22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikasında idmanın müxtəlif sahələrinin inkişafı daim diqqət mərkəzindədir. Muxtar respublikada bu sahənin inkişafına hərtərəfli şərait yaradılıb. Gənclərin asudə vaxtlarının səmərəli təşkili, həmçinin onların idman sahəsində uğur qazanmalarını təmin etmək məqsədilə Naxçıvanda bir çox idman zalları, komplekslər fəaliyyət göstərir. Onlardan biri də Naxçıvan şəhərində yerləşən İlham Əliyev adına Olimpiya İdman Kompleksidir. 10 ildən çoxdur, qapıları idmançıların üzünə daim açıq olan kompleksdə məşq etmək üçün hər cür şərait mövcuddur. Yaradılan şəraitlə yaxından tanış olmaq üçün idman kompleksinə yollandıq.

10 illik fəaliyyətin nəticəsi

İlham Əliyev adına Olimpiya İdman Kompleksi barədə çox söz demək olar. Səbəbi, bu qurumun son illərdə göstərdiyi fəaliyyət, Naxçıvanda idmanın inkişafına verdiyi töhfələrdir. Kompleksdə bir idmançının yetişməsi, uğur qazanması və püxtələşməsi üçün hər bir şərait var.

İlham Əliyev adına Olimpiya İdman Kompleksinin direktoru Ramin Talıbovla söhbətimizdə məlum oldu ki, 10 illik fəaliyyəti dövründə kompleks bir çox nailiyyətlərə imza atıb: “İlham Əliyev adına Olimpiya İdman Kompleksi 2002-ci ildən fəaliyyət göstərir. İdmançılarımız Olimpiya İdman Kompleksində güləş, boks, karate-do, taekvando, mini-futbol, basketbol, voleybol və digər idman növləri ilə məşğul olur, trenajor zallarından istifadə edirlər. 2004-cü ildə Üzgüçülük Mərkəzinin açılışı olub və burada da yüksək şərait yaradılıb”.

Bu il də kompleksdə beynəlxalq turnirlər keçirilib

Naxçıvan tez-tez beynəlxalq turnirlərə ev sahibliyi edir. Təbii ki, beynəlxalq turnirlərin keçirilməsi yalnız böyük komplekslərdə təşkil edilə bilər. Elə cari ilin ilk 6 ayında kompleks bir çox belə turnirlərə ev sahibliyi edib. Bu il kompleksdə yunan-Roma güləşi üzrə beynəlxalq yarış və qaydasız döyüş növü üzrə beynəlxalq turnir keçirilib. 

Qeyd etdiyimiz kimi, kompleksdə idmanın bir çox növləri üzrə yüzlərlə gənc məşq edir. Bəs 10 illik fəaliyyəti dövründə kompleks daha hansı yeniliklərə imza atıb? Bu sualın cavabında kompleksin direktoru dedi ki, əvvəllər qızlardan ibarət qrup yox idi. 2004-cü ildə Üzgüçülük Mərkəzi fəaliyyətə başladı və qızlar qrupu yaradıldı. Bundan sonra İlham Əliyev adına Olimpiya İdman Kompleksində də qızların məşq etməsi üçün şərait yaradıldı və gimnastika üzrə qrup fəaliyyətə başladı.

*    *    *

Məlum olduğu kimi, “Araz-Naxçıvan” futbol komandası İlham Əliyev adına Olimpiya İdman Kompleksinin kateclərində məskunlaşıb.
Burada futbol komandası üçün lazımi şərait yaradılıb. Kompleksdəki bütün avadanlıqlar, məşq etmək üçün idman zalları futbolçuların ixtiyarına verilib.
Sonda Ramin Talıbov bütün bu şəraitin yaradılmasına görə dövlətimizə minnətdarlığını bildirərək dedi: “Bunların hamısı Naxçıvanda idmana göstərilən qayğının nəticəsidir. İdmanın inkişafına daim diqqət göstərilməsi nəticəsində indi bütün problemlər aradan qaldırılıb və idmanın inkişafı üçün yaradılan bu şəraitdən maksimum istifadə etməliyik”.

Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR