Avqustun 13-də “Araz-Naxçıvan” futbol komandası böyük bir azarkeş kütləsini stadiona toplamağı bacardı. Naxçıvan Muxtar Respublika Stadionunda qırmızı-ağlar Neftçalanın eyniadlı komandasını qəbul etdi. Yoldaşlıq görüşü çərçivəsində keçirilən matçla “Araz-Naxçıvan” futbol klubu ictimaiyyətə təqdim olundu.
Darıxan azarkeş
Yeni təmirdən çıxmış stadiona bu qədər azarkeşin gələcəyi gözlənilən idi. Naxçıvanlılar yeni formalaşdırılmış komandalarının mükəmməl oyununa şahidlik etmək istəyirdilər. İnsanların sevimli komandalarına dəstək vermək üçün arenaya böyük ümidlə gəldiklərini sezmək çətin deyildi. Bir vaxtlar “Araz” deyə hayqıran azarkeşlər bu səsi yenidən muxtar respublikadan kənara duyurmaq istəyirdilər.
Əsgər Abdullayevin “drujinası” böyük kütlə qarşısında işinin çətin olacağını bilirdi. Onlara Naxçıvanda futbolun inkişafı üçün hansı tədbirlərin görüldüyünü izah etməyə ehtiyac yox idi. Çünki görülən işlər, həyata keçirilən yenidənqurma tədbirləri, formalaşan mükəmməl struktur göz qabağındadır. Xüsusilə ölkə başçısı cənab İlham Əliyevin regionlarda futbolun inkişafı üçün imzaladığı müvafiq sərəncamdan sonra muxtar respublikada da bu sahədə xeyli işlər görülüb.
Yeni formalaşan və öz dəst-xətti ilə seçilən “Araz-Naxçıvan” futbol komandası bu qayğının nəticəsində yenidən böyük futbolu Naxçıvana qaytardı. Muxtar respublika əhalisinin futbol üçün nə qədər darıxdığı “Neftçala” ilə keçirilən matçda özünü bir daha göstərdi.
Təcrübəli rəqib
“Neftçala” son illər yaradılan və sürətlə püxtələşən bir komandadır. Belə bir rəqiblə ilk oyun keçirmək, təbii ki, heç də asan deyildi. Rəqibin heyətində Premyer-Liqa, həmçinin uzun illər birinci divizion təcrübəsi olan futbolçuların yer alması “Araz-Naxçıvan”ı çəkindirmədi. Çəkinmək üçün bir səbəb də yoxdur. Komandada hər şey var: təlim-məşq toplanışı keçmək üçün baza, mükəmməl arena, böyük azarkeş kütləsi və təcrübəli məşqçi...
Ənənəsinə sadiq Əsgər Abdullayev
Əsgər Abdullayevin hansı karyeraya malik olduğu hamıya məlumdur və o, ilk dəfə olaraq birinci divizion komandasının “sükanı arxasında” əyləşib. Çalışdırdığı digər klublara baxsaq, Ə.Abdullayevin həmişə yeni bir heyət, necə deyərlər, sıfırdan bir komanda yaratdığını görərik. Ancaq muxtar respublika klubu digərlərindən fərqlidir; burda hər kəs uğura köklənib və hər hansı bir uğursuzluqda günahın məşqçidə olacağını deməkdən başqa yol qalmayacaq. Çünki mövsüm öncəsi baş məşqçi açıqlamalarında klubun ideal hala gətirilməsi üçün hər bir şəraitin olduğunu dedi.
“Neftçala” ilə matçda yaddaqalan hadisələrdən biri də azarkeşlərin komandaya nə dərəcədə bağlı olduğunu göstərməsi oldu. Digər tərəfdən, oyunda lotereya kimi oynanılan avtomobil futbolu kütləviləşdirmək üçün atılan ən uğurlu addım idi. Əsgər Abdullayevin, həmişə olduğu kimi, yenə rəqibi əks hücumlarda tutmaq planının “Araz-Naxçıvan”a da sirayət etdiyi diqqətdən yayınmadı. 4-5-1 taktiki sxemi ilə meydana çıxan Naxçıvan təmsilçisində bir çox təcrübəli futbolçunun zəif təsir bağışlaması Ə.Abdullayevi də razı salmırdı. Yalnız Mikayıl Rəhimovun inamlı çıxışı alqışlarla qarşılandı.
İlk hissədə “Neftçala” iki dəfə hesabı aça bilərdi. Ancaq qapıçının mükəmməl oyunu bir anda stadiona toplaşan fanatları coşdurdu. İkinci yarı isə komandamız üçün uğursuz başladı. 60-cı dəqiqədə sağ cinahdan edilən asmanı başla qola çevirən Amil Yunanov arenada ilk qol vuran futbolçu kimi də tarixə düşdü. Qapıçı Nicat Əliyev bu zərbəyə qarşılıq versə də, sonda topu tordan çıxartmaq məcburiyyətində qaldı. Ruhdan düşməyən “Araz-Naxçıvan”ın futbolçuları tablodakı birləri bərabərləşdirməyə müvəffəq oldular. 89-cu dəqiqədə topa cərimə meydançasında əllə toxunan rəqib komandanın futbolçusu penaltiyə səbəb oldu. Rəhman Musayev təyin olunmuş zərbəni dəqiq yerinə yetirdi: 1:1.
Ümumi mənzərə
Oyunu ümumi analiz etdikdə “Araz-Naxçıvan”da çatışmayan cəhətlərin olduğu diqqətdən yayınmadı. İlk olaraq, komanda hücum xəttində “dişsizdir”. Hücüm xəttinin tək David Canalidzenin (Qəhrəmanovun) üzərində qurulması oyunda komandanın qol vura bilməməsinə səbəb oldu. Mövsüm ərzində daha iddialı klublara qarşı gürcü forvard belə oyun nümayiş etdirərsə, o zaman “Araz-Naxçıvan” qol yollarında xeyli çətinlik çəkəcək.
Matçda görünən tərəf o oldu ki, Əsgər Abdullayev bütün oyunu Emin İmaməliyevin üzərində qurub. Veteran futbolçunun yarımmüdafiə xəttində işi hücumçular və cinah yarımmüdafiəçilərini topla təmin etmək idi. Ancaq “Neftçala” ilə matçda Eminin bir qədər inamsız oynadığı hamını məyus etdi.
Mikayıl Rəhimovun başçılıq etdiyi müdafiə xətti isə soyuqqanlı hərəkətləri ilə alqışlandı. Təcrübəli futbolçu xüsusilə hava toplarında rəqibdən üstün olduğunu göstərdi. Odur ki, Ə.Abdullayevin bu ampulada seçiminin doğru olduğu özünü bir daha büruzə verdi.
Nazirliyin əməyi
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi “Neftçala” ilə keçirilən matçda azarkeşlərə futbol bayramı hədiyyə etmək üçün maraqlı addım atmışdı. Belə ki, qurum oyun çərçivəsində “NAZ Lifan-320” markalı avtomobilin uduşa qoyulduğu lotereya oyunu keçirdi. Lotereya oyununun qalibi isə Naxçıvan şəhər sakini Əsgər Seyidov oldu. Onun adı “Araz-Naxçıvan”ın ilk ev matçında evə avtomobillə qayıdan fanat kimi yaddaşlara həkk edildi.
Oyundan sonrakı fikirlər...
Əsgər Abdullayev (“Araz-Naxçıvan”ın baş məşqçisi): “Maraqlı oyun keçdi. Əminəm ki, Naxçıvan azarkeşləri cansıxıcı oyun izləmədilər. Oyun ərzində biz daha çox təhlükəli epizodlar yaratdıq, ancaq ilk qol rəqibdən gəldi. Buna baxmayaraq, biz təcrübəli rəqibimizə qarşı sonadək mübarizə aparmağı bacardıq və ikinci hissədə istəyimizə çatdıq. İlk oyunun heç-heçə bitməsini qənaətbəxş hesab edirəm. Komanda oyun ərzində bəzi səhvlər etdi, lakin ümumi oyun baxımından yetirmələrimdən razı qaldım”.
