22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikasında “Turan” adlı yeni fitnes zalı fəaliyyətə başlayıb.

Müasir standartlara cavab verən fitnes zalının açılış mərasimində Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov, Bakı şəhərindən dəvət olunmuş Zaqafqaziya və Avropa çempionu, Dünya birinciliyinin mükafatçısı Vüqar Verdiyev, məşqçilər və idmançılar iştirak ediblər.

Açılış mərasimində çıxış edən Gənclər və İdman naziri Azad Cabbarov bildirib ki, muxtar respublikamızda idmanın inkişafı istiqamətində mühüm işlər görülür. Uşaq, yeniyetmə və gənclərin sağlam fərd kimi formalaşması, onların peşəkar idmançı kimi yetişməsi üçün Naxçıvanda müasir standartlara cavab verən idman zalları, olimpiya idman kompleksləri, mini stadionlar, eləcə də böyük meydançalar istifadəyə verilib. Bunun nəticəsidir ki, idmançılarımız çıxış etdikləri beynəlxalq turnirlərdə böyük uğurlara imza atır, ildən-ilə qazanılan medalların sayı çoxalır.

Nazir vurğulayıb ki, Naxçıvanda fəaliyyətə başlayan idman zallarının sayı gündə-günə artmaqdadır. Bu da muxtar respublikamızda idmana və idmançılara göstərilən qayğının bariz nümunəsidir. Bu gün fəaliyyətə başlayan yeni zalda idmançıların məşq etmələri üçün ən müasir avadanlıqlar quraşdırılıb.

Gələcəkdə bu zaldan böyük idmançıların yetişəcəyinə əminliyini qeyd edən Azad Cabbarov məşqçi və idmançılara karyeralarında uğurlar arzulayıb.

Vüqar Verdiyev isə çıxışında son illər muxtar respublikada idmanın inkişafı üçün aparılan işlərdən danışıb, yeni idman mərkəzində gənclərimizin əzələlərini inkişaf etdirməsi üçün lazım olan bütün qurğuların mövcudluğunu vurğulayıb.

Müasir idman avadanlıqlarından əlavə “Turan” fitnes zalından idmançılar təmiz soyunma otağı, duşlar, hamam xidmətlərindən, həmçinin “Vitamin bar”da olan təbii idman qidalarında istifadə edə bilərlər. Zal həftənin bütün günləri fəaliyyət göstərir.

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikada bodibildinq idman növünə olan marağı daha da gücləndirmək məqsədilə məşqçi və idmançılar üçün seminar keçirilib. Keçirilən seminarın əhəmiyyəti barədə danışan Vüqar Verdiyev məşqçi-müəllimlərə və idmançılara bu növün sirləri barədə məlumat verib.

Sonra məşqçi və idmançıları maraqlandıran suallar cavablandırılıb.

Ceyhun Məmmədov

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR