22 Dekabr 2024, Bazar

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA), Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Futbol Federasiyasının (NFF) təşkilatçılığı ilə futbol hakimləri üçün seminar keçirilib.

AFFA Hakimlər Komitəsinin üzvü, FİFA referisi Anar Salmanov və digər beynəlxalq dərəcəli hakim Orxan Məmmədovun iştirakı ilə reallaşan seminar futbol oyunu qaydaları və hakimlərin peşə hazırlığını əhatə edib.
Üç gün davam edən seminarlarla yanaşı, mütəxəssislər, həmçinin Region Liqa – Naxçıvan Zonasının oyunlarını izləyib, hakimlərin oyun idarəçiliyi ilə bağlı qeydlər aparıblar. Həmçinin oyunlardakı hakimlərin ümumi idarəçiliyi təhlil olunub, videoanalizlər vasitəsilə mübahisəli epizodlar zamanı qəbul olunan qərarlar müzakirə edilib.
NFF-də təşkil olunan hakimlik kurslarının iştirakçıları AFFA-dan dəvət olunan təcrübəli futbol və futzal hakimlərinin seminar, praktik məşğələ və təlim-məşq toplanışlarına cəlb olunublar.
Seminardan sonra Region Liqanın Naxçıvan Zonasındakı komandalarda və uşaq futbolunda çalışan məşqçilərlə də görüş keçirilib. Hakimlik və ümumi oyun qaydaları ilə bağlı maarifləndirmə məqsədi daşıyan görüşdə mütəxəssislər mövzu ilə bağlı fikirlərini bölüşüblər. İştirakçılara məşqçi və futbolçuların hakimlərlə və hakimlərin onlarla etik davranış qaydaları, oyun zamanı yarana biləcək psixoloji gərginliyin aradan qaldırılması, yeni oyun qaydalarının öyrənilməsi və digər zəruri məsələlər haqqında tövsiyələr olunub.
Məşqçiləri maraqlandıran suallar cavablandırılıb, müxtəlif ölkə çempionatlarından seçilmiş oyunların video­analizi nümayiş olunub.

Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR