5-6 dekabr tarixlərdə Naxçıvan Muxtar Respublika Stadionunda Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Hakimlər Komitəsinin sədri Fritz Stuxlikin keçdiyi seminarın ikinci günündə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman nazirinin müavini Mirməcid Seyidov da iştirak edib. O, nazirlik adından qonaqlara minnətdarlıq edərək bildirib ki, AFFA ilə uğurlu əməkdaşlıq sayəsində yerli hakimlərin bilik və bacarıqlarının artırılması, bu sahədə püxtələşmələri üçün məqsədyönlü addımlar atılır. Naxçıvanda digər idman növləri ilə bərabər, futbolun inkişafına da xüsusi diqqətlə yanaşılır.
Ötən dövr ərzində görülən işlərdən bəhs edən Mirməcid Seyidov nazirliyin AFFA və Naxçıvan Futbol Federasiyasının (NFF) plan və strategiyasını dəstəklədiyini bildirərək uğurlu gələcək naminə atılan addımların bəhrəsini verəcəyinə inamını ifadə edib. Daha sonra qonaqlara nazirliyin hədiyyə və plaketləri təqdim olunub.
Naxçıvanda olmaqdan məmnunluğunu bildirən Fritz Stuxlik regionda futbolun inkişafı üçün əlverişli şərait yaradıldığını və bu sahənin bir parçası olan hakimliyin də paralel olaraq inkişafının sevindirici olduğunu deyib. Gələcək hakimlər arasında gənclərin üstünlük təşkil etməsi perspektivləri daha da artırır. Məqsədimiz ölkə və beynəlxalq səviyyəli hakimlərin formalaşmasına nail olmaqdır. Göstərilən diqqət və qayğıya görə minnətdarlıq edən komitə sədri Naxçıvanda yerli hakimlərin istənilən səviyyədə yetişmələri üçün əlindən gələni edəcəyini deyib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının Azərbaycan Futbol Federasiyaları Assosiasiyası ilə birgə əməkdaşlığı nəticəsində yerli hakimlərin sayı 30-a çatıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin
mətbuat xidməti