22 Dekabr 2024, Bazar

9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunan oyun Naxçıvan Muxtar Respublika Stadionunda keçirilib. Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri, Naxçıvan Futbol Federasiyasının sədri Azad Cabbarov oyundan öncə veteran futbolçularla görüşüb. Ölkəmizdə, eləcə də muxtar respublikada idmanın bütün sahələrinə olduğu kimi, futbola da xüsusi önəm verildiyini bildirən Gənclər və İdman naziri bölgədə futbolun yüksəlişi üçün dövlətimizin dəstəyi ilə məqsədyönlü addımlar atıldığını diqqətə çatdırıb.

Veteran futbolçuları burada görməkdən çox məmnun olduğunu ifadə edən Azad Cabbarov onlara Azərbaycan futbolunun inkişafındakı xidmətlərinə görə minnətdarlıq edərək dostluq görüşündə uğurlar arzulayıb.
Sonra oyuna start verilib. İlk hissədə azarkeşlər maraqlı oyun izləsələr də, hər iki tərəfin qol cəhdləri bəhrəsiz qalıb. İkinci hissədə hücumların kəsərini artıran futbolçularımız azarkeşləri sevindiriblər. Azərbaycan millisinin heyətindən İlham Yadullayev ilk qolun müəllifi olub. Görüşün sonlarında “Araz-Naxçıvan”dan Yunis Məhərrəmovun vurduğu qol yekun nəticəni müəyyən edib. Qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.
Oyundan sonra veteran futbolçular təəssüratlarını “Şərq qapısı” qəzeti üçün məmnuniyyətlə bölüşdülər.
Oqtay Abdullayev – Azərbaycan Futbol Veteranları İttifaqının sədri: – Uzun müddətdən sonra Naxçıvana səfər etmək, burada meydana çıxmaq gözəl hissdir. Bildiyiniz kimi, vaxtilə “Araz” komandasının da heyətində çıxış etmişəm. Ona görə də bu meydan mənə doğmadır. Bu gün keçmiş komandama qarşı meydana rəqib kimi çıxmışdım (gülür). Ancaq bu veteran futbolçularımız arasında yoldaşlıq, dostluq görüşü idi. Oyun bu baxımdan da mühüm əhəmiyyət kəsb edirdi.
Muxtar respublikanın qədim futbol ənənələri var, bu ənənələri inkişaf etdirdiyinə, veteranları daim diqqətdə saxladığına görə muxtar respublika rəhbərinə minnətdarlığımızı bildiririk. Belə oyunlar nə qədər çox olarsa, bir o qədər yaxşıdır.
Maşallah Əhmədov – veteran futbolçu: – Qədim Azərbaycan torpağında aparılan işlər məni, sözün həqiqi mənasında, təəccübləndirdi. Biz “Araz”da oynadığımız vaxtla müqayisədə Naxçıvan inanılmaz şəkildə dəyişib. Naxçıvan mənim xatirəmdə həmişə gözəl anlarla yadda qalıb. Burada oynadığım vaxt azarkeşlərin bizə davranışı, insanların qonaq­pərvərliyi haqqında hər zaman ürəkdolusu danışıram. Dekabr ayının 16-da mənim 60 illik yubileyimdir. Bununla bağlı sənədli film hazırlanır. Çox sevindirici haldır ki, məhz filmin böyük bir hissəsi Naxçıvanda çəkilir. Artıq bu oyundan öncə müəyyən kadrlar lentə alınıb və oyundakı bəzi kadrlar da filmə daxil ediləcək. Yoldaşlıq görüşünə gəlincə, mən ilk olaraq təşkilatçılara çox sağ ol demək istəyirəm. Çünki meydana çıxarkən biranlıq da olsa, keçmiş günlərimizə qayıtdıq. Eyni zamanda naxçıvanlı veteran futbolçuları, keçmiş komanda yoldaşlarımızı görmək xoş oldu.
Hüseyn Məhəmmədov – veteran futbolçu: – Qeyri-­tə­vazökarlıq kimi çıxmasın, “Araz”ın heyətində ən böyük uğura imza atan futbolçu mən olmuşam. Müstəqillik illərində komandanın çempion olan heyətində yer almaq, doğrudan da, qürurvericidir. Digər tərəfdən, mənim oğlum da iki mövsüm öncə bu komandada ənənəni davam etdirərək çempion olub. Doğrudan da, Naxçıvan bizim döyünən ürəyimizdir. Son zamanlar burada futbolun inkişaf etməsi, insanların bu növə marağının artması və kütləviliyin təmin edilməsi ­sevindirici haldır. Çünki Naxçıvandan hər zaman istedadlı, təcrübəli futbolçular çıxıb. Keçirilən oyun məni 7-8 il öncəyə apardı. Azarkeşlər qarşısında o zaman keçirdiyim hiss-həyəcanı yenidən yaşamaq mənə qürur verir. Bir daha bu oyunun təşkilatçılarına, bizi bura dəvət edənlərə minnətdarlığımı bildirirəm.
Rüstəm Rəhimov – Əməkdar idman xadimi, veteran futbolçu – Hazırda Naxçıvanda futbolçular üçün çox gözəl şərait yaradılıb. Burada mütəmadi olaraq Azərbaycanın, eləcə də Naxçıvanın futbol federasiyaları tərəfindən seminarlar, məşqçi kursları təşkil edilir. Bu, idman siyasətinin düzgün yolda olduğunu və Naxçıvanda futbolun inkişafından xəbər verir. Biz veteran futbolçular isə istəyirik ki, təcrübəmizi gənclərə ötürək. Naxçıvanı gəzmək imkanımız da oldu. Bu diyarın qısa vaxt kəsiyində nə qədər inkişaf etdiyini gördük. Belə oyunların keçirilməsi yaxşı haldır. Həm veteranlar keçmiş komanda yoldaşları ilə görüşür, həm də azarkeşlərə nostalji hisslər yaşadır. Gələcəkdə belə tədbirlərin davam edəcəyinə, veteran futbolçuların meydanda yenidən üz-üzə gələcəyinə əminəm.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR