Dövrümüzdə dinamik şəkildə aktivləşən və beynəlxalq iqtisadiyyata inteqrasiya edən turizm sisteminin qurulması Azərbaycanda sosial həyatın başlıca məsələlərindən biridir. Müasir dövrdə dünyada bir sıra ölkələr iqtisadiyyatlarını gücləndirmək, davamlı inkişafa nail olmaq üçün turizmin müxtəlif sahələrindən istifadə edirlər. Hazırda idman iqtisadiyyatın əsas gəlir gətirən sahələrindən biri hesab edildiyindən idman turizminə də xeyli üstünlük verilir. İqtisadiyyatın “gənc sahəsi” olan idman turizmi önəmli bir qeyri-neft sektorudur. Müasirləşmə və əhəmiyyətli dəyişikliklər idman sektorunda da müəyyən yeniliklərin ortaya çıxmasına zəmin yaradıb.
İdman turizmi və növləri
Qısa olaraq idman turizmi barədə: Müasir dövrümüzdə idmana marağın artmasına səbəb onun azad rəqabət, mübarizə şəraitində həyata keçirilməsi, eyni zamanda bu sahənin “sülhün carçısı” adlandırılmasıdır. İdman sayəsində dövlətlər, xalqlar arasında münasibətlərin yaxşılaşması ilə ölkədən-ölkəyə səfər edənlərin də sayı artıb. Bu da idman turizmi anlayışını gündəmə gətirib.
Yeni yaranmasına baxmayaraq, bu sahə dünyanın əksər inkişaf etmiş ölkələrinin iqtisadiyyatlarında aparıcı yer tutur. Dünya dövlətlərinin əksəriyyətinin ən böyük məqsədlərindən biri idman turizminin davamlı inkişafına nail olmaqdır. Beynəlxalq aləmdə bu turizm növü idmanla əlaqəli fəaliyyətlərdə iştirak etmək və ya görmək üçün səyahət deməkdir. Ümumi olaraq idman turizminin üç növü var:
– İdman tədbirləri turizmi – bura olimpiya oyunlarında və dünya çempionatlarında keçirilən idman tədbirləri daxildir;
– Aktiv idman turizmi – bu turizmə üstünlük verənlərin özləri də iki yerə – “Aktiv iştirak edənlər” və “Hobbistlər” kateqoriyalarına bölünür. Aktiv idman iştirakçıları seçdikləri idman növlərində həvəskar olaraq, hobbistlər isə idman səyahətlərində, sadəcə, zövq almaq üçün iştirak edirlər;
– Nostalji idman turizmi – bu növ turizmə idmanla bağlı məşhur yerləri görmək üçün edilən səyahətlər daxildir. Bu səyahətlərdə idman tədbirlərinin keçirildiyi qədim binalar və ya müəyyən idmançıların ev-muzeyləri ziyarət edilir. Bu, ümumilikdə, idmanın tarixi ilə maraqlananların üstünlük verdiyi səyahət növüdür.
Bu gün idman boş vaxtın səmərəli keçirilməsi, həm də sosial sağlamlığın qorunması ilə bağlı mühüm bir xidmət sektoru sayılır: regiona qoyulan investisiyaların artırılması, ölkəyə xarici valyutanın daxil edilməsi və sair. İdman turizminin inkişaf etdiyi ölkələrdə idmançı, menecer, tamaşaçı və vəzifəli şəxs kimi fəaliyyət göstərənlərin xərclədiyi vəsait idman turizminin iqtisadi təsiridir. Bu turizm növünün inkişaf etmiş formaları içərisində, əsasən, qış, yay, su və dağ idman növlərini göstərə bilərik. İdman turizmində mövsümilik xarakterik olduğu üçün idman tədbirləri bütün fəsillərdə davam etmir.
Ölkəmizdə qeyri-neft sektorunun inkişafına önəmin qabarıq olduğunu nəzərə alsaq, o zaman idmana göstərilən diqqət və qayğının pik nöqtədə olduğunu deyə bilərik. Hazırda ən geniş yayılan və sevilən sahə olan idman ölkəmizin iqtisadiyyatında aparıcı amillərdən biridir. Mütəmadi olaraq təşkil edilən idman tədbirləri, müxtəlif yarışlar Azərbaycana daha çox turistin gəlməsinə şərait yaradıb ki, bu da idman turizmi anlayışını formalaşdırıb.
Muxtar respublikada bu sahənin inkişafı üçün əlverişli şərait mövcuddur
İdman yarışları zamanı xoşagəlməz hadisələrin baş verməsi qaçılmazdır. Xüsusilə böyük idman tədbirlərində qonaqlar hər an təhlükə ilə üz-üzə qala bilərlər. Naxçıvan bu cəhətdən bölgədə kifayət qədər əlverişli mövqeyə sahibdir. Aparılan statistik göstəricilərə əsasən Azərbaycan, eləcə də onun Naxçıvan Muxtar Respublikası dünyanın ən təhlükəsiz məkanlarındandır. Önəmli faktor olan təhlükəsizliyin təminatı bura gələn turistlərə rahat səyahət etməyə zəmin yaradır. Turizm istehlakçıları getdikləri yerlərdə informasiya təhlükəsizliyi ilə də maraqlanırlar. İnformasiya təhlükəsizliyi pozulduğu zaman idmançılar yanlış məlumatlar əldə edirlər ki, bu da yolverilməzdir. Eyni zamanda idmançılar səyahət etdikləri yerdə psixoloji təhlükəsizliyə də üstünlük verirlər.
Ümumiyyətlə, idman tədbirlərini təşkil edən federasiya və qurumlar qərar qəbul edərkən, təhlükəsizlik, infrastruktur, iqlim şəraiti və siyasi münasibətləri nəzərə alırlar. Muxtar respublikada idman tədbirlərinin keçirilməsi üçün bütün bunlar mövcuddur.
Diyarımızın iqlimi də bunun üçün əlverişlidir. Burada iqlim kontinentaldır; soyuq qış və isti yay ayları müşahidə olunur. Dağ əraziləri soyuq və yağışlı olmasına baxmayaraq, düzən əraziləri, əsasən, qurudur. Belə iqlim şəraitinin olması həm yay, həm də qış aylarında burada idman tədbirlərinin keçirilməsinə təkan verir. Qış aylarında Şahbuz və Ordubad kimi bölgələrdə qış idman turizm yarışları təşkil olunur.
Muxtar respublikamızda idman turizminin inkişaf faktorlarından biri də əhalinin səmimi, mehriban və qonaqpərvər olmasıdır. Dünya təcrübəsində müşahidə olunub ki, turistlər getdikləri ölkələrdə əhalinin onlara qarşı münasibətinə çox fikir verirlər. Gözəl münasibət görən turistlər ölkəsinə məmnun qayıdır və bununla da bir daha gəlməyi planlaşdırırlar.
Son illər yeni idman növlərinin inkişafına da dəstək göstərilir. Belə ki, muxtar respublika ərazisində ənənəvi idman növləri ilə birgə ekstremal idman növlərinin inkişafı da diqqətdə saxlanılır. Bu kimi idman növləri dünya miqyasında tanınır, turistlər və idman həvəskarları tərəfindən daha çox sevilir. Ekstremal idman növlərinin inkişafı diyarımıza yeni turistlərin cəlb olunmasını təmin edir.
Muxtar respublikamızda idman turizminin inkişafını stimullaşdırmaq üçün mövcud olan infrastruktur daha da təkmilləşdirilib. İdmanın və bədən tərbiyəsinin mövcud hüquqi bazasını müasir tələblər səviyyəsinə çatdırılmasına, idmanın daha da kütləviləşdirilməsinə nail olunub, bu sahədə mühüm olan təşkilati, sosial və hüquqi tədbirlər dünya standartlarına uyğunlaşdırılıb.
İdmanın turizmlə qarşılıqlı əlaqəsi danılmazdır. Bu sahəyə diqqətin artırılması onun turizminin davamlı inkişafına zəmin yaradır. Həm də idmanın stimullaşdırılması üçün artıq bölgəmizdə kadr hazırlığı sistemi formalaşdırılıb ki, bu da dünya standartlarına cavab verəcək səviyyədədir.
İdman turizmi üçün görülən işlər
İdman turizmində ən böyük üstünlük turistlərin müasir şəkildə inşa edilən mərkəzlərə üz tutmasıdır. Muxtar respublikamız uzun illərdir, bura gələn idmançıları, turistləri dünya standartlarına uyğun binalarda, kompleks, zal və stadionlarda qarşılamaqla, eləcə də festival və beynəlxalq əhəmiyyətli tədbirlərin yüksək səviyyədə təşkili ilə turistlərin sevimli məkanına çevrilib. Son illər isə Naxçıvan turizmi üçün olquca əlverişli olan dağ-xizək turizmi yaradılıb. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2018-ci il noyabrın 29-da Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması ilə əlaqədar Sərəncam imzalayıb. Məhz bu sərəncam bir daha göstərdi ki, diyarımız mükəmməl turizm potensialına malikdir. Elə həmin il 31 yanvar tarixli Sərəncamla təsdiq edilən “2018-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında turizmin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Ağbulaqda kənd və dağ-xizək turizminin inkişafı üçün kompleks işlər görülür. Xizək mərkəzinin yaradılmasına isə 2018-ci ilin iyul ayından start verilib. Mərkəzdə ümumi uzunluğu 1590, eni isə 30 metr olan dağ-xizək enişi, kanat yolu, xizəksürmə məktəbi, əyləncə və uşaq parkları turistlərin ixtiyarına veriləcək. Relyefi və iqlim xüsusiyyətləri dağ xizəkçiliyinin – idman turizminin inkişafı üçün əlverişli olan Ağbulaq Xizək Mərkəzində artıq inzibati bina və yeni xidmət sahələri, hər biri ikinəfərlik olmaqla, 3 kottec inşa edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri turizmin inkişafı ilə bağlı çıxışlarında da Ağbulaq kəndinin nə qədər önəmli bir bölgə olduğunu deyib: “Ağbulaq kəndində ilin bütün fəsillərində turizmi inkişaf etdirmək mümkündür. Təbiəti, havası və müasir infrastrukturu kənddə istər yaz, yay və payız, istərsə də qış turizminin inkişafı üçün geniş imkanlar açır. Qış turizminin inkişafı sahəsindəki imkanları nəzərə alınaraq kənddə dağ-xizək mərkəzinin qurulmasına başlanılmışdır. Turizmin inkişafı sahəsində həyata keçirilən tədbirlər Ağbulaq kəndini təkcə muxtar respublikada deyil, ölkəmizdə və dünyada tanıdacaqdır”.
