Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Paralimpiya və Atıcılıq federasiyalarının birgə təşkilatçılığı ilə Atıcılıq Mərkəzində 12 Noyabr – Konstitusiya Günü münasibətilə sağlamlıq imkanları məhdud Azərbaycan Vətən müharibəsi iştirakçıları və onlara bərabər tutulan şəxslər arasında peyntbol üzrə muxtar respublika birinciliyi keçirilib. Birincilikdə 8 komandada 40 nəfər iştirak edib.
Oyunların yekun nəticəsinə əsasən Sədərək rayon, Naxçıvan şəhər və Şahbuz rayon komandaları müvafiq olaraq ilk üç pillədə qərarlaşıblar.
Mükafatlandırma mərasimində Gənclər və İdman naziri Azad Cabbarov iştirakçıları Konstitusiya Günü münasibətilə təbrik edib, muxtar respublikada göstərilən diqqət və qayğı nəticəsində idmanın dinamik inkişaf etdiyini vurğulayıb.
Atıcılıq Federasiyasının sədri Səhət Həbibbəyli çıxışında sözügedən idman növünün muxtar respublikada təbliğ olunduğunu, rayonlarda da atıcılıq üzrə idman klublarının yaradıldığını, TİR meydançalarının formalaşdırılması istiqamətində işlərin diqqətdə saxlanıldığını qeyd edib.
Paralimpiya Federasiyasının sədri Nicat Babayev isə muxtar respublikada hər yaş kateqoriyasından olan sağlamlıq imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiyası istiqamətində federasiya tərəfindən davamlı olaraq bir sıra idman yarışlarının keçirildiyini bildirib.
Qaliblərə təşkilatçılar tərəfindən diplom, medal, kubok, mərmi kuponları və hədiyyələr təqdim olunub.
Naxçıvan Muxtar Respublikası Gənclər və
İdman Nazirliyinin mətbuat xidməti