Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə hakimlər üçün Şərur Olimpiya İdman Kompleksində keçirilən 5 günlük təlim-məşq toplanışı başa çatıb.
Gənclər və İdman naziri, Naxçıvan Futbol Federasiyasının sədri Azad Cabbarov hakimlərlə görüş zamanı regionun və ümumilikdə, ölkənin futbol mühiti, inkişaf perspektivləri ilə bağlı fikirlərini bölüşüb. Qazanılan uğurlarla yanaşı, daha yüksək hədəflərin reallaşması üçün regional idman federasiyalarının da böyük məsuliyyət daşıdığını diqqətə çatdıran federasiya sədri bu istiqamətdə birgə və səmərəli fəaliyyətin önəmli olduğunu deyib.
Bildirilib ki, bu gün Naxçıvanda futbolun inkişafı, kütləviliyinin təmin olunması üçün lazımi şərait yaradılıb. Məşqçi-müəllimlər, eləcə də bu sahə ilə yaxından maraqlananlar bundan səmərəli istifadə edərək muxtar respublikada futbolun inkişafına töhfə verməlidirlər. Ötən dövr ərzində futbolun müəyyən istiqamətlərində layihələr, yarışlar, kurs və seminarlar təşkil olunub. Ölkə futboluna inteqrasiya prosesləri muxtar respublikada bu sahənin inkişafına mühüm töhfədir. Altı aya yaxın bir zamanda müntəzəm şəkildə keçirilən seminar, kurs və taktiki-texniki məşğələlər nəticəsində Naxçıvan futboluna yeni hakimlər cəlb olunub.
Təlim-məşq toplanışı məqsədilə Bakıdan dəvət olunan qonaqlara təşəkkür edən federasiya sədri hakimlərin mütəxəssislərimizin bilik və bacarıqlarından maksimum yararlanmalı olduqlarını, gələcək perspektivləri nəzərə alaraq xarici dil biliklərinə yiyələnmələrinin vacibliyini deyib. Uğurlu karyera qura bilmələri üçün onlara hər cür şərait yaradılacağı, dəstək veriləcəyi diqqətə çatdırılıb.
Görüş zamanı FİFA referiləri Anar Salmanov, Ömər Paşayev və fiziki hazırlıq üzrə məşqçi Rüstəm Rüstəmli Naxçıvan futbolunun inkişafında göstərdikləri xidmətlərə görə təltif olunublar. AFFA Hakimlər Komitəsinin üzvü Anar Salmanov göstərilən diqqətə görə minnətdarlıq edərək Naxçıvan hakimlərinin peşəkar səviyyəyə çatması üçün bundan sonra da səylə çalışacaqlarını deyib. Mövcud imkanlar, görülən işlər və gələcəklə bağlı inkişaf perspektivləri barədə məlumatlar diqqətə çatdırılıb.
Ceyhun MƏMMƏDOV