Naxçıvan Şahmat Mərkəzində “Şahmat beyinin gimnastikasıdır” devizi altında Naxçıvan şəhər ümumtəhsil məktəblərinin V-VI siniflərində təhsil alan oğlanlar arasında şahmat üzrə şəxsi birincilik keçirilib.
Naxçıvan Şəhər Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi və Uşaq-Gənclər Şahmat Məktəbinin təşkil etdiyi birincilikdə 17 tam orta məktəbdən, ümumilikdə, 51 şagird iştirak edib. Yarış İsveçrə sistemi ilə 5 turdan ibarət olub.
Şəxsi xarakter daşıyan birinciliyin yekun nəticəsinə əsasən 7 nömrəli tam orta məktəbin şagirdi Rza Həsənov qalib adını qazanıb. Bu məktəbin digər şagirdi Məsud Rəhimli ikinci, 3 nömrəli tam orta məktəbin şagirdi Elçin İsmayılov isə üçüncü olub.
Şahbuz şəhər 1 nömrəli tam orta məktəbdə də “Şahmat beyinin gimnastikasıdır” devizi altında keçirilən ümumtəhsil məktəblərinin şagirdləri arasında seçmə şahmat yarışına yekun vurulub. 5 turdan ibarət yarışın nəticəsinə əsasən Mövlud Süleymanlı, Fərid Kərimli və Zamin Məhərrəmli ilk üç pillədə qərarlaşıblar.
Hər iki yarışda qaliblərə təşkilatçıların diplomları təqdim olunub.
Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti