Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları arasında güc çoxnövçülüyü üzrə keçirilən birinciliyə yekun vurulub.
Nazirliyin idman cəmiyyətinin zalında keçirilən yarışın məqsədi polis əməkdaşları arasında fiziki gücü, dözümlülüyü və dayanıqlılığı inkişaf etdirmək, həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyində keçiriləcək güc çoxnövçülüyü üzrə yarışda iştirak edəcək idmançılar seçməkdən ibarət olub.
Açılış mərasimində çıxış edən nazirliyin Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis polkovniki Rəşad Seyidov bildirib ki, bu gün muxtar respublika rəhbəri tərəfindən idmana və idmançılara göstərilən yüksək qayğının tərkib hissəsi olaraq polis əməkdaşlarının fiziki inkişafına və idman məşqlərinin keçirilməsinə də xüsusi diqqət yetirilir. Üzərimizə düşən vəzifə idman məşqlərində iştirak etmək, qarşımıza qoyulan tapşırıqları yerinə yetirməkdir.
Daxili İşlər Nazirliyinin Veteranlar Şurasının sədri, istefada olan polis polkovniki Yusif Həsənov və idman cəmiyyətinin rəisi, polis kapitanı Elməddin Abdullayev çıxış edərək Naxçıvanda idmana və idmançılara göstərilən diqqət və qayğıdan danışıb, polis idmançılarımızın təcrübələrinin ildən-ilə artdığını vurğulayıblar.
Çıxış edənlər Naxçıvan Muxtar Respublikası Daxili İşlər naziri adından idmançılara uğurlar arzulayıblar.
Yarışda 16 komandanın 100-dən çox idmançısı mübarizə aparıb. Onlar iki növdə – ağırlıq daşlarını qaldırma və qol güləşində qüvvələrini sınayıblar.
Yekun nəticəyə əsasən komanda hesabında Daxili qoşunların “Naxçıvan” Əlahiddə Əməliyyat Briqadası qalib adını qazanıb. Naxçıvan Dəmiryol Nəqliyyatında Polis Şöbəsinin komandası ikinci, Naxçıvan Şəhər Polis İdarəsinin komandası isə üçüncü olub.
Sonda qaliblər mükafatlandırılıblar.
Ceyhun MƏMMƏDOV