Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) dəstəyi, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Futbol Federasiyasının (NFF) təşkilatçılığı ilə Şərur Olimpiya İdman Kompleksində hakimlər üçün təlim-məşq toplanışı keçirilir.
Bu məqsədlə AFFA Hakimlər Komitəsinin üzvü, FİFA referisi Anar Salmanov, digər FİFA dərəcəli hakim Ömər Paşayev və fiziki hazırlıq üzrə məşqçi Rüstəm Rüstəmli muxtar respublikada səfərdədirlər. Toplanışa Region Liqa Naxçıvan Zonasının oyunlarını idarə edən 15 hakim qatılıb.
Öncəki kurs və seminarlarda olduğu kimi, Naxçıvanda futbol hakimliyinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlim-məşq toplanışı plana uyğun olaraq gün ərzində seminar, taktiki-texniki və fiziki hazırlıq məşqlərini əhatə edir.
Hakimlərin hazırkı durumu və keçirilən təlim-məşq toplanışı barədə FİFA referisi Anar Salmanovun fikirlərini öyrəndik: “Naxçıvanda hakimliklə bağlı sıx qrafiklə çalışırıq. Əvvəl bura gələrkən seminarlara 10 hakim qatılırdı, indi isə onların sayı çoxalıb. Verilən qərara əsasən futzal və futbol matçlarını idarə edən referilər artıq bölünüb. Təlim-məşq toplanışında daha çox üstünlük fiziki yükləmələrə verilir. Çünki növbəti oyunlara kimi hakimlərimiz tam olaraq hazır vəziyyətdə meydana çıxmalıdırlar. Bununla yanaşı, nəzəri seminarlarda matçları analiz edir, idarəçiliklə bağlı mənfi, müsbət cəhətlərini onların özlərinə çatdırırıq. Gələcək oyunlarda bu təhlillərin faydası çox olacaq. Çünki biz onlara birbaşa hakimlik etdikləri matçlarda yaşananlar üzərindən fikir bildirdik. Bu vəziyyətdə hakimlər öz səhvlərini daha yaxşı anlayır və gələcək oyunlarda daha diqqətli olurlar. Məqsədimiz hakimlərin nəzəri və praktik cəhətdən özlərini inkişaf etdirmələrinə nail olmaqdır. Muxtar respublikada hakimlərə artıq oyun qaydaları ilə bağlı kitablar paylanılıb. Bundan əlavə, kurs və seminarlarda mütəxəssis rəyləri, tövsiyələri və fikirləri onların peşəkar hakimlik istiqamətində inkişaf etməsinə öz töhfəsini verəcəkdir. Bu gün muxtar respublikada AFFA və NFF-nin əməkdaşlığı nəticəsində bölgədə futbol hakimliyi ilə bağlı önəmli addımlar atılır və atılmaqdadır. Biz mütəxəssislər də əlimizdən gələni edirik ki, Naxçıvanda bacarıqlı, istedadlı hakimlər formalaşsın. Onların da özlərini inkişaf etdirmələri üçün səy göstərmələri, peşəkar istiqamət almaları bizi sevindirir. Səhvlər qaçılmazdır, hər bir insan kimi hakimlər də yanlış qərarlar qəbul edir, amma peşəkar cəhətdən yanaşsaq, hakimlikdə səhvlər minimum həddə çatdırılmalıdır. Zaman keçdikcə, bu amilin də öz həllini tapacağına inanıram”.
Qeyd edək ki, təlim-məşq toplanışı bu gün başa çatacaq.
Ceyhun MƏMMƏDOV