Göründüyü kimi, muxtar diyarımızda yaradılmış xizək mərkəzi bu bölgəyə qış fəslində də turistlərin axını ilə nəticələnəcəkdir.
Naxçıvan Muxtar Respublikasında idman turizminə töhfə verən digər idman növü şahmatdır. Hər il ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunan Beynəlxalq Şahmat Festivalı da öz möhtəşəmliyi, təşkilatçılığı ilə yadda qalır. Burada dünyanın bir çox tanınmış şahmatçıları mübarizə aparır ki, bu da təkcə Azərbaycanda deyil, dünya mediasında da böyük əks-səda yaradır. Festivalda 15-dən çox ölkə, 350-dən çox zəka sahibi və onlar arasında beynəlxalq qrossmeysterlər, beynəlxalq ustalar və FİDE ustaları iştirak edir. Təbii ki, bu nüans muxtar respublikamızın idman turizminə nə qədər önəm verdiyinin bariz nümunəsidir. Həmçinin son illər Naxçıvanın mərkəzi futbol arenasında təşkil olunan Azərbaycan Kubokunun final görüşləri, “Heydər Əliyev Kuboku” turniri bu sahənin inkişaf göstəricisidir.
İdman turizmi həm də ölkələr və xalqlararası həmrəyliyin, multikultural və milli dəyərlərin nümayiş etdirilməsi, dünyəvi hadisələrə ümumbəşəri münasibətin ifadə vasitəsi kimi də mühüm əhəmiyyət kəsb edir. Türkiyənin müxtəlif peşə sahiblərindən və nüfuzlu kütləvi informasiya vasitələrinin əməkdaşlarından ibarət alpinist qrupunun naxçıvanlı idmançılar ilə birgə Xocalı soyqrımı qurbanlarının xatirəsini anmaq üçün Culfa rayonu ərazisindəki hündürlüyü 2 min 415 metr olan Haçadağa ənənəvi yürüşü buna unikal nümunədir. Bu, diyarımızın ərazisinin idman turizminin ən maraqlı növlərindən olan dağ-piyada turizmi üçün geniş imkanlara malik olması ilə yanaşı, həm də muxtar respublika idmançılarının vətənpərvərlik ruhunu, ictimai-siyasi fəallıqlarını da bir daha təsdiqləyir.
Müxtəlif ölkə idmançılarının muxtar respublikaya səfərləri, burada keçirilən turnirlərdə iştirakları diyarımızın təbliğinə, beynəlxalq aləmdə müsbət imicinin yüksəlməsinə töhfədir. Burada uğurla həyata keçirilən idman siyasəti də məhz bu amala xidmət edir. İdman turizminin inkişafı mədəniyyətlərarası dialoqa, tolerantlığa mühüm töhfələr verə bilər. Turistlər və onları qəbul edən ölkələr arasında mədəni əlaqələrin inkişafı münaqişələrin yaranma ehtimalının aradan qaldırılmasına müsbət təsir göstərir. İdman turizminin inkişafı, həmçinin turizm imkanlarının geniş olması Naxçıvanın gələcəkdə İslam dünyasının “Turizm paytaxtı” elan olunmasına da şərait yaradır. Bu, həm mədəni, həm də turizm əlaqələrimizi genişləndirmək üçün mühüm bir fürsət olar.
Digər ölkələrlə əməkdaşlığın daha da möhkəmləndirilməsi, Azərbaycanın, eləcə də diyarımızın mədəni irsinin, incəsənətinin, müasir inkişaf səviyyəsinin dünyada təbliği, həmçinin turizm əlaqələrinin genişləndirilməsi məqsədi daşıyan idman turizmi bu gün Naxçıvanda qarşılıqlı sülhün bərqərar olması, insanların birgə fəaliyyətə cəlb edilməsi və bir məqsəd uğrunda birləşməsinə xidmət edir.
Ceyhun MƏMMƏDOV