22 Dekabr 2024, Bazar

Naxçıvan Futbol Federasiyasında ötən ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı yığıncaq keçirilib.
Tədbiri giriş sözü ilə federasiyanın sədri Azad Cabbarov açıb.
Naxçıvan Futbol Federasiyasının sədr müavini Sakit Rzayev çıxış edərək bildirib ki, iyul ayındakı struktur dəyişikliyindən sonra federasiyada muxtar respublikada futbolun yüksəlişinə xidmət edəcək 5 illik plan və strategiyanın təsdiqi ilə yeni bir mərhələnin əsası qoyulub. Azyaşlılar arasında liqaların təşkil olunması, həvəsləndirici və maarifləndirici layihələrin hazırlanması, məşqçilərin təkmilləşmə kurslarına cəlb olunması və digər zəruri addımların atılması hədəfi uşaq futbolunun yaxın 5 ildəki inkişaf perspektivini müəyyən etdi. Proqrama uyğun olaraq bu müddət ərzində alt yaş qruplarında yetişən istedadlı futbolçular əsas komandaya cəlb olunacaqlar. Uşaq futbolu ilə yanaşı, ümumi inkişafa xidmət edəcək məsələlər də proqramda öz əksini tapır.

Naxçıvan Futbol Federasiyasının böyük məşqçisi, “Araz-Naxçıvan” peşəkar futbol klubunun baş məşqçisi Əsgər Abdullayev çıxışında diqqətə çatdırıb ki, ötən il “Araz-Naxçıvan”ın heyətində bir sıra dəyişikliklər edilib. Seleksiya məqsədilə keçirilən məşqlərdə 35-ə yaxın futbolçu iştirak edib. Bu müddət ərzində “Araz-Naxçıvan” 9 oyun keçirib və bunların hamısında meydanı qələbə ilə tərk edib. Naxçıvan Muxtar Respublika çempionatında qış fasiləsinin olmasına baxmayaraq, komanda məşqlərini davam etdirir. Aparılacaq məşqlərdən sonra komanda Türkiyədə 2 yoldaşlıq görüşü keçirməyi planlaşdırır. Eyni zamanda Naxçıvan Muxtar Respublika Stadionunda 2000-2005-ci illər təvəllüdlü futbolçuların seleksiya məşqləri aparılıb.
Əsgər Abdullayev qeyd edib ki, hesabat dövrü ərzində Şərur, Kəngərli və Culfa rayonlarında keçirilən məşqlərdə iştirak edilib, məşqçilərlə söhbətlər aparılıb və onlara düzgün məşq keçmələri üçün AFFA-nın aşağı yaş qrupları üçün tərtib etdiyi elit-məşq kitabları təqim edilib. Geridə qoyduğumuz müddət ərzində veteran futbolçularla ­görüşlər keçirilib.
Digər çıxışlardan sonra federasiya sədri Azad Cabbarov diqqətə çatdırıb ki, Naxçıvan Muxtar Respublikası XVII və XVIII Futbol çempionatlarının dövrə oyunları oynanılıb, muxtar respublikada fəaliyyət göstərən dövlət və özəl təşkilatlar arasında ilk dəfə futzal liqası və 2019-2020-ci il futzal mövsümündə “Badamlı Naxçıvan Kuboku” uğrunda yarışa start verilib. Orta məktəblərdə çalışan bədən tərbiyəsi müəllimlərinin futbol biliklərinin artırılması məqsədilə “D” kateqoriyalı məşqçi kursu, gənc­lərdən ibarət kənd komandaları arasında futbol üzrə şəhər və rayon birincilikləri, futbol hakimləri üçün seminarlar, Şərur Olimpiya İdman Kompleksində 13-14 yaşlı futbolçulardan ibarət Naxçıvan yığmasının təlim-məşq toplanışı keçirilib.
Qeyd olunub ki, 13-14 yaşlı futbolçular arasında “Nakhchivan CUP-95” beynəlxalq turnirində “Araz-Naxçıvan” futbol klubunun iştirakı təmin edilib, Bakı şəhərindən dəvət olunmuş təcrübəli hakimlər tərəfindən muxtar respublika hakimləri üçün kurs keçirilib. Görülən işlərin nəticəsidir ki, artıq federasiyada hakimlərin sayı 30-a çatdırılıb.
Azad Cabbarov dövlət idman siyasəti çərçivəsində qarşıya qoyulmuş tələb və tapşırıqları 2020-ci ildə də uğurla icra etməyə çalışacaqlarını diqqətə çatdırıb, yaradılan şəraitə görə muxtar respublika rəhbərinə minnətdarlığını bildirib.
Sonra məşqçilərin fikir və təklifləri dinlənilib.
Yığıncaqda Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının referi statusunu alanlara nişanlar təqdim olunub.

*   *  *

Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyasında keçirilən yığıncağı giriş sözü ilə açan federasiyanın sədr müavini Aydın Mirzəyev bildirib ki, Voleybol Federasiyası tərəfindən muxtar respublika üzrə 2019-cu il ərzində 1 çempionat, 1 turnir, 3 muxtar respublika, 8 rayon birinciliyi, 20 yoldaşlıq görüşü, ümumilikdə, 33 idman tədbiri keçirilib. Eyni zamanda federasiyanın 2000-ci il təvəllüdlü voleybolçularından Uğur Qədimov və Mirhasil Seyidov Azərbaycanın yeniyetmələrdən ibarət voleybol üzrə yığma komandasına dəvət alıblar. Hazırda təlim-məşq toplanışlarına qatılır və Avropada keçirilən yarışlarda Azərbaycanı təmsil edirlər.
Çıxışın sonunda dövlət idman siyasəti çərçivəsində qarşıya qoyulan tələb və tapşırıqların bundan sonra da layiqincə yerinə yetiriləcəyinə əminlik ­bildirilib.
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman nazirinin müavini Məcid Seyidov çıxışında qeyd edib ki, Voleybol Federasiyası 2019-cu ildə öz işini verilmiş tapşırıqlara əsasən qurub. Muxtar respublikamızda 4537 idmançı 314 qrupda bu idman növü ilə məşğuldur. Çıxışda Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin Voleybol Federasiyası ilə birgə idmanın bu növünü inkişaf etdirmək və kütləviliyinin təmin edilməsi məqsədilə həyata keçirdiyi çoxsaylı tədbirlər barədə məlumat verilib.
Sonra məşqçilərin fikir və təklifləri dinlənilib.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR