Rumıniyanın paytaxtı Buxarest şəhərində keçirilən yaşı 20 və 23-ə qədər olan gənclər arasında ağır atletika üzrə Avropa birinciliyinə yekun vurulub.
2020-ci il Tokio Olimpiya Oyunlarına lisenziya xarakterli olan yarışda 41 ölkədən 488 atlet (206 qadın və 282 kişi) birincilik uğrunda körpücük üzərinə çıxıblar.
Qitə birinciliyində Azərbaycan yığma komandasının üzvləri də mübarizə aparıb. Yığmamızın heyətində Rumıniyaya Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Şərur rayon ağır atletika bölməsinin yetirməsi Tərmenxan Babayev də yollanıb. O, yaşı 20-yə qədər olan atletlərin yarışında 96 kiloqram çəki dərəcəsində qüvvəsini sınayıb.
Atletimiz birdən qaldırma hərəkətində 150, təkanla qaldırma hərəkətində isə 191 kiloqram çəki dərəcəsinin öhdəsindən gələrək müvafiq olaraq 8 və 4-cü yerləri tutub. Ümumilikdə, 341 kiloqram çəki dərəcəsi ilə Tərmenxan Babayev Avropa birinciliyini 7-ci pillədə başa vurub.
Gənclər arasında qitə birinciliyində iştirak etməsinə baxmayaraq, Tərmenxan Babayev iki nəticə ilə yeniyetmələr arasında Avropa rekordunu “qırıb”. Belə ki, atletimiz təkanla qaldırma hərəkətində 191 kiloqramla Avropa rekordunu (187 kiloqram) 4, toplamda 341 kiloqramla Avropa rekordunu (339 kiloqram) 2 kiloqram yeniləyib.
Ceyhun MƏMMƏDOV