22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən 13-14 yaşlı futbolçular arasında “Naxçıvan kuboku – 95” beynəlxalq turnirinə yekun vurulub.

Son turun oyunları Naxçıvan Muxtar Respublika Stadionunda keçirilib. Qalibin adı müəyyənləşsə də, digər mükafatçılar son turda məlum olacaqdı. Məhz buna görə də hər iki oyuna maraq olduqca böyük idi. 4 komandanın aktivində olan 3 xal beynəlxalq turnirin gərginliyindən xəbər verirdi.
İlk oyunda meydana “Rekord” və “Qaraqalpaqıstan” komandaları çıxıb. Özbəkistan təmsilçisi ilk iki turda məğlub olsa da, sonradan qazandığı qələbə sayəsində mükafatçılar sırasına düşməyi finala kimi saxlayıb. Azərbaycan klubunun isə gözlənilmədən son turda “Qarabağ”ı məğlub etməsi turnirə olan marağı xeyli artırdı. Odur ki, hər iki komanda oyuna sürətli hücumlarla başladı. Daha üstün oyun sərgiləyən “Qaraqalpaqıstan” komandası rəqibin müdafiə xəttini yarmaqda çətinlik çəkmədi və görüş 6:0 hesablı qələbə ilə başa çatdı.
Günün ikinci qarşılaşmasından öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Meydana çıxan “Araz-Naxçıvan” və “Qarabağ” komandaları ilk hissədə bir neçə imkandan yararlana bilmədilər. Hətta Naxçıvan klubu 28-ci dəqiqədə rəqib qapısına təyin olunan penalti zərbəsindən istifadə edə bilmədi. Bu epizodda qapıçının sərgilədiyi oyun azarkeşlər tərəfindən alqışlarla qarşılandı.

