Naxçıvan Muxtar Respublikasının idman həyatında qazanılan uğurlara daha biri əlavə olunub. “Araz-Naxçıvan” Peşəkar Futbol Klubu Türkiyə Cumhuriyyətinin “Doğubəyazitspor” komandası ilə səfərdə keçirdiyi yoldaşlıq görüşündə böyükhesablı qələbə qazanıb.
Struktur dəyişikliyindən sonra Naxçıvan Futbol Federasiyası muxtar respublikamızda bu idman növünün kütləvi hal alması üçün müəyyən addımlar atır. İlk olaraq uşaq futboluna böyük önəm verən federasiya böyüklər arasında futbol və futzal birinciliklərinin startına hazırlaşır. Böyük futbol ənənəsi olan Naxçıvanda istedadlı futbolçular seçilərək əsas komandaya – “Araz-Naxçıvan”a dəvət olunur. Baş məşqçi Əsgər Abdullayevin rəhbərliyi altında isə komanda hər gün muxtar respublika stadionunda məşqlərini davam etdirir. Seleksiya xarakterli məşqlərdən sonra artıq əsas komanda formalaşdırılıb, digər komandalarla yoldaşlıq görüşləri keçirilir.
Son olaraq Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Futbol Federasiyasının birgə təşkilatçılığı ilə “Araz-Naxçıvan” futbol komandası Türkiyənin Doğubəyazit şəhərinə yollanıb. Komandamız burada ölkənin bölgəsəl liqasında mübarizə aparan “Doğubəyazit” komandası ilə yoldaşlıq görüşü keçirib.
Əslində bu görüş “qırmızı-ağlar” üçün böyük əhəmiyyət kəsb edirdi. Birincisi, federasiyada struktur dəyişikliyindən sonra komandamız ilk olaraq səfərdə meydana çıxacaqdı. Digər tərəfdən naxçıvanlı futbolçularla yeni formalaşan “Araz-Naxçıvan” ilk sınaqdan üzüağ çıxmaq istəyirdi.
Hakimin start fiti meydan sahiblərinin komandamızın qapısına ardıcıl hücumları ilə nəticələndi. İlk 15 dəqiqədə qapımıza doğru yönələn zərbələrdə dəri əlcək sahibimiz Mövlan Kərimov sayıqlığı itirmədi. “Araz-Naxçıvan”-ın heyətindəki Turqay İbrahimov və Elnur Səmədovun zərbələri isə rəqib qapıda təhlükəli anlar yaşatdı. İlk hissədə hər iki komandanın fərqlənməyə imkanları olsa da. Bundan istifadə edə bilmədilər.
İkinci hissə komandamız üçün uğurlu başladı. Künc zərbəsi zamanı hazırlanmış “ev tapşırığını” dəqiq yerinə yetirən “Araz-Naxçıvan” Ayxan Həsənovla tablodakı sıfırları dəyişməyə müvəffəq oldu. Rəqib qolun şokundan ayılmamış Vüsal Əliyev uzaqdan mükəmməl zərbə ilə hesab arasındakı fərqi ikiyə çatdırdı – 0:2. Qoldan sonra rəqibi öz cərimə meydançasında qəbul etməyə başlayan “qırmızı-ağlar” daha bir əks-hücumda penalti zərbəsi qazandı. Elnur Səmədov yaranan bu fürsətdən maksimum istifadə edərək rəqibi 3-cü dəfə mərkəzə dəvət etdi. Az sonra Səmədov daha bir qolun vurulmasında müstəsna rol oynadı. Qapıçını da geridə qoyan hücumçumuz Vüsal Əliyevə ideal ötürmə etdi. Əliyev isə öz növbəsində düblunu rəsmiləşdirməklə yanaşı, həm də oyunda son nöqtəni qoydu – 0:4.
Qələbədən sonra komandanın baş məşqçisi Əsgər Abdullayevin fikirlərini öyrəndik: “Uzun müddətdir komanda bir yerdə məşq edir. Lakin məşqlərdən daha çox oyunlarda komandanın zəif cəhətləri görünür. Buna görə də məhz rəqib kimi qonşu Türkiyənin komandasını seçdik. Çünki rəqibin sürətli və atletik futbol oynaması bizim üçün də yaxşı hal idi. Bu, üstün və zəif cəhətlərimizi daha tez sezə bilməyimizə şərait yaratdı. İlk hissədə oyuna daha çox diqtə edən tərəf meydan sahibləri idi. Bunun da səbəbi meydanın ot yox, süni olmasıdır. Buna baxmayaraq, futbolçularım oyunun gedişatını qısa vaxtda ələ almağı və qələbə qazanmağı bacardılar. Deyərdim, bu təkcə “Araz-Naxçıvan”ın yox, futbola Naxçıvanda qayğı ilə yanaşanların qələbəsidir”.
Həmçinin “Doğubəyazitspor” klubunun rəhbəri Rza Sorakın da oyun barədə fikirlərini dinlədik: “Bu, yoldaşlıq görüşündən başqa, iki dövlət arasında olan münasibətlərin nə dərəcədə yüksək olduğunu göstərən bir oyun oldu. Naxçıvan bizim üçün doğma bir məkandır. Sizləri burada görmək, sizinlə meydanda rəqib yox, qardaş olmaq bizlər üçün qürurvericidir. Oyundan öncə dediyim kimi, görüşdə futbol yox, dostluq qazandı. “Araz-Naxçıvan”ı bu qələbə münasibətilə təbrik edirik. Qarşıdakı aylarda bu ənənəni davam etdirib Naxçıvana səfər edəcəyik”.
Ceyhun MƏMMƏDOV
http://oldserqqapisi.az/index.php/idman/20125-araz-nakhdzh-van-turkiyaedaen-boeyukhesabl-zhaelaebae-ilae-zhay-d-b.html#sigProGalleriad0970af85b