Bəhram Şahquliyev (“Neftçala”nın baş məşqçisi): “İlk yoldaşlıq görüşündə “Araz-Naxçıvan”ın “Neftçala”nı seçməsi bizi çox sevindirdi. Komanda gözlədiyimizdən daha yaxşı oyun nümayiş etdirdi. Rəqibimizi göstərdiyi oyuna görə təbrik edirəm. Mövsüm ərzində “Araz-Naxçıvan”a qarşı oynamaq digər klublar üçün də çox çətin olacaq”.
Mikayıl Rəhimov (“Araz-Naxçıvan”ın futbolçusu): “Birinci oyunumuz idi və bu oyunu göstərdiklərinə görə hər bir futbolçumuza təşəkkür edirəm. Oyunun ilk hissəsində bir az həyəcan var idi, ancaq ikinci yarıda toparlandıq və yaxşı oyun oynadığımızı düşünürəm. Bizim indi hədəfimiz çempionatın qalibi olmaq və gələn mövsüm Premyer-Liqada iştirak etməkdir”.
Elgün Abbaslı (“Araz-Naxçıvan”ın futbolçusu): “Komandamız yenidir və formalaşmaqdadır. Rəqib isə uzun müddətdir, yaranıb, futbolçuları artıq bir-birlərinə bələddirlər. “Araz” bu oyunda yaxşı oynadı, qarşıdakı matçlarda daha inamlı təsir bağışlayacağımızı düşünürəm. Azarkeşlərimizə də minnətdarlıq edirəm, bizi həmişə belə dəstəkləsinlər. Heyətimizdə yaxşı, təcrübəli futbolçular var. İlk olaraq birinci divizionda uğur qazanmaq istəyirik, daha sonra iddialı bir komanda halında Premyer-Liqada mübarizə aparmaq arzusundayıq”.
Nakim Vəliyev (“Neftçala”nın futbolçusu): “İlk dəfə idi ki, “Araz-Naxçıvan” azarkeşləri önünə çıxırdı. Bu görüşü, həmçinin hesabı onlar üçün yaxşı nəticə kimi düşünmək olar. Bunu deyim ki, “Araz” ev oyunlarında heç kimə xal verməyəcək. Bunu futbolçuların əzmkar mübarizəsi də göstərir. Öz komandamıza gəlincə, yeni mövsümə iddialı hazırlaşırıq. Klub 3 ildir, yaranıb, ancaq planlarımız böyükdür. Buna nail olacağımıza inanıram”.
Samir Abdulov (“Neftçala”nın futbolçusu): “İlk olaraq Naxçıvan futbol ictimaiyyətini, azarkeşlərini yeni yaradılan komanda münasibətilə təbrik edirəm. Böyük futbolun Naxçıvanda yenidən bərqərar olması sevindirici haldır. Təcrübəli oyunçuları var və bu heyətlə uğur qazanacaqlarına inanıram”.
P.S. Son günlər Azərbaycan futbol ictimaiyyətində ən çox müzakirə edilən məsələlərdən olan “Araz-Naxçıvan”a birinci divizionda oynamaq üçün lisenziya veriləcəkmi?” sualına artıq aydınlıq gətirilib. Belə ki, dünən AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. İclasda ötən gün ilk dəfə azarkeşlərinin qarşısına çıxan “Araz-Naxçıvan” futbol klubunun qarşıdakı mövsümdə birinci divizionda çıxış edəcəyi dəqiqləşib.
Naxçıvanlı futbolsevərlər “Araz-Naxçıvan”ın birinci divizion komandası kimi qələbə oyunlarını səbirsizliklə gözləyirlər.
Ceyhun MƏMMƏDOV