İkinci hissədə isə “Qarabağ” hakimin təyin etdiyi penalti zərbəsini dəqiq yerinə yetirdi. Bu, oyunda vurulan tək qol oldu. Həmin qələbə sayəsində “Qarabağ” aktivindəki xalların sayını 6-ya yüksəltdi və fərdi oyunlara görə turnir cədvəlinin ikinci pilləsində yer aldı.
Turnirin yekun nəticəsinə gəlincə, Özbəkistan Respublikasının “Əndican” komandası 12 xalla ilk dəfə təşkil olunan “Naxçıvan kuboku – 95” beynəlxalq turnirinin qalibi oldu. 6 xal toplayan Azərbaycanın “Qarabağ” komandası gümüş, digər özbək təmsilçisi “Qaraqalpaqıstan” komandası isə bürünc medal qazandı.
Beynəlxalq turnirin ən məhsuldar futbolçusu adına “Qaraqalpaqıstan” komandasının hücumçusu Makset Kalbayev layiq görüldü. Ən yaxşı futbolçu nominasiyasının qalibi isə “Əndican” komandasının təmsilçisi Oktam Abdulmalikov seçildi. Oyunları idarə edən hakimlər təşkilatçılar tərəfindən plaketlərlə təltif olundular. AFFA nümayəndəsinə isə təşəkkürnamə təqdim edildi. Mükafatları Naxçıvan Muxtar Respublikası Gənc­lər və İdman naziri, Futbol Federasiyasının sədri Azad Cabbarov və “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətin icraçı direktoru Kamil Yusifov təqdim etdilər. Qalib komandalara medal və kubok, eyni zamanda nominasiyanın qalibi olan futbolçulara “Naxtel”in xüsusi hədiyyələri verildi. Turnirdə iştirak edən bütün futbolçular isə Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və Futbol Federasiyasının hədiyyələri ilə mükafatlandırıldılar.
Turnirdən sonra qonaqların fikirlərini öyrəndik:
Timur Turdiyev – “Qaraqalpaqıstan” komandasının direktoru: – Turnir ərzində bizə göstərilən qonaqpərvərliyi xüsusilə qeyd etməliyəm. Onu da deyim ki, futbolçularla birgə Naxçıvanı gəzmək imkanımız oldu. Duzdağ Fizioterapiya Mərkəzi və Heydər Əliyev Muzeyinə olan ekskursiyalar, xüsusilə yadda qaldı. Naxçıvan Şərqin ən təmiz şəhəridir. Hər axşam şəhəri gəzəndə yolların təmizləndiyini görürdüm. Bura sanki mənə Avropanı xatırladır. Eyni zamanda sakit və qonaqpərvər olması bizdə dərin iz buraxdı.
Turnirdə komandam üçüncü oldu. Halbuki bu yeri də tutmaya bilərdik. Son oyuna kimi mübarizə getdi. Bu da turnirin gərgin mübarizə şəraitində keçdiyini göstərir. İndi vətənimizə bürünc medalla yollanırıq. Bu, bizim üçün böyük bir uğurdur. Gələcək illərdə də Naxçıvanla əməkdaşlığımız davam edəcək və keçiriləcək turnirlərdə muxtar respublikanın da komandasını dəvət edəcəyik. Turnirin təşkilatçıları ilə görüşümüz oldu, növbəti ildə də bu turnirdə iştirak edəcəyimizi bildirdik. Sağ olsunlar ki, onlar bu təklifimizi müsbət qarşıladılar. Hər şey üçün təşəkkürlər, Naxçıvan!
Makset Kalbayev – Turnirin ən məhsuldar futbolçusu, “Qaraqalpaqıstan”: – Bu, mənim ölkə xaricində iştirak etdiyim və ilk titul qazandığım turnirdir. Odur ki, Naxçıvanı həmişə ən xoş arzularla xatırlayacağam. Etiraf edim ki, bombardir olacağımı düşünmürdüm. Sadəcə, məni maraqlandıran komandamın qələbəsi və evə “əliboş” dönməməyimiz idi. Buna da nail olduq. Bürünc medal kifayət qədər böyük uğurdur. Son tura kimi mübarizə getdi və komandam burada fəxri kürsüyə çıxmağa müvəffəq oldu. Təşkilatçıların hər birinə təşəkkür edirik.
Oktam Abdulmalikov – Turnirin “ən yaxşı futbolçusu”, “Əndican”: – Uzun müddətdir ki, bu komandanın heyətində çıxış edirəm. Ölkədaxili və bir sıra beynəlxalq turnirlərdə mübarizə aparmışam. Deyərdim ki, Naxçıvan bunlar arasında ən yaxşısıdır. Səbəbi isə böyük futbol bazasının olmasıdır. Biz bir həftədir, Şərur Olimpiya İdman Kompleksində qalırıq. Burada insanlar bizə çox isti münasibət göstərir, hətta kompleksə gəlib bizimlə şəkil çəkdirir, bizi öz evlərinə qonaq edirlər. Bu, naxçıvanlıların necə qonaqpərvər olduğunu göstərir.
Elvin Süleymanov – “Qarabağ” Futbol Klubunun uşaq akademiyasının məsul işçisi: – Naxçıvanda ilk dəfədir ki, belə bir turnirdə iştirak edirik. Ümumiyyətlə, bura bizim klub üçün düşərli məkandır. Əsas komandamız burada Azərbaycan kubokunun qalibi olub.
Uşaq futboluna Naxçıvanda böyük diqqət göstərilir. Elə turnirin təşkilatçılığı da bunu deməyə imkan verir. Burada bizim üçün hər bir şərait yaradılıb və futbolçularımızın rahatlığı təmin olunub. Bildiyimə görə bu turnir artıq ənənə halını alacaq və hər il təşkil olunacaq. Komandamız üçün yenidən “Naxçıvan kuboku”nda iştirak etmək qürurverici olardı. “Qarabağ” ilk turnirdə gümüş medal qazandı, lakin gələcək illərdə bunu qızılla əvəzləyəcəyimizə söz verirəm. Təşkilatçılara bir daha minnətdarlığımızı bildirirəm.

 Ceyhun MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR