Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) Hakimlər Komitəsinin sədri avstriyalı Fritz Stuxlik hakimlər üçün seminarda iştirak etmək məqsədilə muxtar respublikamıza gəlib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, AFFA və Naxçıvan Futbol Federasiyasının təşkilatçılığı ilə keçirilən seminarda komitə sədri çıxış edərək bildirib ki, seminarın keçirilməsində məqsəd hakimlərin bu sahədəki bilik və bacarıqlarının təkmilləşdirilməsidir. Gənc ədalət təmsilçilərinin qatıldığı seminarda oyunlar zamanı mübarizə epizodları, penalti zərbələri, oyundankənar vəziyyətlərin qaydaları, həmçinin muxtar respublika çempionatının son turunda qeydə alınmış maraqlı məqamlardan ibarət videoçarxlar nümayiş etdirilib, müzakirələr aparılıb.
Sonra Fritz Stuxlik oyun qaydalarına edilmiş əlavə və dəyişikliklərlə bağlı ətraflı məlumat verib. Qeyd edək ki, seminar iki gün davam edəcək.
Keçirilən oyunlardan sonra Hakimlər Komitəsinin sədri Fritz Stuxlikin fikirlərini öyrəndik: “Burada əsas vəzifəm hakimliklə bağlıdır, yəni əsas işim hakimliyin səviyyəsini yüksəltmək, inkişaf etdirmək, bildiklərimizi öyrətmək və səhvləri müzakirə etməkdir. Naxçıvan çempionatındakı oyunları izlədikdən sonra iclasımız olacaq. Çempionat oyunlarından, eyni zamanda digər beynəlxalq turnirlərdən olan videoyazıları izləyib oyunda baş verən hadisələri, qayda pozuntularını analiz edəcəyik. Naxçıvanda izlədiyim oyunlarda ən çox məni gənc hakimlərin fəaliyyəti sevindirdi. Onların gənc, sağlam, idmançı görkəmində olmaları yaxşı haldır. Bu həm də gələcək üçün atılmış ən mükəmməl addımdır. Naxçıvan Futbol Federasiyasının bizimlə birgə çalışması, əməkdaşlıq etməyimiz sevindirici haldır. Hakimlərimizin bura tez-tez gəlmələri, seminarlarda iştirak etmələri gələcəkdə muxtar respublikada futbol və hakimliyin səviyyəsini xeyli yüksəldəcək. Bu işdə diqqət yetiriləcək məqamlardan biri gənc referilərin yol verdikləri səhvlərə həssaslıqla yanaşmaqdır. Nəzərə almaq lazımdır ki, burada insan amili var və bu, normaldır. Həmin səhvlər zaman keçdikcə azalacaq, eyni zamanda bu səhvlərin aradan qaldırılması onların gələcəkdə püxtələşmələrinə səbəb olacaq. Qarşıdakı aylar üçün biz planlar hazırlamışıq və məqsədimizə qısa vaxt ərzində çatacağımıza inanıram. Yerli federasiyanın futbolun inkişafı üçün atdığı addımlar təqdirəlayiqdir. Futbol Federasiyanızın bu cəhdi, eləcə də AFFA-nın dəstəyi, birgə işi sayəsində futbolun qısa zamanda Naxçıvanda inkişaf edəcəyinə əminəm. Mən futbolu dəstəkləmək üçün hamını oyunlara dəvət edirəm. Belə gözəl məkanda futbolun inkişafına azarkeşlər də öz dəstəyini verməlidirlər”.
Ceyhun MƏMMƏDOV