları təmin olunmuşdur.
Fevral ayında da idmançılarımız yüksək nəticələr əldə edərək Azərbaycan birinciliklərində 17 medal qazanmışlar.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidməti