Məşqlərini gündə 2 dəfə İbrahimxəlil Axundlu adına Naxçıvan Muxtar Respublika Stadionunda davam etdirən “Araz-Naxçıvan” futbol komandası avqustun 26-da Türkiyəyə təlim-məşq toplanışına yollanacaq. Təlim-məşq toplanışı Ərzurum şəhərindəki “Ərzurumspor” klubunun idman bazasında keçiriləcək.
32 nəfərlik heyətlə qardaş ölkəyə yollanacaq Naxçıvan təmsilçisi orada 2 yoldaşlıq matçı keçirməyi planlaşdırıb. Avqustun 27-də yerli “Ərzurumspor”la qarşılaşacaq “Araz-Naxçıvan” 2 gün sonra Rza Çalımbayın baş məşqçisi olduğu “Çaykur Rizespor”la görüşəcək. 10 günlük Ərzurum hazırlığının ardından komandamız Naxçıvana geri dönərək məşqləri yerli arenada davam etdirəcək.
Yerli azarkeşlər önündə komandanın daha bir yoldaşlıq matçı keçirməsi də planlaşdırılıb.
Həmçinin komanda bu günlərdə texniki heyəti də komplektləşdirib. Son iş yeri “AZAL” klubu olan həkim Sədi Məmmədov komandanın həkimi təyin olunub. “Turan”da çalışmış Rəşid Qayfulin isə “Araz-Naxçıvan”da masajçı kimi fəaliyyət göstərəcək.
Ceyhun MƏMMƏDOV